>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

64-cü əfv, 12-ci amnistiya gözlənilir

64-cü əfv, 12-ci amnistiya gözlənilir
Əliməmməd Nuriyev: “Əfv sərəncamı və Amnistiya Aktının eyni zamanda qəbulu qanunvericiliyə zidd deyil”
Ombudsman Elmira Süleymanova Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı Amnistiya Aktının qəbul edilməsi üçün Milli Məclisə müraciət edib. Ombusdmanın müraciəti əfv sərəncamının veriləcəyi ilə bağlı müzakirələrin getdiyi bir vaxta təsadüf edir. “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətə Nəzarət üzrə İctimai Komitənin üzvü Əliməmməd Nuriyev “Yeni Müsavat”a bildirib ki, əfvlə bağlı müraciətlərə baxılması prosesi başlanıb:

“Ombudsmanın belə bir təkliflə çıxış etmək hüququ var. Amnistiya Aktını qəbul edən Milli Məclisdir. Belə bir qərarı qəbul edib-etməmək də Milli Məclisin səlahiyyətinə daxildir. Hazırda müvafiq komissiya tərəfindən əfvlə bağlı daxil olan müraciətlərə baxılır. Cümhuriyyətimizin yaranmasının 100 illiyi ilə bağlı əfv sərəncamı veriləcəyi istisna olunmur. Əlbəttə ki, belə bir qərar vermək prezidentin konstitusion səlahiyyətləri çərçivəsindədir. Nəzərə alsaq ki, ötən illərdə cinayət qanunvericiliyinin humanistləşdirilməsi istiqamətində cənab prezidentin 10 fevral 2017-ci il tarixli fərmanına uyğun olaraq əhəmiyyətli dəyişikliklər baş verib, Cinayət Məcəlləsinin 1/3 dəyişdirilib. Dəyişikliklərdən sonra 5 minə qədər iş məhkəmələrə təqdim olunub və artıq 1000-dən artıq şəxs cəzadan azad olunub. Bəzilərinin cəzasının dəyişdirilməsi baş verib, bəzilərinin isə saxlama rejimi daha yüngül rejimlə əvəzlənib. Bütövlükdə 1500-ə yaxın şəxs dəyişikliklərdən yararlanıb. Bu, Azərbaycanda məhkumlara humanist yanaşmanın olduğunu göstərir. Cəza qanunvericiliyinin müasirləşdirilməsi istiqamətində addımlar atılıb. Çoxlu sayda məhkumlar azadlığa çıxıb. Ədliyyə Nazirliyi tərəfindən yaradılan komissiya mütəmadi olaraq cəzaçəkmə müəssisələrinə gedir, ayrı-ayrı məhkumların qanunvericiliklə nəzərdə tutulan vaxtından əvvəl şərti azadetmə ilə müraciətlərinə baxır, hərtərəfli araşdırır, məhkəmələrə göndərilməsi ilə bağlı qərarlar qəbul edir. Bu qərarların nəticəsində 7 mindən artıq məhkumun ərizəsinə baxılıb. 98 faizi üzrə müsbət qərarlar qəbul olunub. Nəticədə 7 mindən artıq şəxs cəzadan azad edilib və ya yüngül rejimli cəza ilə əvəz olunub. Bütün bunlar göstərir ki, məhkumların cəzadan azad edilməsi istiqamətində işlər gedir. Belə bir işlərin fonunda amnistiya verilməsi müzakirə doğuran məsələdir, mürəkkəb vəziyyət yarada bilər. Nəzərə alsaq ki, Azərbaycanda Cümhuriyyətin 100 illiyi, mərhum prezident Heydər Əliyevin 95 illiyi qeyd olunacaq, mümkündür ki, Amnistiya Aktlı da qəbul olunsun”.

Əliməmməd Nuriyev əfv sərəncamının verilməsi və Amnistiya Aktının qəbul olunması eyni zaman kəsiyinə təsadüf etməsinin qanunvericiliyə zidd olmadığını bildirib: “Əfv sərəncamının və Amnistiya Aktının eyni zamanda qəbulu qanunvericiliyə zidd deyil. Əfv və amnistiya fərqli institutlardır. Əfv şəxslərin müraciəti əsasında tətbiq olunursa, prezidentin iradəsindən asılıdırsa, Amnistiya Aktı Milli Məclis tərəfindən qəbul olunur. Amnistiya Aktında konkret şəxslərdən söhbət getmir, müxtəlif kateqoriyalı cinayətlərə tətbiqi məsələsi nəzərdə tutulur”.

Ə.Nuriyev deyir ki, müstəqillik əldə olunandan bu günə qədər 11 Amnistiya Aktı qəbul edilib, 100 mindən artıq şəxsə şamil olunub: “1-ci vitse-prezident Mehriban xanımın təşəbbüsü ilə bir neçə Amnistiya Aktı qəbul olunub. Nəticədə 40 mindən artıq məhkuma şamil olunub. Müstəqillik əldə ediləndən bu günə qədər 63 əfv sərəncamı imzalanıb, burada da 100 mindən artıq şəxs cəzadan azad olunub, və ya cəza növü dəyişdirilib. Cənab prezident tərəfindən 2007-ci ildən bu günə qədər 30-dan artıq əfv sərəncamı imzalanıb. Nəticədə 4 min nəfərə qədər şəxs cəzadan azad edilib”.

Amnistiya Aktının ağır cinayətlər kateqoriyasına tətbiqi ilə bağlı suala Əliməmməd Nuriyev belə cavab verib: “İndiyə qədər Amnistiya Aktının hansı kateqoriya cinayətlərə tətbiq olunmasına nəzər salsaq, görərik ki, əsasən azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzalara, az ağır cəzalara, böyük ictimai təhlükə olmayan cinayətləri əhatə edib. Böyük Vətən müharibəsi, Qarabağ müharibəsi, 60 yaşdan yuxarı məhkumlara, yeniyetmələrə, himayəsində 2 və daha çox uşaq olan şəxslərə Amnistiya Aktının tətbiq edilməsi halları olub. Bayramlar ilidir, güman edirəm ki, hər zaman olduğu kimi, dövlət başçısı tərəfindən, Milli Məclis tərəfindən Azərbaycan vətəndaşlarını sevindirəcək qərarlar qəbul olunacaq”.