>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Avropa Şurasında Azərbaycanla bağlı kritik müzakirələr

Avropa Şurasında Azərbaycanla bağlı kritik müzakirələr
Nümayəndə heyətinin rəhbəri Səməd Seyidovdan sərt mövqe: “Mən belə Avropa Şurasında təmsil olunmaq istəmirəm”
Azərbaycanla Avropa Şurası arasında əlaqələr yenidən gərginləşməyə doğru gedir. AŞ PA-nın yaz sessiyasının aprelin 26-da keçirilən iclasında gündəliyə qurumun daxilindəki korrupsiya hallarının olması barədə məsələnin salınması və orada Azərbaycanın insan hüquqları və azadlıqlarla bağlı problemlərin susdurulması yönündə “bazarlıq” etdiyi barədə ittihamın olması münasibətləri ən kritik həddə çatdırıb.

Bundan əlavə, AŞ PA-nın 24 deputatı baş katib Torbörn Yaqlandı Azərbaycanda siyasi məhbuslar haqqında hesabata yenidən qayıtmağa çağırması “odun üzərinə benzin töküb”. Yaz sessiyasında nümayəndə heyətimizin rəhbəri Səməd Seyidovun Müstəqil Araşdırma Qurumunun korrupsiyaya dair hesabatı barədə müzakirələrdəki çıxışı məsələnin nə qədər ciddi olduğunu göstərib.

S.Seyidov deyib: “Mən Azərbaycanı təmsil etməklə fəxr edirəm. Düşünürəm ki, mənim ölkəmi rüsvay etməyə dair istənilən cəhdin özü korrupsiyadır. Təxminən bir ay əvvəl bu zalda siz Serj Sərkisyanı alqışladınız. Lakin o, iki gün əvvəl korrupsiyaya görə erməni xalqı tərəfindən hakimiyyətdən qovuldu. Hanı onu burada demokrat kimi təqdim edənlər?

Azərbaycan müharibə vəziyyətində yaşayır. Ərazimizin bir hissəsini itirmişik, 1 milyona yaxın məcburi köçkünümüz var. Biz təşkilata gəlmişik ki, hüququn aliliyini görək. Lakin burada yeni beynəlxalq hüquq görürük. Mənim adım da korrupsiyaya dair siyahıdadır. Halbuki araşdırma orqanı deyib ki, mənim korrupsiya ilə əlaqəm yoxdur. Mənim dünyanı başa salmağım çətindir ki, niyə adım bu sənəddə göstərilir? Bu, ədalətsizlikdir. Biz adımız üçün mübarizə aparacağıq və qalib gələcəyik. Mən illər əvvəl demişdim ki, bu bizim Avropa Şuramızdır. İndi isə deyirəm ki, bu sizin Avropa Şuranızdır. Mən belə Avropa Şurasında təmsil olunmaq istəmirəm".

Məlumat üçün bildirək ki, AŞ PA-nın Müstəqil Araşdırma Qurumu təşkilat daxilində korrupsiya faktları ilə bağlı hesabat hazırlayıb. Hesabatda Azərbaycanla münasibətdə korrupsiya faktı ilə bağlı Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, həmməruzəçilər Stefan Şennak, Sezar Florin Preda, keçmiş AŞPA sədri və keçmiş Azərbaycan üzrə həmməruzəçi Pedro Aqramunt, parlamentar Yordi Çukla və digərlərinin adı çəkilir.

Ekspertlər gərginləşən münasibətlərin artan xətlə gedəcəyini düşünürlər. Hökumətin may ayında geniş amnistiya qəbul edəcəyi və əfv sərəncamı imzalayacağı ehtimallarının yüksək olduğu bir zamanda AŞ PA-dan Azərbaycana yönəlik bu cür münasibətin göstərilməsi birmənalı qarşılanmır.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı bildirdi ki, Azərbaycanla Avropa Şurası arasındakı münasibətlər dalğavari mənzərə yaradır: “Prosesləri aktiv şəkildə izləyən və obyektiv dəyərləndirən, demokratiyanın inkişafı, vətəndaş cəmiyyətinin quruculuğu ilə bağlı atılan addımları düzgün qiymətləndirənlər bir qayda Azərbaycana qarşı ədalətli mövqe sərgiləyirlər. Amma, çox təəssüflər olsun ki, bu, həmişə belə deyil. AŞ PA-da rəhbərliyin dəyişməsi, ayrı-ayrı ölkələrdən tərkibə müxtəlif şəxslərin gətirilməsi və yeni tərkibdə anti-Azərbaycan deputatlarının yer alması bu cür vəziyyət yaradır. Orada söylənilən fikirlər həqiqəti əks etdirmir. Azərbaycanda insan haqları, siyasi məhbuslarla bağlı Avropa Şurasının, eyni zamanda ölkəmizə gələn məruzəçilərin hesabatlarında yaxşı yadımdadır ki, normal münasibətlər sərgiləyirdilər. Bunun keçirilən görüşlərdə də az şahidi olmamışıq. İndi isə tamam başqa bir vəziyyətin şahidi oluruq. Çox istərdik ki, Avropa Şurası bu cür qərəzli mövqedən uzaq dursun. Gözlənilirdi ki, Azərbaycanda 28 maya, yəni Xalq Cümhuriyyətinin yüz illik yubileyinə qədər geniş amnistiya verilsin. Belə bir vəziyyətdə onlar yenə də Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirməklə böyük ədalətsizliyə yol verirlər. Dövlətimizin güclənməsi, xüsusilə aprelin 11-də yüksək səviyyədə prezident seçkilərinin keçirilməsi, xalqımızın yüksək səviyyədə iradə nümayiş etdirməsi və İlham Əliyevin bir daha prezident seçilməsi Avropadakı ayrı-ayrı qüvvələr tərəfindən qəbul olunmur. Ona görə də ən müxtəlif yollarla bizə qarşı qərəzli mövqelər ortaya qoyurlar. Yaz sessiyasının gündəliyinə salınanlar da bunun bir nümunəsidir. Ümidvaram ki, Avropa Şurasında ədalətli mövqeyə qayıdılacaq, konkret faktlara söykənən münasibətlər ortaya qoyulacaq. Orada Azərbaycanın dostları da var. Bu dostlar ölkəmizdəki həqiqi mənzərənin digər deputatların diqqətinə çatdırılmasında iradə nümayiş etdirəcəklərinə inanıram. Gələcəkdə də Avropa Şurası bu qərəzli münasibətlərini davam etdirəcəksə, Azərbaycan buna uyğun adekvat addımlarını atacaq. Əminəm ki, Avropa Şurasındakı sağlam qüvvələr qalib gələcək və Azərbaycana qarşı qərəzli münasibət əhəmiyyət daşımayacaq”.

Mirvari Qəhrəmanlı: “AŞ PA-nın özündə təmizləmələr aparılmalıdır”
Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı bir müddət əvvəl də oxşar situasiyasının yarandığına işarə vurdu: “5-6 ay bundan əvvəl AŞ PA-dan çağırışlar gəlirdi ki, Azərbaycana qarşı sanksiya tətbiq olunacaq, yaxud da Avropa Şurasından ölkəmiz çıxarılacaq. O zaman dediyim kimi bir daha deyirəm ki, Azərbaycana qarşı heç bir sanksiya tətbiq edilməyəcək. Ona görə ki, TANAP və TAP layihəsi demək olar sona çatır. Bu layihələr qazla bağlı Avropanın Rusiyadan asılılığını xeyli azaldacaq. Sanksiya tətbiq etmək üçün quruma daxil olan ölkələrin səsi lazımdır ki, bu, hazırda mümkünsüz görünür. Digər tərəfdən, amnistiya və əfvin qarşıdakı ayda veriləcəyi gözlənilir. Bunlar olarsa, bir xeyli siyasi məhbus azad ediləcək. Müzakirələr olacaq, amma ölkəmizə qarşı heç bir sanksiya və ya digər sərt qərarlar verilməyəcək. Korrupsiya ittihamına gəlincə, Səməd müəllimin çıxışı zamanı dediklərinə qulaq asdım. Onu deyə bilərəm ki, rüşvəti alana verirlər. AŞ PA-nın üzvü olanlar əgər Azərbaycandan rüşvət alıblarsa, bunu nə üçün edirdilər? Onların nə maraqları ola bilərdi? AŞ PA-nı təmsil edirsinizsə, yaxud məruzəçisinizsə, rüşvət almaqla sizlər də korrupsiyaya bulaşmısınız. Rüşvət alan da, verən də cəzalandırılmalıdır. Bütün dünyada belədir. AŞ PA-nın özündə təmizləmələr aparılmalıdır. Əvvəl öz deputatlarını rüşvət və korrupsiyadan uzaq tutmalıdırlar. Düzdür, hökumət siyasi məhbus anlayışını qəbul etmir, lakin siyasi məhbus var. Bu problem həllini tapmalıdır. O da reallıqdır ki, siyasi məhbuslarla bağlı şişirdilmiş siyahılar mövcuddur. Həm əfv, həm də amnistiya olmalıdır. AŞ PA bilir ki, Azərbaycan siyasi məhbuslarla bağlı ciddi qərarlar verməyə hazırlaşır. Bu baxımdan gözləməli idilər ki, Azərbaycan müəyyən addımlar atsın. Bunlar olmasa, müəyyən addımlar atardılar. Bu baxımdan məsələnin yaz sessiyasının gündəliyinə salınmasının özü şübhələrə yol açır”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”