>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Millin Şura fəxr sədrinin erməni sevgisinin sirri – Ayaz Salayev Rüstəm İbrahimbəyovu ifşa elədi

Millin Şura fəxr sədrinin erməni sevgisinin sirri – Ayaz Salayev Rüstəm İbrahimbəyovu ifşa elədi
“Bakinski raboçiy” nəşrində 23 may 2018-ci il tarixdə kinorejissor Ayaz Salayev geniş məqalə ilə çıxış edib. Məqalə “Rüstəm İbrahimbəyov və onun ermənilərin faciələrində azərbaycanlıların günahkar olması haqda filmi” adlanır. Günümüz, millətimiz və dövlətimiz üçün aktuallığını nəzərə alıb həmin bədnam film haqda Ayaz Salayevin dilindən daha ətraflı bilgi vermək qərarına gəldik.

2015-ci ildə çəkilmiş və “Qafqaz üçlüyü” adlanan filmdə Azərbaycan xalqı vəhşi, qəddar, riyakar, mədəniyyətsiz, milli kökləri olmayan obrazda, ermənilər isə alicənab, sülhpərvər, “vəhşi türkün qurbanı” kimi təqdim olunurlar. Filmin ssenari müəllifi Mili Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov, rejissorları Eldar Şengelaya və Fuad İbrahimbəyovdur.

Filmin başlanğıcında tamaşaçılara azərbaycanlı uşağın qorxaq obrazı fonunda qorxmaz, güclü, təmənnasız, mərd və geniş ürəkli erməni uşağının obrazı təqdim olunur. Yəni erməni milləti, soyu təbliğ edilir, türk soyu aşağılanır. Azərbaycanda yaşayan erməni əsilli bir şəxsin kənd uşaqları tərəfindən quyuya atılması, daşlanması epizodunun əsas məqsədi isə şübhəsiz ki, “vəhşi azərbaycanlıların” “dinc ermənilər”ə qarşı qəddarlığını göstərməkdir.

Bundan əlavə, filmdə erməninin “cəzalandırılması” aksiyası sakinlər tərəfindən necə coşqu ilə qarşılandığı əks olunub. Əllində isə açıq-aydındır ki, bununla belə bir qəddarlığın xalqımızın mentalitetində oturuşduğunu beynəlxalq auditoriyaya təqdim etmək niyyəti güdülür. Filmə hətta öldürülən oğlunun xəbərini almaq niyyəti ilə Azərbaycana gələn qoca erməninin sonda hava limanında Sərhəd Xidmətinin əməkdaşı tərəfindən necə qəddarcasına döyüldüyü təsvir olunur.

Ayaz Salayev yazır: “Filmdəki personajlardan biri “ermənilər - bizim 1 nömrəli düşmənimizdir”, deyir. Bununla da filmin müəllifi bizə aydın şəkildə anlatmaq istəyir ki, Qarabağ konfliktinin əsas səbəbini nədə görür. Səbəb əsla heç də Azərbaycan torpaqlarının işğalı deyil, - yeri gəlmişkən, filmdə bu haqda bir kəlmə də deyilmir, - İbrahimbəyova görə, səbəb azərbaycanlıların ermənilərə qarşı izaholunmaz nifrətidir. Hansı baxış bucağı ki, Rusiya KİV-lərində geniş yayılıb və israrla ictimai şüura yeridilir. Əlbəttə ki, belə bir şeyi azərbaycanlının dilindən eşitmək qat-qat “qiymətli”dir. Belə bir xidmət isə açıq-aşkar təşəkkür almağa, filmdə onun müəllifinin təltif olunduğu alqışlara hesablanıb”.

Kinorejissor haqlı olaraq qeyd edir: “Bu film – (özü də ilk dəfə yox) Böyük Ağ Çar qarşısında quyruq bulamaq, “vəhşi həmvətənlər”in fonunda yeganə özünü humanist və fədakar göstərmək cəhdidir. O “vəhşi həmvətənlər” ki, az öncə İbrahimbəyov prezidentliyə namizədliyini verməklə onlara rəhbərlik eləmək istəyirdi. Belə sənətkarlar tipik sovet imperiyasının məhsuludur. Belələri almağa çalışdıqları təşəkkür və şəfqəti alırlar, ancaq həmişə iyrənclik qatqısı ilə birgə. Bəs görəsən, müəllifin hələ də nominal rəhbəri olduğu və hələ də Baklıda mövcud olan təşkilatın üzvləri hansı hissləri keçirirlər?”

*****

Şübhəsiz ki, Əkrəm Əylislinin bədnam “Daş yuxular” cızmaqarasından sonra Rüstəm İbrahimbəyovun öz xalqına qarşı belə yaramaz, xəyanətkar və şərəfsiz davranışı bütün dünyada azərbaycanlıları ən neqativ fonda təqdim etmək üçün yeni əsas yaradır. Bir azərbaycanlı tərəfindən “etiraf” olunan bu “həqiqətlər” əlbəttə ki, dünya erməniliyi üçün əsl hədiyyədir.

Heç də istisna deyil ki, bu filmin maliyyə mənbəyi yaxşı araşdırılarsa, birbaşa və ya dolayısı ilə ermənilərlə bağlı olduğu üzə çıxar. Torpaqlarının 20 faizi işğal altında olan, etnik təmizləməyə məruz qalan həmin ərazilərdə bütün milli-mədəni irsi dağıdılan, on minlərlə azərbaycanlının həlak olduğu, uşaqlarının, qadınlarının, qocalarının qəddarcasına, işgəncə ilə qətlə yetirildiyi bir xalqın nümayəndəsinin bu “etirafları” milli xəyanətin, insan mənəviyyatının deqradasiyasının və alçalmasının, öz milli köklərinə, xalqına nifrətin bariz nümunəsi sayıla bilər.

Çünki bu film sadə vətəndaşından tutmuş, yüksək vəzifəli məmuruna kimi bütün azərbaycanlıları yaramaz kimi təqdim edir. Sanki hazırda 30 min erməninin yaşadığı bir ölkədə hər kəs gecə-gündüz bu millətdən olan nümayəndələri tapıb cəzalandırmaq arzusu ilə yaşayır.

“Qəddar” Bakının fonunda isə bütün məsələlərin həll olunduğu, xoşbəxtlik adasını xatırladan, cənnət kimi təsvir olunan Moskva ucaldılır. Azərbaycanda döyülən, söyülən, əzilən, işgəncələrə məruz qalan ermənilər bu şəhərə sığınıb əsl xoşbəxt həyat əldə edirlər. Rüstəm İbrahimbəyov Bakı ilə Moskvanın kontrastı fonunda öz həyatını təsvir edir: onu inkar edən və lənətləyən Bakı ilə müqayisədə alicənab Moskvanın açdığı imkanları vəsf edir.

Təsadüfi deyil ki, filmdə azərbaycanlı adına yalnız İbrahimbəyovun qohumları və bir də gürcü aktyorlar yer alıb. Görünür, heç bir azərbaycanlı belə yaramaz, düşmən layihədə yer almaq istəməyib. Qeyd edildiyi kimi, müəllif filmdə ciddi cəhdlə göstərməyə çalışır ki, Dağlıq Qarabaş münaqişəsinin kökündə ermənilərin türklərə və azərbaycanlılara qarşı nifrəti, onların işğalçılıq iddiası deyil, məhz azərbaycanlıların ermənilərə qarşı dərin nifrəti amili durur.

Söz yox ki, bu film - Rüstəm İbrahimbəyovun öz xalqının “vəhşi” obrazını yaratmaqla aşağılanması fonunda şəxsini böyük “humanist” kimi qələmə vermək cəhdidir. Azərbaycanlılara və Azərbaycan adına olan hər şeyə dərin nifrətinin və düşmən münasibətinin təzahürüdür. Bu film həmçinin, düşmən xislətli birisini xalqa “milləti düşünən əsl ziyalı” kimi təqdim etməyə, onu prezident kürsüsünə yüksəltməyə çalışan “Milli Şura” adlı qurumun, onun başında duran Əli Kərimli, Cəmil Həsənli və digərlərinin antimilli və ermənipərəst simasını aydın şəkildə göstərir.

Rüstəm İbrahimbəyovun bu xəyanətkar əməli, onun həmsədri olduğu Milli Şura başçılarının satqın və düşmən xisləti haqlı olaraq Azərbaycan cəmiyyətində dərin hiddətə səbəb olub. İctimaiyyət nümayəndələri, ziyalılar, siyasi partiya, QHT, media nümayəndələri öz xalqına qarşı bu dərəcədə xəyanətkarlıq edən İbrahimbəyovu, onun yaxın ətrafını, o cümlədən MŞ başçılarını sərt tənqid edir və onlara qarşı ciddi tədbir görülməsini tələb edirlər.

****

“Yeni Müsavat” bildirir ki, bu fakt Azərbaycanın siyasi hakimiyyətinin də diqqətini cəlb edib. Belə ki, Prezidentin köməkçisi, Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri bu barədə Facebookdakı səhifəsində xüsusi status yazıb. Musavat.com həmin statusu təqdim edir:

“Mən çox istərdim ki, hər bir Azərbaycanlı bu yazı ilə tanış olsun və təkcə milli hisslərini, milli mənsubiyyətini, milli dəyərlərini deyil, həm də adi insani keyfiyyətlərini itirərək haqqı, ədaləti və reallığı danan bu "məşhur ssenaristə" münasibət bildirsin....

Çox hörmətli kinorejissor Ayaz Salayevə əsl vətəndaşlıq mövqeyinə görə dərin təşəkkürümü bildirirəm...
Əli Həsənov”.