>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Nazirlərin mətbuat konfransı ənənəsi bərpa olunacaqmı...

Nazirlərin mətbuat konfransı ənənəsi bərpa olunacaqmı...
Mübariz Əhmədoğlu: “”Müasir dünyanın işi informasiya üzərində qurulub
Uzun müddətdir ki, Azərbaycanda hansısa nazirin mətbuat konfransı təşkil edib, jurnalistlərin qarşısına çıxması müşahidə olunmur. Nazirlər, yüksək ranqlı məmurlar yalnız hər hansı bir beynəlxalq və ya ölkə miqyasında önəmli tədbirlər ərəfəsində jurnalistlərlə rastlaşırlar. Bu zaman da onlardan çox az bir qismi mətbuat nümayəndələrinin qarşısına çıxıb, suallara cavab verirlər.

Yeni Azərbaycan Partiyası (YAP) vaxtilə öz qərargahında nazirlərin, komitə sədrlərinin mətbuat konfranslarını təşkil edirdi. Jurnalistlər bu cür tədbirlərdə onları maraqlandıran sualların heç olmasa, bir hissəsinə cavab ala bilirdilər.

Həmçinin ölkədə baş verən, aktual olan məsələlərə aidiyyəti şəxslərin, aidiyyəti qurumların birinci şəxslərinin mövqelərini alardılar. Uzun müddətdir ki, hakim partiya da bu kimi tədbirləri dayandırıb. Məsələ ilə bağlı münasibət almaq üçün Yeni Azərbaycan Partiyasının mətbuat xidməti ilə əlaqə saxlamağa cəhd etdik. Lakin cavab ala bilmədik.

Nazirlərin mətbuat konfransının təşkili ilə bağlı “Yeni Müsavat” qəzetinin daha öncə göndərdiyi sorğuya YAP-ın mətbuat xidmətindən bildirilmişdi ki, ayrı-ayrı struktur rəhbərlərinin, komitə sədrlərinin, nazirlərin YAP-ın qərargahında mətbuat konfranslarının keçirilməsi ideyası elə YAP rəhbərliyi tərəfindən gəlmişdi: “Bu təşəbbüs aidiyyəti qurumların rəhbərləri tərəfindən çox müsbət də qarşılanmışdı. Bu təşəbbüs də reallaşdı və qarşıya qoyduğumuz məqsədə nail ola bildik. Qarşıya qoyduğumuz məqsəd ondan ibarət idi ki, medianın informasiyaya əlçatanlığı asanlaşsın. YAP bu təşəbbüsü irəli sürən ərəfədə Azərbaycanda informasiya vasitələrinin nümayəndələrinin rəhbər şəxslərə, strukturların birinci şəxslərinə çıxışları indiki qədər asan deyildi. Bir qədər informasiya qıtlığı yaşanırdı. Ona görə də YAP kütləvi informasiya vasitələrinin nümayəndələri ilə rəhbər şəxslər arasında bir növ vasitəçi missiyasını üzərinə götürdü. Qarşıya qoyduğu məqsədə də nail ola bildi. Biz hesab etdik ki, artıq kütləvi informasiya vasitələrinin nümayəndələri ilə müxtəlif strukturların birinci şəxsləri arasında bu əlaqəni qura bilmişik. KİV-lərin bu şəxslərə çıxışını təmin edə bilmişik. Bu informasiya qıtlığını aradan qaldıra bilmişik. Ona görə də artıq bu cür mətbuat konfranslarının keçirilməsinə lüzum yoxdur”.

“Yeni Müsavat”a danışan politoloq Mübariz Əhmədoğlu bildirib ki, görünür, nazirlər mətbuat konfransı keçirmələri üçün zəruri ehtiyac görmürlər:

“Müasir dünyanın işi informasiya üzərində qurulub. Bir neçə nazir də gəncdir. Nəzərə alınmalıdır ki, ölkə prezidenti seçkilər dövründə ortaya yeni strategiya qoydu. Gənc nazirlərin təyinatı da yeni strategiyanın tərkib hissəsidir. Düşünürəm ki, müəyyən qədər dövr lazımdır. Yəqin ki, yaxın zamanda biz YAP-ın bir zamanlar başlatdığı ənənənin yeni formasını görəcəyik və bizim gənc nazirlər çox böyük həvəslə xalqa, dünyaya informasiya çatdırmaq işini quracaqlar. Eləcə də gənc nazirlərimizin gördüyü iş, digər nazirləri də həvəsləndirəcək”.