>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

İşini itirən iki sabiq nazirlə bağlı ilginc iddialar

İşini itirən iki sabiq nazirlə bağlı ilginc iddialar
Səlim Müslümov yolda öyrənib ki...; ləğv olunan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sabiq sədri Ramiz Həsənov səfir göndərilə bilərmi?
Prezident İlham Əliyevin Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncamı hələ də gündəmin əsas müzakirə mövzularından biridir. Vəzifəsini itirənlər sırasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovun və əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun da adı var.

Məlum olduğu kimi, R.Həsənovun rəhbərlik etdiyi Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv olundu, funksiya və səlahiyyətləri 2 qurum arasında bölüşdürüldü.

Ramiz Həsənov İlham Əliyev ölkə prezidenti seçildikdən qısa müddət sonra isə əvvəlcə Azərbaycanın Gürcüstandakı səfiri vəzifəsinə təyin edilib. 2005-ci ildə isə o vaxt Agentlik olan, 2008-ci ildən Komitəyə çevrilən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə rəhbər gətirilib.

Azpolitika.az saytının iddiasına görə, Ramiz Həsənov yeni yaradılan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin rəhbəri təyin edilə bilər. İkinci iddiaya görə isə, Ramiz Həsənovun yenidən əvvəlki sahəsinə qaytarılacağı, səfir kimi xarici ölkələrdən birinə göndəriləcəyi ehtimal edilir. Ramiz Həsənovun qardaşı Dursun Həsənov Azərbaycanın Gürcüstandakı indiki səfiridir, qayını Elxan Poluxov da uzun illərdir ki, diplomatik xidmətdədir.

“Mümkündür ki, Ramiz Həsənov Prezidentin etimadını itirdiyindən ona heç bir vəzifə verilməsin. Ekspertlər bu ehtimala daha çox üstünlük verirlər. Bu da Ramiz Həsənovun rəhbərliyi dövründə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən narazılığın artması, qurumun bir növ sahibkarların ”qəniminə" çevrilməsi ilə bağlı ola bilər",- deyə bildirilir.


Saytın daha bir iddiası da ilgincdir. Bildirilir ki, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov istefaya göndərildiyi barədə xəbəri doğulduğu Ağsu rayonuna gedərkən yolda alıb. Xəbər nazir üçün son dərəcə gözlənilməz, hətta sarsıdıcı olub. “Nazirin yenidən təyin olunacağına zərrə qədər şübhəsi yox idi. Çox rahat idi. Bu səbəbdən istefaya göndərilməsi xəbəri onu sarsıtdı”,- deyə mənbə bildirib.

Mənbə həmçinin əlavə edib ki, “çox mötəbər” adamların təskinliyindən sonra S.Müslümov bir qədər sakitləşib.

Fəaliyyəti geniş əhali qruplarının diqqətində olan S.Müslümov nazir təyin olunduqdan sonra əlilliyin təyinatı və sair sahələrdə müəyyən dəyişikliklər həyata keçirildi. Lakin bunlar rüşvətxorluğun, qeyri-qanuni ödənişlərin qarşısını ala bilmədi. Əvəzində isə həqiqətən əlil olan şəxslərin əlilliyinin təsdiqi prosesi çətinləşdi. Eyni zamanda Qarabağ müharibəsində əlil olan şəxslərin avtomobil, mənzil növbəsinə götürülməsi prosesi, demək olar ki, tamamən dayandırıldı.


DSMF-nin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərkibinə verilməsindən sonra S.Müslümovun rəhbərliyi ilə pensiya islahatlarının yeni mərhələsi başladıldı. Bu dəfə tətbiq edilən yeniliklər sayəsində isə həm pensiya yaşı artırıldı, həm də elə qaydalar müəyyən olundu ki, mütəxəssislərin fikrincə, indiki şərtlər daxilində, işləyən hər 100 nəfərdən 35-40 nəfəri ancaq o qaydalar əsasında pensiya ala biləcək.

Xatırladaq ki, Səlim Müslümovun yerinə 38 yaşlı Sahil Babayev təyin edilib.

Aprelin 26-da isə məlum olub ki, Səlim Müslümovun nazir olduğu vaxtında elan etdiyi müsabiqə ləğv olunub.

“Qafqazinfo” xəbər verir ki, müsabiqə haqda elan S. Müslümov vəzifədən azad olunmazdan bir gün əvvəl verilib. Müsabiqənin mövzusu “Sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi” olub və QHT-lər üçün nəzərdə tutulub. Tədbirin mayın 4-də keçiriləcəyi elan olunub.

Lakin nazirlik həmin müsabiqəni ləğv edib və bu gün rəsmi mətbuatda bu haqda elan yayıb. Tədbirin ləğv olunmasının səbəbləri açıqlanmayıb.