>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

MSK daha 7 nəfərin prezidentliyə iddiasını təsdiq etdi

MSK daha 7 nəfərin prezidentliyə iddiasını təsdiq etdi
Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən iclasında daha yeddi nəfərin Azərbaycanda aprelin 11-ə təyin edilmiş prezident seçkilərində namizədliyinin irəli sürülməsinin təsdiq edilməsi məsələsinə baxıb.

Teref.info Trend-ə istinadən bildirir ki, iclasda prezidentliyə namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülmüş Qüdrət Həsənquliyevin, prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülmüş Asif Məmmədovun, prezidentliyə namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülmüş Fərəc Quliyevin, prezidentliyə namizədliyi “Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən irəli sürülmüş Razi Nurullayevin, prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülmüş Elşən Həsənovun, prezidentliyə namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülmüş Araz Əlizadənin, prezidentliyə namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülmüş Hafiz Hacıyevin namizədliyinin irəli sürülməsinin təsdiq edilməsi məsələsinə baxılıb.

İclasda qeyd olunub ki, yuxarıda adları qeyd olunan şəxslərin prezidentliyə namizədliklərinin irəli sürülməsinin təsdiq edilməsi üçün hüquqi əsaslar mövcuddur. Daha sonra hər bir prezidentliyə namizədin namizədliyinin irəli sürülməsinin təsdiq olunması məsələsi ayrı-ayrılıqda səsə qoyulub və təsdiq edilib.

Daha sonra prezidentliyə namizədlərin səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb və qeydə alınıb.

Qeyd edək ki, MSK bundan əvvəl namizədliyi Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən irəli sürülmüş prezident İlham Əliyevin, Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevin, namizədlikləri öz təşəbbüsü ilə irəli sürmüş Zahid Orucun, Tural Abbaslının və Anar Umudovun namizədliklərini təsdiqləmişdi.