>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

İlham Əliyev növbəti prezidentlik dönəminə siyasi məhbuslarsız gedir

İlham Əliyev növbəti prezidentlik dönəminə siyasi məhbuslarsız gedir
Səidə Qocamanlı: “Biz çox ümidliyik ki, bu il barış ili olacaq”

Xəbər verdiyimiz kimi, deputat, YAP-ın icraçı katibinin müavini Siyavuş Novruzov “Qərb təşkilatları tərəfindən siyasi dustaqlar kimi təqdim edilən şəxslər də azad edilməlidilər ki, həmin strukturlar tərəfindən Azərbaycana təzyiqlərə son qoyulsun”sözləri müzakirələrə səbəb olub.

Belə ki, indiyə qədər hakimiyyət təmsilçilərinin siyasi məhbus ifadəsini heç zaman yaxına buraxmır və bu problemin olduğunu dilə gətirənlərə sərt etirazlar edirdilər. İndi isə hakimiyyətin artıq bu problemi tamamilə aradan qaldırmaq istəyində olduğu və bunun üçün də cəmiyyətə ölkə daxilində barış mühiti yaratmaq niyyətində olduğu mesajını verdiyi bildirilir. YAP-çı deputat vasitəsilə gündəmə gətirilən bu problemin tezliklə, ən gec halda mayın sonlarına qədər həll olunacağı deyilir.

İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Səidə Qocamanlı “Yeni Müsavat”a açıqlamasında siyasi məhbuslarla bağlı problemin yaxın vaxtlarda aradan qaldırılacağına inandıqlarını söylədi: “YAP-ın önəmli rəsmilərindən biri bu problemi artıq dilə gətirirsə, siyasi məhbusların azadlığa buraxılmasını vacib hesab edirsə, bu elə-belə çıxış deyil. Siyavuş Novruzovun dediklərini elə-belə saymaq olmaz. Deməli, o, cəmiyyətə mesaj verir, cəmiyyətə siqnal göndərir ki, bu problem çözüləcək, tamam qapanacaq. Çox ümidliyəm ki, Siyavuş müəllimin cəmiyyətə göndərdiyi bu mesaj yaxın vaxtlarda öz reallığını tapacaq. Siyasi məhbusları necə istəyirlər adlandırsınlar, lap adi məhbus olduğunu desinlər, Avropa Şurası tərəfindən talelərinə narahat olan şəxslər kimi qələmə versinlər, yetər ki, bu problemi həll etsinlər. Ölkəmizin, nəhayət, bu problemdən qurtulmaq zamanı gəlib. Demokratik cəmiyyətin meyarları var ki, artıq bu meyarların tamamilə ölkəmizdə bərqərar olmasını istəyirik. Biz çox ümidliyik ki, bu il barış ili olacaq. Cümhuriyyətimizin yüz illiyidir. Azərbaycan tarixinin ən şərəfli bayramı ərəfəsində siyasi məhbuslar azad edilsə, bu, bütün ölkədə rəğbətlə qarşılanar. Hüquq müdafiəçiləri olaraq, artıq digər problemlərlə məşğul olmaq istəyirik. Səsimizin o problemlərin həllində eşidiləcəyinə inanırıq. Azərbaycan artıq 17 ildir Avropa Şurasının üzvüdür. Siyasi məhbus problemi ölkəmizin başı üzərində daim dayanır. Artıq Siyavuş müəllimin özü də hiss edir ki, bu ölkə üçün ciddi bir problemdir. Onun üçün də bu mesajı açıq-aydın səsləndirirsə, bu o deməkdir ki, ümid var. Çox istərdim ki, bu ümid Novruz bayramında sınmasın. İndiyə qədər belə bir hal olmamışdı, yəni heç bir hakimiyyət nümayəndəsi siyasi məhbus ifadəsini dilə gətirməmişdi. Hətta biz bu termini dilimizə gətirəndə bizə deyirdilər ki, belə bir problem ölkədə yoxdur. Onun üçün deyirəm ki, necə istəyirlər adlandırsınlar, əsas odur ki, o insanlar azadlığa çıxsınlar. Bunlar olsa, Cümhuriyyət bayramına verilmiş ən böyük qiymət olardı. Cümhuriyyətimizin yüz illiyi heç də kiçik bayram deyil. Bunu bəlkə də gənc nəsil qavramır. Amma bizim nəsil üçün bu çox böyük bir bayramdır. Çünki həmin Cümhuriyyəti quran bizim babalarımız, atalarımız olub. Onlar üçrəngli bayraq deyə-deyə həsrətlə yaşayıblar ki, Azərbaycan nə vaxtsa o totalitarizmdən qurtulacaq. Artıq bu da baş verib. Siyavuş müəllimin bunları dilə gətirməsi təsəvvür edin ki, bütün cəmiyyəti çalxalayıb. Düşünürlər ki, əgər Siyavuş Novruzov kimi iqtidar partiyasının rəhbər nümayəndələrindən biri belə bir fikri səsləndirirsə, deməli ümid var. Bu ümidi sındırmaq olmaz”.

Hüquq müdafiəçisi Qərbdən gələn təzyiqlərin fonunda bu cür situasiyanın yaranması fikirləri ilə razı deyil: “Bu fikri heç zaman qəbul etmirəm. İstəmirəm ki, Qərbdən Azərbaycana təzyiqlər olsun, bunun nəticəsində biz hansısa bir işi görək. Əksinə, biz özümüz Qərbə göstərməliyik ki, bu problemləri ölkə daxilində özümüz həll etməyə qadirik. Doğrudur, Azərbaycan beynəlxalq qurumlara üzv olanda üzərinə bəzi öhdəliklər götürüb. Amma kiminsə qılıncı altında hər hansı bir problemi həll etmək düzgün deyil. Nə üçün Strasburqda heç bir ölkə qınaq obyektinə tuş gəlmir, amma Azərbaycan əleyhinə bu problem barədə tənqidlər səsləndirirlər? Şəxsən mənim üçün bu çox utanvericidir. Bir azərbaycanlı kimi o tənqidləri eşidəndə xəcalət çəkirəm. Biz elə etməliyik ki, orada nümunə olaq. Deməlidirlər ki, baxın, bir SSRİ kimi totalitar rejimin tərkibindən çıxan bu ölkə necə də demokratiyaya nümunədir. Bunların hamısı qəlb ağrıdır. Kimə görə? O siyahıdakı insanlara görə? Axı onların nə zərəri var? Mən onların varlığında heç bir zərər görmürəm. Fərqli fikirlərə dözümlü olmaq lazımdır. Mən səninlə razı ola bilmərəm, amma fikirlərinə hörmət edirəm. Söylənilən fikirdə tənqid olmalı, təhqir deyil. Seçki və Cümhuriyyət ilində artıq elə etməliyik ki, bu problemlərin hamısı çözülsün. Hakimiyyət ola bilər ki, növbəti dönəmə siyasi məhbuslarsız getmək istəyir. Bilmirik seçkilər necə olacaq, amma hər halda, siyasi məhbuslarsız Azərbaycan şüarını ortaya atıblarsa, bunun üstündə durmalıdırlar. Amma bu o demək də deyil ki, siyahıda olanlar azad edilsin, sonradan yenə tutatut başlasın. Bu məsələ kökündən həll olunmalıdır. Vaxtilə 716 nəfərlik siyahı var idi, tədricən onların hamısı azadlığa buraxıldı, az qisimdə şəxslər qaldı ki, onlar da OMON-çular daxil, ömürlüklərdir. Biz o zaman sevinirdik ki, bu problem qapandı, bir daha qalxmayacaq. Amma son 17 ildə yenə də həbslər oldu. Yəni bu maşın daima işlədi. İndi yenə ümid edək ki, artıq dayanacaq”.
“Yeni Müsavat”