>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Qəribə adam

Qəribə adam
Vüsal BAĞIRLI

Bakının sakit məhəllələrindən birində, iki “xruşşovka”nın kəsişməsindəki “arka”dan həyətə daxil olub, bir az irəli getdikdə, baxçanın arxa tərəfindəki binaya çatırıq. Bax, həmin bu binada yaşayır bizim qəhrəman. Mehmanı bir neçə ildir tanıyıram. Adətən, ilıq və günəşli havalarda o, həyətə düşərək, rəngi solmuş taxta “besedka”nın yanında dayanır. Vaxtı ilə məhəllənin ən fəal uşağı olub Mehman, diribaş, hazırcavab, yaraşıqlı birisi. Yaxşı futbol oynayarmış.Yaşıdları onu hər kəsə kömək etməyə hazır, etibarlı dost kimi xatırlayırlar. İndi o, mübtəla olduğu naməlum, sirli bir mərəzdən əziyyət çəkir, heç kəslə əl tutuşmur, paltarını təzələmir, dəyişmir. İlin bütün fəsillərində, qışın sazaqlı günündə, yayın nəfəs kəsən bürküsündə belə o, eyni qiyafədə olur. Göy köynəyin üstündən geyindiyi nazik, qolu didilmiş jaket, boz nimdaş şalvar və qara dəri ayaqqabı. Yuyunmur, təraş etmir, demək olar heç yemir də. Qoxulara qarşı həssasdır. Ona görə də çox şeydən iyrənir. Onu çıxılmaz vəziyyətə salan, diaqnozu, müalicəsi bilinməz olan xəstəliyinə görə məhəllənin hüdudlarından kənara belə çıxa bilmir.

Vaxtilə, yaxınları vaxtilə Mehmanı uzaq xaricə, müxtəlif xəstəxanalara aparsalar da xeyiri, nəticəsi olmayıb. Qəribəsi budur ki, psixoloji xəstəliklərdə daha çox rast gəlinən qaraqabaqlıq, susqunluq onda yoxdur. Əksinə, söhbətcil və ünsiyyətcildir. Sadə rəftarı, ürəyəyatımlı danışıq tərzi, intellektli zarafatları hər kəsin ürəyinə yol tapır

Anlaya bilmirsən, naxoşdursa, niyə bu cür aydın təfəkkürə, səlis nitqə malikdir, sağlamdırsa, niyə özünə bu cür əziyyət, əzab verir !? Bir dəfə, yaşlı bir qadın qızı ilə küçədən keçirmiş. Qəflətən onun halı pisləşir və səkinin kənarına yıxılır. Yanındakı gənc qız təlaşla o yan, bu yana qaçır, ətrafdakılardan kömək istəyir - onlarsa laqeydcəsinə kənara çəkilib özlərini görməməzliyə vururlar. Bu zaman, Mehman özünü yetirir. Cəld taksi çağırtdırır və onları xəstəxanaya yola salır. Hətta taksinin pulunu da ödəməyi unutmur.

Ağır xəstəliyin daha da, itiliəyib həssaslaşdırdığı fəhmi ilə, insanları tanıyıb seçməkdə Mehmana çatan olmaz. Hansısa məqamda yaxşı tanımadığım qonşum barədə təfərrüatlı xarakteristikanı məhz ondan alıram. Heç vaxt yanılmır. Budur, həmişəki kimi əynində nimdaş paltar, tüklü arıq üzündə sanki çoxdan tanıyırmışsan sayaq, mehriban bir ifadə ilə tində dayanıb. Yaxınlaşıb, hal-əhval tuturam: - Necəsən Mehman? - Sağ ol brat, yaxşılıq. Axşamkı oyuna baxdın? - Hə, təbrik edirəm, komandan yenə qələbə qazandı. Bu zaman, yanımızdan siqnal verərək ötən bahalı “Range Rove”- nin sahibini göstərərək başını bulayır və istehza ilə deyir:

- Yeni hacılardandı, ətəyində namaz da qılmaq olar

Bu insanın maraq dairəsi genişdir, əhatəlidir. Buraya siyasət, idman, teatr, kino və s. mövzular aiddir. Bəyəndiyi yazıçılar Ki de Mopassan, Lev Tolstoy, Nikolay Qoqol, xoşladığı filmlər “İnsanın taleyi” və “Durnalar uçur”dur. Onunla istənilən formada söhbət etmək mümkündür. Belə ünsiyyətdən yorulmursan, usanmırsan. Mehmanın müasir həyatda baş verən bütün yeniliklərdən məlumatı var. Elə bir sahə yoxdur ki, onun beyin süzgəcindən, aydın təfəkküründən

keçməsin. Öz-özünə sual verirsən, bütün bunları axı o, haradan bilir?! Mehmanın halına acıyan qonşular, sakinlər bəzən ona kömək üçün pul, pal-paltar, yemək verməyə cəhd göstərirlər. O, belə şeylərə biganədir. Onları çox zaman qəbul etmir, etsə də aparıb bir başqa ehtiyacı olana verir. Artıq, yaz gəlib, təbiət oyanır. Mehmanın da davranışlarında, danışığında nikbin bir canlanma, ümidverici yenilənmə hiss olunur. Budur, talenin üz çevirdiyi bu bəxtsiz insan yenə “arka”nın yanındakı həmin o yerdə dayanıb. Yaxınlaşdıqda, çevrilib mənə baxır, tanıyınca gülümsəyir. Hər il mənə verdiyi vədi təkrarlayır: - Havalar düzəlir brat, söz verirəm, bu yay mütləq paltarımı yeniləyəcəm, üzümü də qırxacam. Artıq hiss edirəm ki, sağalıram. - Əlbəttə, üstəlik cavan oğlansan, evlənə də bilərsən. Gülür. Əl edib, sağollaşıram.
Həyatsa beləcə davam edir.
Teref.info