>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Şahın cangüdəni

Şahın cangüdəni
Bir şah cangüvənliyini qorumaq üçün axtarırmış cangüdən. Dünyanın dörd tərəfinə soraq salıb, dəvət edirlər özünə güvənən pəhləvanları. Bunların içində boynu tir kimi yoğun, ayaqları kotan tək güclü, barmaqları kəlbətin, kürəyi çinar, başı daş kimi bərk biri bütün pəhləvanları şil-küt edib, qalib çıxır mübarizədən. Şah bir könüldən min könülə aşiq olur buna. Onu edir özünə şəxsi cangüdən.
Bir gün padşah başının dəstəsiylə çıxır ova. Bədheybət cəngavəri də götürür özüylə təbii ki. Yeyib-içib qayıdanda yolda rast gəlirlər qırxlotulara. Padşah heç pozmur kefini də. Məmnun sifətlə gözlərini zilləyir cangüdənə. Karvanbasanlar qırıb-çatıllar keşikçiləri. Əyan-əşrəf qalır mat-məəttəl. Bütün baxışlar zillənir ona. Onun heç tərpənmir tükü də. Lotuların başçısı hırıldayıb deyir:
- Budu adı dillərdə dastan olan pəhləvan? Çəkin onu ortaya görüm bir.
Cangüdəni toy toğlusu kimi qamarlayıb gətirirlər ortaya. Söyürlər dinmir, döyürlər dinmir. Lotuların səsi düzü götürür başına. Şadlığından şitlik edən başçı əmr verir ki, soyundurun bunu. Yazığı lümə toyuq kimi lütləyirlər. O boyda nəhəng qısılmağa künc gəzir. İkiəlli yapışır alt paltarından. Quldurların qaqqıltısı düzü götürür başına. Gördüyü mənzərədən şahın gözləri çıxır kəlləsinə. Saray əhlinin nitqi quruyur.
Həzzin tamamlanmasını istəyən karvanbaşı əmr edir ki, onun canlığını çıxarıb gündəyməzinə vursunlar qırx kötək. Taygöz quldurun əli pəhləvanın göbəyindən azca aşağı toxunmuşdu ki, igid ayılır yuxudan. Elə bir nərə çəkir ki, qulaqlar uğuldayır, yer-göy gəlir lərzəyə. Bir göz qırpımında düşmənin hamısını edir şil-küt. Bunu görən şah soruşur pıçıltıyla:
-Sən bunu niyə eləmirdin bayaqdan?
Cangüdən hiddətlə verir cavab:
- Heysiyyətimə toxunanda dözə bilmirəm.
Şah :
-A bala, sənin heysiyyətinə toxunmaq nə çətin iş imiş?
Kəmalə Səlim Müslümqızı