>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Kreml Qarabağ kartından necə istifadə edəcək? - Ssenari

Kreml Qarabağ kartından necə istifadə edəcək? - Ssenari
Rusiyanın Qarabağ probleminin gələcəyi ilə bağlı hazır həll variantları var.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib. Politoloqun sözlərinə görə, Rusiya Qarabağla bağlı ehtiyat planını çox da uzaq olmayan bir zamanda işə salacaq:

“Rusiya münaqişə bölgəsi ilə bilavasitə həmsərhəddir və hər iki dövlətlə - Azərbaycan və Ermənistanla çox genişformatlı münasibətlərə malikdir. Xarici qüvvələr isə durmadan Rusiyanın sərhədləri boyunca gərginlik nöqtələrini artırmağa və köhnə münaqişəli vəziyyətləri coşdurmağa çalışırlar. Nəzərə alsaq ki, Rusiyanın həm Ermənistanda, həm də Cənubi Qafqazda böyük maraqları var, o zaman Kremlin Qarabağ probleminin gələcəyi ilə bağlı hazır həll variantlarının olduğunu söyləyə bilərik. Rusiya fövqəl və dünya siyasətində xüsusi yeri olan bir məmləkətdir. Bir halda ki, Rusiyanın qonşuluğunda dondurulmuş problem var, Moskvanın da bununla bağlı yanaşmasının olması təbiidir”.

Politoloq onu da bildirib ki, Paşinyanın hakimiyyətə gəlməsi Rusiya elitası qarşısında bir neçə məsələ qaldırıb:
“Birincisi, Paşinyan bəzi şüarları ilə özünü faktiki olaraq yeni dilemmalar qarşısında qoyub. Siyasətçinin sözündən çox əməli vacibdir. Əgər Paşinyan hələ meydanlarda olarkən səsləndirdiyi şüarları davam etdirsə, Rusiyanın maraqlarına zərbə endirmiş olacaq. Çünki onun tələbləri daha çox antirusiya xarakterli idi. Ancaq hakimiyyətə gəldikdən sonra Paşinyanın bəzi təlaşları öz tonunu dəyişib. Rusiya bundan sonra daha çox Paşinyanın hərəkətlərinə fikir verəcək. Əgər Paşinyan Qərbi seçməsə, onda Rusiya Ermənistanı köhnə, yəni pro-Rusiya məcrasına gətirməyə çalışacaq. Yox, əgər Paşinyan qərbpərəst siyasi kurs yeridərsə, Rusiya Ermənistanın əldən çıxmaması üçün korrektələr etməyə çalışacaq. Burada söhbət təkcə Gümrü bazasından getmir. Rusiya istənilən vaxt oraya daha geniş hərbi qüvvə yeridə bilər. Çünki Ermənistan İran və Rusiya sərhədində Rusiya hərbiçiləri var. Rusiya iki əsrdən artıqdır ki, Ermənistana yatırımlar edir və bu mənada bölgədə Ermənistanla bağlı söz haqqı var. Bu proseslərin nə dərəcədə intensiv olacağını və hansı formada həllini tapacağını yaxın gələcək göstərəcək. İstənilən halda Rusiya öz təsirini Ermənistanda saxlamaqda israrlı olacaq”.