>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

“Aqrolizinq”də milyonluq gübrə alveri: Heydər Əsədova müdhiş dosye

“Aqrolizinq”də milyonluq gübrə alveri: Heydər Əsədova müdhiş dosye
“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Saatlıdakı bölməsinin fermerlərə çatacaq azot gübrəsini açıq bazarda satışa çıxarması ilə bağlı xəbər verilir

Saatlının Azadkənd sakinləri Mehdiyev Ceyhun, Hacıyev Ataman, Məmmədov Bəhrəm və Hacıyev Babək fermerlərə çatacaq azot gübrəsinin onlara satılması yerinə, pərakəndə bazara çıxarılmasını bildiriblər.

C.Mehdiyevin sözlərinə görə, “Aqrolizinq” ASC Saatlıdakı bölməsindən yaxşı bilirlər ki, taxıla vermək üçün mütləq azot gübrəsi alacaqlar:

“Bunu bildikləri üçün azot gübrəsini pərakəndə bazara çıxarırlar. 9 manat 10 qəpiyə alacağımız azot gübrəsini, pərakəndə bazardan 12 manata almalı oluruq.

Əgər bunu dövlət bizə ucuz qiymətə satırsa, nəyə görə gedib pərakəndə bazardan baha qiymətə almalıyıq?”

“Aqrolizinq”-in Saatlıdakı bölməsi azot gübrəsini pərakəndə bazara çıxararaq milyonlarla pul qazanır.

Belə ki, azot gübrəsinin bir kisəsinin fermerlərə dövlət tərəfindən satışı 9 manat 10 qəpikdir. 9 manat azot gübrəsi üçün, 10 qəpik isə fəhlənin əlmuzdusu kimi hesablanır.

Sözügedən gübrənin pərakəndə satışı isə 12 manatdır. 100 minlərlə kisənin hər birindən 2 manat 90 qəpik qazanc əldə edilməsi “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Saatlıdakı bölməsinin hansı böyük məbləğlərlə oynamasının göstəricisidir.

B.Hacıyev bildirib ki, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Saatlıdakı bölməsi sahibkarları dövlətlə üz-üzə qoyur:

“Biz torpaq əkərək dolanırıq. Dövlət sahibkarların çətinliklərini nəzərə alaraq azot gübrəsini “Aqrolizinq”lər vasitəsi ilə bizə satır.

Bunun da bəlli bir qiyməti var. Ancaq yerdəki məmurlar, bizim üzərimizdən pul qazanmaqla məşğuldurlar.

Hər dəfə bir insan bezib torpağı əkməkdən boyun qaçırır. Bu da nəticədə kənd təsərrüfatına zərbədir. Dövlətimiz kənd təsərrüfatının inkişafı üçün addımlar atır.

Ancaq biz bunu yerli məmurların sayəsində hiss etmirik. Hansı sahibkarı dindirsəniz, narazılıq edəcək. Çünki işləməyimiz üçün şərait yaratmaq yerinə, sıxışdırırlar, bizə çatacaq azot gübrəsini özləri satdırırlar”.

Onlarla sahibkar “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Saatlıdakı bölməsinin atdığı bu addımdan narazılıq edərək, torpağı əkməkdən boyun qaçırıb. Dəfələrlə Kənd Təsərrüfatı Nazirliyinə şikayətlər edilsə də, dərdlərinə əlac edilən tapılmayıb.

"Aqrolizinq" ASC tamamilə ləğv edilməlidir.

Aqrar sahədə texnika, texnoloji avadanlıqlar, istehsal vasitələrinin hamısı xidmətlə məşğul olan özəl qurumlarda, sahibkarlarda olmalıdır.

Özəl sahibkarlar xidmət kooperasiyaları və yaxud assosiya tipli birləşmələr yarada bilərlər.

Hökumət isə normal sahibkarlıq mühiti yaratmalıdır. Texniki xidməti həyata keçirən sahibkarlar istehsal vasitələrinin alınıb, ölkəyə gətirilməsini, fermerlərə satışını da həyata keçirə bilər.

Belə olan halda həm də rəqabət mühiti yaranacaq. Daha keyfiyyətli və ucuz xidmətin həyata keçirildiyinin şahidi olacağıq.

Amma bu gün bu qurumimkan vermir ki, sahibkarlar xaricdən daha ucuz və keyfiyyətli istehsal vasitələrini idxal edib, daxili bazarda fermerə təklif edə bilsin. Yəni «Aqrolizinq» ASC artıq bu sahədə monopolistə çevrilib.

Qeyd edək ki, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Sabirabad Regional nümayəndəliyinin 1 iyul 2015-ci il tarixdən 4 iyul 2017-ci il tarixədək olan dövr üzrə maliyyə-təsərrüfat fəaliyətinin daxili auditi aparılıb.

Audit nəticəsində mineral gübrələrin saxlanılması və istifadəsi ilə bağlı nümayəndəliyin fəaliyyətində bir sıra ciddi nöqsanlar aşkar edilib.

Müəyyən edilmiş nöqsanlara hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib.

Kənd təsərrüfatındakı problemlərin aradan qaldırılması elə də böyük problem deyil. Sadəcə bu problemlərin həllinə can atmaq lazımdır.

Azərbaycan bu məsələni həll etməsə bir neçə ciddi problemlərlə üzləşəcək. Birincisi, ölkənin ərzaq təminatını təhlükə altında qoyacaq, ikincisi Azərbaycanın ərzaq idxalı ilə bağlı vəziyyəti güvənli deyil.

Rusiyadan, Qazaxıstandan Azərbaycana idxal olunan buğdanın qiyməti artırılsa, bizim problemimiz yaranacaq. Ona görə də ərzaq təhlükəsizliyini təmin etmək üçün kənd təsərrüfatını inkişaf etdirmək lazımdır.

Hesablamalara görə, ölkə əhalisini Ümumidünya Səhiyyə Təşkilatının müəyyən etdiyi normaya uyğun ərzaqla, qidayla təmin etmk üçün 15 milyard manat dəyərində kənd təsərrüfat məhsulu istehsal etməliyik.

Fia.Az
Teref.info olaraq adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!
Teref.info