>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Güntay Gəncalpla söhbətimizin davamı Sabir Rüstemxanli

Güntay Gəncalpla söhbətimizin davamı      Sabir Rüstemxanli
4.Tarix və tarixçilər
Tarix adına iddəalı qədim, daha doğrusu, ilkin yazılar çoxunluqda olayları nağıl etmək sənətiydi... Yəni qədimin hadisələri, istər-istəməz, danışanın, yazanın-“tarixçinin” şəxsi və ya, bugünki anlayışla desək, “milli” maraq, məntiq, meyl və ehtiraslarının meyvəsi kimi yetişirdi; subyektiv yanaşmalarla, dəqiq olmayan, bəzən də əsatir, folklor səviyyəsində olan dəyərləndirmələrlə dolu olurdu.
Bu özəlliklər tarix yazarlığını - bütün tarix boyu ara verməyən bir müzakirə mövzusuna çevirmişdir. Yəni tarixi öyrənənin özünün də öyrənilməsinə və dəyərləndirilməsinə ciddi bir ehtiyac vardır. Əslində bütün böyük tarixçilər bu mövzu ətrafında düşünmüşlər. Nəyi yazdıqları və yazdıqlarının nəyə xidmət etməsi, istər tarixçi olsun, istər yazıçı, heç bir ciddi qələm sahibini rahatsız etməyə bilməz...
Tarixə yanaşmanin hamıdan tələb olunan, qanuniləşmiş metodu yoxdur. Bu, Herodot dövründə də belə idi, indi də belədir.
Daha önəmli və daha mürəkkəb bir məsələ də var. Bu da tarixşünaslığın öyrənmə obyektinin derkolunmazlığıdır; yəni bəşəriyyərin bu qədər uzun yol keçməsinə, xalqlarin qarşıdurmalarının, sivilizasiyalarin qalxma və enmələrinin, müharibələrin, hakimiyyət uğrunda mübarizələrin, bir sözlə tarixin bu qədər bənzərliklərlə, təkrarlarla dolu olmasına baxmayaraq bu proseslərin ümumu qanunauyğunluqlarını aydinlaşdırmaq mümkün olmamışdır; ya belə bir qanunauyğunluq yoxdur, ya da dünya tarixi o qədər mürəkkəb və çoxcəhətlidir ki ümumiləşmə aparrmaq mümkün deyildir. Buna görə də keçmişi öyrənən, onu gələcəyə qorumaq məqsədi güdən bu qədər kitablar yazılsa , bu qədər “nəzəriyyələr” irəli sürülsə də, tarixin başlica inkişaf modelini, onun hansı şərtlər daxilində necə gəlişdiyini ortaya qoymaq mümkün olmamışdır. Buna görə də insanlığın gələcəyini praqnozlaşdırmaq, buna cəhdlər olsa da, mümkün deyildir...
Çinli Sima San, Avropalı Avreliy Avqustin, ərəb İbn Xaldun, türk Rəşıdədin və dünyanın biri-birindən dəyərli tarixçıləri... cild-cild tarixi əsər yazmaqla yanaşı, tarixin qanunauyğunluqlarını aşkarlamağa və tarixşünaslığın metod və üsullarını buna uygunlaşdırmağa ağlasığmaz bir zəhmət sərf etmiş, qeyri-adi ağıl və səbrlə qələm çalmış, araşdırmalar aparmışlar. Hərəsi keçmişə bir yandan yanaşmışdır; biri tarixin səhvlərini, biri hadisələrin xronoloji ardıcıllığını, biri böyük köç və yerdəyişmələri, biri xalqların tarix səhnəsində enib-qalxmalarını, biri hökmdarların həyatı və idarəçiliyini, biri müharibələrin yaranma nədənləri və gətirdiyi fəlakətləri, biri inqilablarin dagıdıcılıq və quruculuq enerjisini önə çəkmişdir. Bəşəriyyətin, ayrı-ayrı cəmiyyətlərin gəlişmə qanunauyğunluqları adına onlarla ideya və “nəzəriyyə” irəli sürülüb... Bəziləri iddəa edir ki, cəmiyyət, fizika kimi, dəqiq qanunlara yaşayır; ardınca başqaları deyir ki, tarixi inkişaf heç bir bəlli qanuna və ya məntiqə sıgmır, belə bir qanun yoxdur, varsa da onu aşkarlamaq mümkün olmamışdır.
Etiraflar maraqlıdır: tarixin mənası çox böyükdür,ancaq insan ağlı onu tam dərk etmək gücündə deyil... Örnəyi: “Keçmiş-əgər onun dərinliklərinə dalsan, elə mürəkkəb şərait və səbəblərə bağlıdır ki, insan ağlı onu izah etməkdə çətinlik çəkir...” (Lev Tolstoy)
Bütün bunlar, tarixin özü kimi, tarixciliyi də çətin duruma salır; cünki öyrənilən sahənin qanunauyğunluqlari müəyyən deyildirsə, onu araşdıma metodlarında da sistem yarana bilməz və bu sahəylə bağlı əsərlər də həmişə mübahisəli olacaq...
Tarixi təbiətin bir parçası kimi öyrənmək istəyənlərin sayı-hesabı yoxdur. Yəni insan cəmiyyəti və onun tarixi də bioloji orqanizm kimi doğulur, yaşayır, ölür. Bu xəttə yaxın olan tarixçilər yer üzündə yaranmış sivilizasiyaları təbiətin konkret çağırışına cavab hesab edirlər...
Böyük köçlər, kəşflər, sənayedə inqilab, iqtisadi inkişaflar və böhranlar, dialektik materializm, modernləşmə, qiymətlərin qalxması və enməsi, demoqrafık dəyişikliklər, passionarlıq və s. Hər tarixçi cəmiyyətin inkişafına və xalqların enişi və yüksəlişinə səbəb olan gizli təkan nöqtəsini bu sayilanlardan birində axtarmışdır... Ancaq sonucda bu modellərin heç biri sivilizasiyaların və cəmiyyətlərin inkişaf və süqutunun səbəblərini, qalxma-enmə dövriliyini aça bilmir... Buna görə də son dönəmlərdə keçmışın riyazi müstəvidə öyrənilməsinə, xronologiyaların dəqiqləşdirilməsinə meyl artır. Ancaq bu tarix sadalamaları və xronologiyalar da sonda sistemsiz rəqəm zincirləməsindən başqa bir şey deyildir. Yəqin bütün bunlara görə də postmodernistlər tarixçiliyin obyektiv ola biləcəyinə ümumiyyətlə inanmırlar...
Görünür bu axtarış qısırlığının əsas nədəni tarix qapısına salınan açarlardadır. Tarixə başqa elmlərin ənənəvi açarları düşməz! Tarixi elmlərin dar çərçivələri əhatə edən, emprik qanunlarıyla dərk emək olmaz!.. Bəlkə unudulan başqa amıllər də var: Allahın iradəsi, ruh və mənəviyyat!...Yer tarixiylə kosmosun əlaqəsi!
İnsanlıq var olduqca bu axtarışların davam edəcəyi də ciddi ehtimallardan biridir; çunki yol bitməyib, bu gün yaşananlar sabahın tarıxinə cevrilir və gedişatın yeni modellərinin doğulması prosesi arasıkəsilməz və sonsuz bir işdir...
Qonşularımızın və bir sıra özünə uydurma tarixlər yaradan və bunu həqiqət kimi dünyaya yayan xalqların cild-cild yalanlarını düşünəndə yeni suallar yaranır: tarix elmdir, yoxsa incəsənət, faktların sadalanmasıdır, yoxsa sərbəst düşüncə, bədii ədəbiyyat? Əgər elmdirsə onda elmin hansı sahəsinə aiddir? Buna görə də bir sıra filosoflar tarixçiliyə ümidsiz baxırlar: ”Tarix hələ elm deyil, onu yalnız... susdurmaq yoluyla elmə çevirmək olar...”
5.Bizim tarixçiliyimiz
Bizim tarix araşdırıcılığı daha ağır yol keçib və daha çətin suallarla qarşılaşıb... Tarix araşdırmaçılığımızdan bizə əsasən iki cür örnəklər gəlib çatmışdır: 1.Saraylarda yazdırılan salnamə və mədhiyyələr; 2.Hakim din və ideyalarin “əsərlər”i... Güneydə fars şovinizmi, quzeydə rus imperiya siyasəti və sonralar marksizm ideyasınin tarix kitablarımızın çoxuna nihilist bir özünüunutqanlıq aşılamışdır... Buna görə də son ikiyüz ildə Quzey Azərbaycanda yazılanlar Rusiyanın, o tayda yazılanlar, daha çox İranıFarsistana çevirmək istəyənlərin maraqlarina xıdmət göstərmişdir.
Azərbaycan hökmdarlarının himayəsində yazılan xranologiyalar isə milli tarixin xırda epizodları və ya yarpaqlaridir.
Bu gün tarIximizə yanaşmamızın alt niyyətlərinə işıq tutmag asanlaşıb.
İndiyə kimi Azərbaycan cografiyasinda baş verən olaylarin, mövcud olmuş dövlətlərin tarixi yazılıb əsasən. Azərbaycan turk xalqının tarixi yazilmayıb, səbəbini söylədim artıq.
Tarixciliyimiz ənənəvi olaraq ərəb, fars, xristian (erməni kilsə yazıları), suriani, Avropa, rus, cin və s. mənbələrə söykənmışdir. Bu mənbələrin istisnasız hamısı və ya böyük əksəriyyəti turklərə və o cümlədən Azərbaycan türklərinə, səbəbini başa düşmək çətin olmayan, subyektiv, birtərəfli və bir çox hallarda düşmən mövqeyini əks etdirir. Həmin mənbələr, yuxarıda dediyim kimi, əksər hallarda öz xalqının və ya mənsub olduğu dairənin maraqlarini ifadə edirdilər. Amma bizim tarixçilərimizin ən yaxşıları bununla qurur duyurlar ki, həmın mənbələrə əsaslanırlar; o mənbələrin düşmənçilik ruhunu bilə-bilə... Öz tariximizin yazıya bağlı olan dövrü isə, əsasən ümumislam dərysında əridilib; xalq maraqlarindan çox ümmət və din maraqlarına söykənib. İslamdan kənarda qalan qədim turk yazlarının cografiyası da çox geniş olduğundan, Monqolstandan, Sibirdən, Çindən üzübəri bütün türk dünyasını əhatə etdiyindən, ərazimizin yox, xalqımızın tarixinin bəlli dövrlərinin yazılmasında yardımcı ola bilər.
Yad yazılı mənbələre etibar olmayan yerdə ümid qalır doğma sözün qoruya bildiklərinə, yaddaşlarda qorunana, yer-yurd adlarına-toponomikaya, etimologiya, yəni sözlərin soykökünü oyrənən elmə və torpağın etibarli hafizəsinə-arxeologiya... Təəssüf ki, bu sahələrin heç biriylə ardıcıl, peşəkarlıqla məşgul olmamışıq; uzun müddət bu elmlərin də acarlarını başqalarına etibar etmişik... Azərbaycan-türklərinin ən parlaq ədəbi-tarixi əsərlərindən sayilan Dədə Qorqud boyları da folklordur; reallığa nə qədər yaxın olsalar da “ciddi” tarixcilərin şəkillənmiş streotiplərinə uyğun sayilmayacaqdır...
Beləliklə, görunən budur ki, Azərbaycanın obyektiv tarixi yaxın zamanlara qədər daim müxtəlif basqılar altında olub,repressiyaya ugrayıb, saxtalaşdırılıb, yad siyasətlərin əsirinə çevrilib...
Əsil milli tarix milli hökumətin vaxtında yazila bilərdi. Bu imkan 1918–ci ildə yarandı, lakin vaxt çatmadı.
1991-ci ildə müstəqilliyimizin bərpası tarixçiliyimizin inkişafi üçün real şərait yaratdı, buxovlar qırıldı və keçmişimizə sərbəst, obyektiv yanaşmaq yolu tutuldu, qısa müddətdə önəmli addımlar atıldı; bir sıra dəyərli əsərlər yarandı, bu baxımdan Qarabağ, İrəvan xanlığı, Naxçıvan haqqında fundamental araşdırmalar özəlliklə qeyd olunmalıdır Lakin köhnə basmaqəlib düşüncədən xilas yolunda əngəllərin hamısını hələ də aradan qaldıra bilməmişik... Bunun obyektiv və subyektiv səbəbləri var. Obyektiv səbəblər deyəndə tariximizə aid ilkin mənbələrin bir qisminin hələ də əldə olmaması, xüsusən xarici ölkələrdəki əlyazmalərın bir qismindən xəbərsizliyimiz, peşəkarlıq və ziyalı mədəniyyətinin aşagılığı, qədim Şərq dillərini bilən və ilkin mənbələrə əli yetən mütəxəssislərimizin yoxluğü, yəni məlumatın üçüncü, dördüncü əldən alınması, Azərbaycanin da daxıl olduğu bölgədə əski yazıları özümüzün öyrənməməyimiz, tarıxı yerlərimizdə , o cümlədən Güney Azərbaycanda sərbəst arxeoloji axtarış aparmamağımız, tariximizə ümumtürk müstəvisindən kənarda baxılmaq çəhdi və s. göstərilə bilər... Subyektiv səbəb isə bəzi tarix kirablarimızın tarixdən çox yenə də siyasətə xidmət etməsi və ya sifariş yerinə yetirməsi; kecmişi də bugünün tərəzisiylə ölçməsidir. Siyasətin əsiri olmuş elmi onbeş-iyirmi ildə təmizləmək, çəkilən pərdələri qaldırmaq, yollarin hardan başlandığını görmək o qədər də asan deyil. Həm də ən çətin iş dünya tarix təcrübəsini dərindən bilən yeni alimlər nəslinin yetişdirilməsidir; köhnə nəslin beyninə yad ideolojilər və yanaşmalar o qədər ustalıqla yeridilib ki, onların bəziləri yanlış yollarını səmimi şəkildə əsil elm hasab edir, bildikləri saxta məlumatlara obyektiiv elmi bilgi kimi ürəkdən inanırlar. Ən yaxın və hamının bildiyi hadisələri saxtalaşdirmaqdan halları da var; hər iqtidar obyektiv tarix əvəzinə, özünə sərf edən və ya öz tarixini yazdırmağa çalışır. Bu sonuncu söylədiyim ayrı bir mövzudur və yəqin ki araşdırılacaq...
Sayqıllarla...