>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Nəsib bəy Yusifbəylinin sirli qətli - II Hissə - AXC-100

Nəsib bəy Yusifbəylinin sirli qətli - II Hissə - AXC-100
Gələn il Azərbaycan tarixinin ən şanlı səhifələrindən olan Azərbaycan Cümhuriyyətinin (AXC) 100 illik yubileyi dövlət səviyyəsində qeyd ediləcək.
Modern.az saytı 1918-ci il 28 may tarixində əsası qoyulan bu möhtəşəm tarixə aid “AXC-100” silsiləsi altında hazırladığı müsahibə, araşdırma, məqalələrini davam etdirir.
Təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyətindən danışdıqda Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli kimi azsaylı insanların adlarını çəkməklə, onlar barəsində yazıları oxumaqla kifayətlənirik. Lakin heç onlar barəsində də bəzi lazımı bilgilər çox da araşdırılmayıb. Xüsusən də, ayrı –ayrı zamanlarda Cümhuriyyətin bütün yükünü çiyinlərinə alan baş nazirlər Fətəli xan Xoyski və Nəsib bəy Yusifbəylinin sirli qətlləri barəsində Azərbaycan mediasında o qədər də çox yazılara rast gəlinmir.

Modern.az saytı Cümhuriyyətin 100 illik yubileyi çərçivəsində hazırladığı yazılar seriyasından bu dəfə iki dövlət fədaisinin qətlindən danışacaq. Yazının birinci hissəsində (buradan oxu: http://modern.az/az/news/145753/#gsc.tab=0) Nəsib bəy və Fətəli Xan-Xoyskinin ölümləri barəsində bir neçə versiyaları təqdim etmişdik. Konkret olaraq Nəsib bəydən danışdıqda isə onun 1920-ci ildə Tiflisdə elə Fətəli Xan-Xoyski ilə birgə güllələndiyi versiyasını konkret mənbələrə əsaslanaraq bildirmişdik. Oradakı əsas məğz isə Nəsib bəyin ölümündə Qarxunlu Əşrəf bəyin rolunun olmaması idi.
Lakin uzun illərdir ki, Nəsib bəyin ölümü onun üzərinə yıxılır. İkinci hissədə Qarxunlu Əşrəfin Nəsib bəyi öldürüb-öldürməməsi ilə bağlı iki fərqli mənbəni təqdim edəcəyik. Hər iki mənbə tanınmış tədqiqatçılara məxsusdur. Sadəcə, hansının səhv, hansının düz olması isə hələ də sual altındadır. Əvvəlcə görək, Əşrəf bəyin özü kimdir?

Əşrəf bəy Həsən bəy oğlu Tağıyev 1867-ci ildə Şirvan dairəsinin Qarxun kəndində anadan olub. Dini təhsillə yanaşı, Tiflisdə də oxuyub. Yuxarı Qarxunda ilk rus-tatar məktəbini açan Əşrəf bəy Tağıyev 1918-20-ci illərdə rus-türk ordu komandirlərinin tərcüməçisi olub. O, Ərəş mahalının bəylərbəyi, Azərbaycan Cümhuriyyəti Parlamentinin üzvü, hökumət nümayəndəsi idi. Əşrəf bəy, həmçinin, millətçi Əhrar Partiyasının yaradıcısı olub, daşnaklarla mübarizədə böyük rol oynayıb. 1918-ci ildə Gəncəyə gedən Nuru Paşa onun evində qonaq qalıb. Əşrəf bəy Həsən oğlu Tağıyev 1930-cu ildə antisovet fəaliyyətdə ittiham olunaraq güllələnib. 1998-ci ildə bəraət alıb.

İndi isə dediyimiz iki mənbədən birinə diqqət edək. Həmin mənbə XX əsrin əvvəllərindəki Bakının, Azərbaycan tarixinin ensiklopediyası sayıla biləcək bir əsərdir. Yəqin, təxmin etdiniz- yazıçı Manaf Süleymanovun “Oxuduqlarım, eşitdiklərim, gördüklərim” kitabındandır:
“Qatar Ucar stansiyasına çatanda Müsavatın iki nömrəli lideri və hökumət başçısı Nəsib bəy Yusifbəyli vaqondan düşür, köhnə dostlarından Qarxunlu Əşrəfə pənah aparır. Tələsdiyindən Bakıdan çıxanda pul götürə bilmədiyindən istəyir Əşrəfdən borc pul götürsün. Nəsib bəyin əlində çox təmtəraqlı gözəl bir sakvoyaj olur, diqqəti uzaqdan cəlb edir. Əşrəf bəy dostu Nəsib bəyi aparır Qarxuna. Və güman edir ki, sakvoyaj qızılla doludur. Gecə vaxtı Qarxunlu Əşrəf dostu Nəsib bəyi boğub boynuna daş bağlayıb tullayır Kür çayına. Sakvoyajı açanda içində bir kostyumdan savayı heç nə olmur. 1930-cu ildə cinayətin üstü açılır və Qarxunlu Əşrəfi mühakimə edirlər».

Qarxunlu Əşrəf bəy tarixi şəxsiyyət olmasa da, bu suallara aydınlıq gətirmək üçün hərb tarixçimiz Şəmistan Nəzirli onun adına sənədli bir povest yazdı. Elə adını da “Qarxunlu Əşrəf bəy” qoydu. O povestdə kiçik bir məqama diqqət edək:

“Sədr: Söz verilir daşnak fraksiyasının üzvü Arşak Malxazyana.

Malxazyan: Ağalar, bizim erməni Milli Komitəsinin verdiyi məlumata əsasən Ağstafada polis məmurları və uryadniklər başda olmaqla 40 nəfər ermənini vəhşicəsinə döyüblər. Gəncədə bir erməni yoxa çıxıb. Ələtdə beş nəfər erməni döyülüb. Bu barədə Azərbaycan Hökumətinə məlumat verəcək və təvəqqe edəcəyəm ki, tədbir görsünlər…”

Sədr: “Natiq Malxazyan sözünə ikmal etdi. Əlavəsi olan varmı? Buyurun. Söz Hökumət üzvü Əşrəf bəy Tağıyevə verilir”.

Əşrəf bəy Tağıyev: “Ağalar, cənablar, Malxazyanın dediyi hürriyəti-şəxsiyyə barədə danışmaq istərdim. Cənab Malxazyan bilməlidir ki, Ağstafada, ya Ələtdə 3-5 erməni döyülübsə, təkcə İrəvan quberniyasında iki yüzdən çox Azərbaycan və kürd kəndləri dağılıb viran edilmişdir. Cənab Malxazyan, deyirsiniz ki, Ələtdə beş erməniyə iki şapalaq vurublar. Mən də deyirəm ki, daşnakların hücumundan qaçıb Araz çayını keçərkən 300-ə yaxın dinc müsəlman həlak olub. Hansı daha acınacaqlıdır, cənab Malxazyan?”

Malxazyan: “Mastavimə and olsun, mən bu faciələrdən xəbərdar deyiləm”.

Yuxarıdakı bənddə Əşrəf bəyin kimliyini, daxili dünyasını görmək olar. Belə bir şəxs heç vaxt Nəsib bəyə əl qaldırmazdı.

İki müəmmalı versiya

Daha doğrusu, daha iki müəmmalı versiyanı da diqqətinizə çatdıraq. Çünki Nəsib bəyin ölümü barəsində deyilən bütün sözlər zatən müəmmalarla dolu olub. Məsələn, mənbələrin birində-Şəfiqə xanımın xatirələrində guya yazılır ki, Nəsib bəy Tiflisdə öldürülüb. Qardaşı Həmid bəy bir müddətdən sonra ora gedərək, onun məzarını tapır.
Növbəti memuar mənbədə isə Nəsib bəyin ölümünün guya şayiə olduğu bildirilir. Hətta yazılır ki, qoca atası ölən günə qədər Nəsib bəyin yolunu gözləyib…