>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Müxalifət xaricdəkiləri nə üçün hədəfə alıb-ilginc səbəblər...

Müxalifət xaricdəkiləri nə üçün hədəfə alıb-ilginc səbəblər...
Natiq Miri: “Bəzi siyasi güc mərkəzləri ikili, hətta üçlü oyun oynayırlar”

Sosial şəbəkələrdə müxalifətçilər arasında günlərdir davam edən virtual savaş səngimək bilmir. Bu qarşıdurma əsasən Avropadakı mühacir müxalifətlə Azərbaycan daxilindəki müxalifət arasında yaşanır. Söyüşlər, təhqirlər, aşağılayıcı ifadələr havada uçuşur...

Məlumat üçün bildirək ki, bu savaş mayın 9-da ABŞ Konqresində Azərbaycandakı vəziyyətə dair dinləmələrdən sonra başlayıb. Həmin dinləmələrdə ABŞ Massaçuses Universitetinin tarix professoru Odri Alştadtın çıxışında AXCP sədri Əli Kərimlini Azərbaycanda fəaliyyət göstərən müxalifətin “marginal şəxsi” və ya “qocası” adlandırsa da, araşdırma aparmadan cəbhəçilər həmin tədbirə dəvət alan və orada çıxış edən Meydan.tv-nin qurucusu, Avropada yaşayan Emin Millinin üzərinə hücuma keçiblər. Bir növ dinləmələrdə Azərbaycan müxalifətinə yönəlik sərt çıxış edən, onların uğursuz siyasətçilər olduğunu deyən E.Millini müsavatçılar və cəbhəçilər bu şəkildə “cəzalandırmaq” istəyiblər.


Son olaraq, vəkil Aslan İsmayılov status yazaraq, ənənəvi müxalifəti sərt şəkildə tənqid edərək, yeni qüvvələrə səslənib. O, yeni qüvvələri köhnə müxalifətə baş qoşmamağa çağırıb. Onun bu statusu Ə.Kərimlinin “sağ əli” sayılan, Fransada mühacir həyatı yaşayan Natiq Ədilovun sərt reaksiyasına səbəb olub. O, cavab statusu paylaşaraq, vəkili təhqir edib, hətta hədələməkdən belə çəkinməyib. Digər AXCP fəalları da A.İsmayılovun üzərinə gedərək, onu “məhşər ayağı”na çəkiblər.

Son günlərdə yenidən start götürən bu virtual savaş bir çox məsələləri gündəmə gətirməklə yanaşı, bir sıra ehtimallara, iddialara yol açıb. Bunlardan biri ondan ibarətdir ki, ölkə müxalifətinin öndə gedən siyasətçiləri son zamanlar Avropadakı mühacir müxalifətin getdikcə güclənməsini, onların nüfuzlu beynəlxalq qurumlarla əlaqələrinin getdikcə genişlənməsindən əndişələnirlər, bir növ onları qısqanırlar.


Politoloq Natiq Miri bildirdi ki, hər bir ölkədə baş verə biləcək dəyişikliklər vaxtı xarici qüvvələr həmin ölkənin daxilində fəaliyyət göstərən müxalifətin fəaliyyətini, onların gücünü, proseslərə təsir imkanlarını əsas götürürlər: “Xüsusi xidmət orqanları Azərbaycanda ciddi şəkildə fəaliyyət göstərirlər. Onların araşdırmalarının nəticəsi olaraq, ortada bir çox ikili fəaliyyətin olduğunu aşkara çıxarırlar. Çünki bəzi siyasi güc mərkəzləri ikili, hətta üçlü oyun oynayırlar. Əvvəllər bəzi müxalif qüvvələr Qərbə inteqrasiya xəttini əsas götürsələr də, zaman-zaman bu xətdən imtina edərək Rusiya ilə müəyyən əməkdaşlıq forması tapmağa cəhdlər etdilər. Hətta qonşu İran dövləti ilə də müəyyən maliyyə mənbələri əldə etmək üçün danışıqların aparıldığı barədə informasiyalar mövcuddur. Bu da Qərbin xüsusi xidmət orqanlarının diqqətindən yayınası məsələ deyil. Ən nəhayət, ölkə daxilindəki müxalif qüvvələrin ictimai rəyə təsir imkanları əsas götürülür. Bu da son etiraz aksiyalarında bir daha göründü ki, həqiqətən də müxalif güc mərkəzlərinin gücü yalnız məhdud dairədən o tərəfə çıxmır”.

N.Miri onu da qeyd etdi ki, xalqla bu qüvvələr arasında böyük bir sərhəd yaranıb: “Bu sərhəd imkan vermir ki, xalqla siyasi güc mərkəzləri arasında birbaşa təmas yaransın. Yalnız kabinetlərdə oturub, virtual aləmdə müəyyən siyasət yürütməklə xalqı bir ideya ətrafında toparlamaq mümkün deyil. Xalq və müxalifətin ortaq təsəvvürləri mövcuddur, amma bunu həyata keçirmək nədənsə mümkün deyil. Bu təşkilatların yenilənmələrinə ehtiyac var. Əsas da yeni gənc nəfəslərlə müxalifət yenilənməlidir. Təəssüf ki, buna da imkan verilmir. Avropa ölkələrində fəaliyyət göstərən bir qrup insanlar var ki, bu insanların müəyyən mənada aktivləşmələrinə, tənqidlərinə dözümlü yanaşmırlar. Çünki bu insanları özlərinə həm alternativ, həm də təhlükə sayırlar. Əslində bu təhlükə onlar üçün deyil, Azərbaycan toplumu üçün ciddi təhlükə vəd edir. Çünki bu müxalifətin bütün ictimai-siyasi prosesləri öz monopoliyasına alması toplumun gələcək inkişaf perspektivlərinin önünü kəsir. Bunların varlığı hakimiyyətin dəyişməsinə imkan vermir. Təəssüf edirəm ki, müxalifət tənqidlərə bu qədər dözümsüzdür. Bu gün Avropa ölkələrində fəaliyyət göstərən bir qrup insanlar var ki, ola bilsin onların Qərbin xüsusi xidmət orqanları ilə birgə fəaliyyət göstərmələri nəticəsində bir çox hadisələri, araşdırmaları, müxalifətin tənqidlərini müşahidə edirik. Azərbaycanda müəyyən mənada müxalifət tənqid olunursa, bunun müqabilində xaricdəki müxalifəti qabartmağa ehtiyac yoxdur. Çünki onlar da Azərbaycana xeyir gətirəcək fəaliyyətlə məşğul deyillər. Onlar da Qərb ölkələrinin siyasi sifarişlərini yerinə yetirməklə məşğuldurlar ki, burada da nəticə etibarı ilə Azərbaycan toplumunun qazanacağı heç nə yoxdur”.