>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

“Ermənistanda xaos və anarxiya dövrü başlayır... Paşinyan ”cini şüşədən çıxardıb", geri sala bilmir..." - TƏHLİL

 “Ermənistanda xaos və anarxiya dövrü başlayır... Paşinyan ”cini şüşədən çıxardıb", geri sala bilmir..." - TƏHLİL
Nikol Paşinyanın hakimiyyətə gəlişindən cəmi iki həftə keçməyinə baxmayaraq, Ermənistanda onun əleyhinə etiraz aksiyaları keçirilməkdədir. Prosesləri şərh edən Qərb mediası və erməni nəşrləri yazır ki, Nikol Paşinyan hakimiyyətdə nə qədər çox qalırsa, xalqda onunla bağlı məyusluq da bir o qədər artır. Çünki həm ölkədəki sosial-iqtisadi, həm də ictimai-siyasi vəziyyətin yaxşılaşdırılması ilə bağlı xalq ona böyük ümidlər bəsləyirdi və xalq bu ümidlərin çox qısa zamanda həyata keçəcəyini düşünürdü.

Vaxt keçdikcə insanlar görürlər ki, ümidləri həyata keçməmiş qalır. Əvvəlki rejimdən qalan problemləri bir neçə günə həll eləmək isə bəllidir ki, mümkün deyil. Qarabağ problemi həll edilmədikcə və Ermənistan Azərbaycanla, Türkiyə ilə iqtisadi layihələrdə iştirak etmədikcə, Ermənistanın üzləşdiyi dalandan çıxması qeyri-mümkündür. Paşinyan isə nə Qarabağ məsələsinin həlli istiqamətində addımlar atmır, nə də ölkədəki problemlərin yoluna qoyulması hökumətin ciddi hərəkətliliyi görünmür. Odur ki, erməni xalqı yenidən küçələrə çıxmağa başlayıb. Görünən həmçinin, odur ki, yeni hökumətin fəaliyyətsizliyi ilə paralel xalqın narazılığı artır.

Beləliklə, N.Paşinyan ona verilmiş ictimai etimad kapitalını şaha sürətlə xərcləyir. Artıq Nikol Paşinyanın hakimiyyət ömürünün qısa olacağı söhbətləri gündəmə gəlməkdədir.

Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Nikol Paşinyanın siyasi ömrünün uzun sürməyəcəyi ehtimalı kifayət qədər böyükdür: “Nikol Paşinyan Serj Sərkisyanı mitinq və küçə yürüşləri vasitəsilə devirdi. İndi eyni üsuldan ona qarşı istifadə edirlər. Kim harda və neçə istəyir mitinq və yürüş keçirir. Bu illərdə Ermənistanda o qədər ədalətsizlik olub ki, kütlələr fərqli tələblərlə küçələrə tökülüşüblər. Biri gecikən maaşını tələb edir, bir başqası dostlarının həbsdən azad olunmasını istəyir, o birilər hansısa məhkəmə qərarından şikayətçidirlər. Paşinyan özü küçə yürüşü vasitəsilə hakimiyyətə gəldiyindən mitinq və yürüşləri dağıda bilmir, polisə ”vur" və ya “tut” əmri verə bilmir. Bu olmadıqca da küçə siyasətə hakim olacaq. Ancaq Paşinyan bir gün polisə “vur” və “tut” əmri vermək məcburiyətində qalacaq. Ancaq bu əmr də ona yaxşı heç nə vəd etmir".

Onu da xatırladaq ki, mitinqlər zamanı Paşinyan siyasi məhbusların dərhal azad olunacağını vəd vermişdi. Lakin hakimiyyətə gəldikdən sonra hələ də bu vədinə əməl etməyib. Bəs onun bu vədini yerinə yetirməməsinin hansı səbəbləri ola bilər?

Elxan Şahinoğlu bildirdi ki, Paşinyan yaxın zamanlarda əfv fərmanı verə bilər: “Ancaq Paşinyan yaxşı bilir ki, bütün məhbusları, əsasən də hərbi qruplaşmanın üzvləri olan məhbsları əfv etsə, onun başağrısı daha da artacaq. Vədinə əməl etməməsi bu perspektivi hiss etdiyindən irəli gəlir. Bəzi qruplar ötən il polis bölməsinə basqın edən silahlı qruplaşma üzvlərinin sərbəst buraxılmasını tələb edirlər. Doğrudur, həmin basqınçılar Serj Sərkisyanın hakimiyyətinə etiraz edirdilər. Ancaq həmin basqın zamanı 3 polis qətlə yetirilmişdi. Paşinyan onları necə sərbəst buraxa bilər? Sərbəst buraxsa bir gün həmin silahlılar ona qarşı da hücum aksiyası həyata keçir bilərlər. Bir sözlə, Paşinyan ”cini şüşədən çıxardıb", indi onu geri sala bilmir. Ermənistanda xaos və anarxiya dövrü başlayır. Bizim 1990-ci illərdə yaşadıqlarımızı Ermənistan yaşamağa başlayacaq. Hətta bu anarxiya və xaos Ermənistanı vətəndaş müharibəsinə qədər apara bilər".

O ki qaldı yeni Paşinyanın yeni islahatçı komanda formalaşdıra biləcəyi və Rusiyanın buna imkan verib-verməyəcəyinə, politoloq qeyd etdi ki, Paşinyan Qərbdə oxuyan gəncləri hökumətə təyin etməklə islahatçı komanda formalaşdırmaq istəyir: “Ancaq istək olsa da, bunu həyata keçirmək elə də asan olmayacaq. Çünki Ermənistanda Qərbtəhsilli və Qərbmeylli şəxslərin yüksək vəzifələrə təyinatından Rusiya narazı qalacaq. Bu prosesin qarşısını Moskva almağa çalışacaq”.

E.Şahinoğlu vurğuladı ki, Paşinyanı xarici siyasətdə də çətin günlər gözləyir. Serj Sərkisyan və onun tərəfdarları pusqudadırlar, Paşinyanın büdrəməsini gözləyirlər.