>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Cavid Hüseynov: "Qəbələ"nin kuboku qazanma şansları yarıbayarıdır"

Cavid Hüseynov: "Qəbələ"nin kuboku qazanma şansları yarıbayarıdır"
"Motivasiya doğrudan da yox idi. Buna baxmayaraq, mövsümü məğlubiyyətsiz də başa vurmaq olardı. 3 qol şansımız oldu. Birincisini elə mən vurmalı idim. Lakin heç birindən yararlana bilmədik".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Qəbələ" klubunun futbolçusu Cavid Hüseynov evdə "Qarabağ"a 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXVIII tur matçı barədə danışarkən deyib.

30 yaşlı yarımmüdafiəçi oyun zamanı meydandan qovulması və Ağdam komandasının kapitanı Rəşad Sadıqovla "kəllə-kəlləyə" gəlməsinə də toxunub:

"Yenə də problem yoxdur (gülür). Millidən kənarda qalmaq? Həyatda hər şey mümkündür. Əslində elə bir şey olmamışdı. Həmin epizodda əvvəlcə Miçellə danışırdım. Sonradan Dani Kintana arxadan deyinə-deyinə gəldi. Deyəsən, söyüş söyürdü. Mən də əsəblərimi cilovlaya bilmədim. Dedim ki, mən Miçellə danışıram, sən niyə araya girirsən? Ani qığılcım baş verdi. Sonradan Kintana üzr istədi".

Hüseynov sonda "Keşlə" ilə keçirəcəkləri Azərbaycan Kubokunun final matçındakı şanslarına da toxunub:

"Qəbələ"nin kuboku qazanma şansları yarıbayarıdır. Final bir oyundan ibarətdir. Gərgin və maraqlı görüş olacaq".