>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

İrəvan niyə məhz Naxçıvan istiqamətində təxribat törətdi? - TƏHLİL

İrəvan niyə məhz Naxçıvan istiqamətində təxribat törətdi? - TƏHLİL
Ermənistan hərbi birləşmələrinin Naxçıvan Muxtar Respublikası ilə sərhəddə törətdiyi təxribatın qarşısı alınarkən hərbi qulluqçumuzun şəhid olması düşmən ölkənin planlı şəkildə həyata keçirdiyi əməldir.

Bu sözləri Axar.az-a açıqlamasında analitik Elçin Mirzəbəyli deyib. O bildirib ki, məhz Naxçıvanla sərhəddə belə bir təxribatın həyata keçirilməsində bir neçə məqsəd güdülə bilər:

"Naxçıvanda Azərbaycan Silahlı Qüvvələrinin Əlahiddə Ümumqoşun Ordusu yerləşir və bu ordu ən müsir hərbi texnika, silah-sursatla təmin olunub. Naxçıvanın strateji mövqeyi və Əlahiddə Ümumqoşun Ordusunun hərbi-texniki potensialı Ermənistanın təhlükəsizlik baxımdan bizim üçün əhəmiyyət kəsb edən hava və quru məkanına tam nəzarət etmək imkanı verir. Silahlı Qüvvələrimizin arsenalında olan hava hücumundan müdafiə sistemləri Ermənistan ərazisində, o cümlədən paytaxt İrəvanda yerləşən istənilən hərbi təyinatlı obyekti sıradan çıxarmaq iqtidarındadır. Nəzərə alsaq ki, Naxçıvan şəhərindən İrəvana olan hava məsafəsi 132 km, sərhəddəki yüksəkliklərdən isə təxminən 60-65 km təşkil edir, o zaman Azərbaycanın muxtar respublikadakı hərbi potensialından Ermənistanın nə üçün ciddi narahatlıq keçirdiyini müəyyənləşdirmək olar".

Analitik vurğulayıb ki, Naxçıvanda mütəmadi olaraq keçirilən hərbi təlimlər, yeni hərbi təyinatlı obyektlərin inşası da ermənilərin bu narahatlığını daha da artırır:

“Azərbaycan Prezidentinin Naxçıvana səfərindən dərhal sonra Ermənistanın xarici işlər və müdafiə nazirinin Naxçıvanla sərhəddə yerləşən ərazilərə gəlişi də bu narahatlıqla bağlıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi bəyanatlar Ermənistandakı gərginliyi xeyli artırmışdı. Bu təxribatın həyata keçirilməsində məqsəd hakimiyyətə tam sahiblənə bilməyən Paşinyanın diqqəti daxili proseslərdən yayındırmaq niyyəti ola bilər. Ola bilsin ki, Paşinyan xarici təhlükədən daxildəki prosesləri sabitləşdirmək üçün yararlanmaq niyyətindədir".

Analitikin sözlərinə görə, təxribatın həyata keçirilməsində başqa və əsas məqsəd Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının diqqətinin baş verənlərə yönləndirilməsi ola bilər:

"Yəni mümkündür ki, təxribat nəticəsində qarşıdurma baş versin və qarşıdurma Ermənistanla sərhəddə baş verdiyi üçün KTMT-yə müraciət olunsun. KTMT-nin baş verənlərə reaksiya verməyəcəyi təqdirdə Paşinyan bu təşkilatla münasibətlərə yenidən baxılması məsələsini gündəmə gətirsin.

Təxribatın Serj Sərkisyanın və Qarabağ klanının ordudakı təmsilçiləri tərəfindən törədilməsi də mümkündür. Hədə isə Paşinyanın nəinki işğal altındakı Azərbaycan ərazilərinin, o cümlədən Dağlıq Qarabağın, hətta Ermənistanın təhlükəsizliyini təmin etmək iqtidarında olmadığını ictimai rəyə təlqin etmək, azlığın baş nazirinin iflasını yaxınlaşdırmaq istəyidir”.

Analitik qeyd edib ki, təxribatda başqa bir məqsəd Paşinyanın danışıqlar prosesindən yayınması niyyəti ola bilər:

“Baş nazir seçildikdən dərhal sonra onun Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı verdiyi radikal bəyanatlar da sübuta yetirir ki, Nikol Paşinyan danışıqlar prosesinə hazır deyil və növbədənkənar seçkilərədək prosesin ləngidilməsinə çalışır. Bu səbəbdən də gərginliyi məqsədyönlü şəkildə birbaşa Azərbaycan-Ermənistan qarşıdurması müstəvisinə çəkir ki, gərginlik artsın və danışıqlar prosesi baş tutmasın. Bildiyiniz kimi, bundan öncə Nikol Paşinyan Dağlıq Qarabağın da ayrıcı subyekt kimi danışıqlar masasına oturması iddiası ilə çıxış etmişdi. Ola bilsin ki, Naxçıvanla sərhəddəki konfliktin məqsədlərindən biri də Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ müstəvisindən kənar, birbaşa qarşıdurmanın olduğunu qabartmaq və danışıqlar prosesini iki ayrı-ayrı müstəviyə parçalamaq üçündür. Təbii ki, bütün bunlar ehtimallardır. Təxribat isə baş verib və şübhəsiz ki, Azərbaycan Müdafiə Nazirliyinin də bəyan etdiyi kimi, qisas alınacaq. Düşünürəm ki, bu qisas Ermənistanın ikinci cəbhə açmaq niyyətini həmişəlik iflasa uğratmaq üçün yetərli olmalıdır".

Qeyd edək ki, mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Tatarov Adil Əli oğlu şəhid olub.