>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

ABŞ-ın “təhlükə” siyahısına daxil edilməyimizdə İŞİD “izi”, yoxsa siyasi hədəf...

ABŞ-ın “təhlükə” siyahısına daxil edilməyimizdə İŞİD “izi”, yoxsa siyasi hədəf...
Ekspertlər departamentin açıqladığı siyahının əsl məqsədindən danışdılar

Xəbər verildiyi kimi, ABŞ Dövlət Departamenti amerikalı turistləri xarici ölkələrə səfər zamanı təhlükəsizlik riskləri haqqında məlumatlandırmaq üçün yeni sistem işə salıb. Azərbaycan amerikalı turistlərin təhlükəsizliyinə risk olan dövlətlər arasında ikinci kateqoriya ölkələr siyahısına daxil edilib.

Yeni sistemdə dünya ölkələri səyahətin təhlükəsizliyi baxımından dörd kateqoriyaya bölünüb:

1-ci kateqoriya - adi ehtiyat tədbirləri kifayətdir;

2-ci kateqoriya - ölkəyə səfər zamanı son dərəcə ehtiyatlı olun;

3-cü kateqoriya - bu ölkəyə səyahət etməklə bağlı qərarınızı yenidən nəzərdən keçirin;

4-cü kateqoriya - bu ölkəyə səyahət etməyin.

Qeyd edilir ki, bölünmə şərtidir və məcburi yox, tövsiyə və xəbərdarlıq xarakteri daşıyır. ABŞ Dövlət Departamenti həmçinin münaqişə ilə əlaqədar öz vətəndaşlarına Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə səfərə getməməyi tövsiyə edib.

Artıq Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ABŞ Dövlət Departamentinin Azərbaycanı terror riski olan ölkələr kateqoriyasına daxil etməsinə münasibət bildirib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, son illərdə Azərbaycana turist axınının 24 faiz artdığı, ölkəmizə gələn əcnəbi vətəndaşların sayının 2,7 milyon nəfəri ötdüyü, Azərbaycanın I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula-1 yarışları, mədəniyyətlər və dinlərarası dialoq forumları, digər yüksək səviyyəli siyasi, iqtisadi, idman və mədəniyyət xarakterli mötəbər tədbirlərə, o cümlədən ABŞ və Rusiya Baş qərargah rəislərinin, NATO hərbi komitəsinin rəhbərinin və Rusiya Baş qərargah rəisinin görüşləri kimi tədbirlərə ev sahibi etdiyi halda, ABŞ Dövlət Departamentinin belə bir açıqlaması çox təəccüblüdür. “Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş əraziləri istisna olmaqla, Azərbaycan hökuməti ölkədəki təhlükəsizlik və operativ vəziyyəti tam nəzarətdə saxlayır”.

Azərbaycanın belə bir siyahıya daxil edilməsinə Rusiya da etiraz edib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Azərbaycana getməməyi bu ölkə haqqında hər hansı təsəvvürü olmayan insanlar tövsiyə edə bilər. M.Zaxarova qeyd edib ki, Azərbaycan həm idman, həm də mədəniyyət sahəsində bir çox beynəlxalq tədbirlər keçirib: “Bunu Bakıda heç vaxt olmayan insan yaza bilər. Mən dəfələrlə və böyük məmnuniyyətlə Azərbaycana səfər edən biri kimi deyə bilərəm ki, turistlərə bu ölkəyə getməməyi tövsiyə etmək sadəcə cəfəngiyyatdır”.

Milli Məclisin müdafiə və təhlükəsizlik komitəsinin üzvü Zahid Oruca görə, Departamentin tövsiyələri müxtəlif şəraitlərdən qaynaqlana bilər: “Azərbaycanda həmin şəraitlər mövcud deyil. Yaxın Şərqə gedən terrorçuların ixracı məsələsində isə qətiyyən bizim ölkəmizin adını qabardıb onun adını ön yerlərə qoymaq mümkün deyil. Avropanın inkişaf eləmiş ölkələrindən, hətta ABŞ-dan da gedib İŞİD-ə qoşulanlar var. Rusiyadan 4 mindən artıq adamın qoşulduğu deyilir. Almaniyadan 180 nəfərdən artıq vətəndaş rəsmi rəqəmlərə görə gedib İŞİD-də vuruşub. Həmin şəxslərin içərisində islam etiqadlısı cəmi bir neçə nəfərdir. Belə olan təqdirdə İŞİD-çi elementlərin bəzilərinin geri dönüş təhlükəsinə görə Azərbaycanı terror təhlükəsi olan ölkələr sırasına daxil etmək əsassızdır. Azərbaycanın təhlükəsizlik orqanlarının bu proseslə bağlı çox ciddi addımlar atdığı məlumdur. O biri tərəfdən Azərbaycanın qanunvericilik sistemi çox çevik şəkildə dünyaya uyğunlaşdırıldı. İŞİD-ə qoşulmuş vətəndaşları vətəndaşlıqdan məhrum etmək kimi çox mühüm addım atıldı. Belə olan təqdirdə də düşünürəm ki, Dövlət Departamentindən Azərbaycana qarşı ədalətsiz münasibət göstərilib”.


Politoloq Natiq Miri öncə terrordan dünyada heç bir ölkənin sığortalanmadığını dedi: “Hətta ABŞ və Avropanın böyük dövlətlərində son illərdə terror hadisələri baş verib. Azərbaycanda isə sevindiricidir ki, bu illərdə o cür hadisələr olmayıb. Dövlət Departamenti səmimidirsə bu məqamı nəzərə almalı idi. ABŞ kəşfiyyat informasiyalarına əsasən, bir çox ölkələrdə, o cümlədən Türkiyədə terror riskinin yüksək olması ilə bağlı tez-tez belə xəbərdarlıqlar edib. Bu mənada da öz vətəndaşlarını məlumatlandırır. Ancaq bu cür xəbərdarlığın kökündə bəzən ABŞ-ın geosiyasi maraqları da dayanır ki, həmin maraqlar heç də terror riskinin olduğu göstərilən ölkənin xeyrinə deyil. Adətən Vaşinqton özünün də prosesdə iştirak etdiyi həmin terror hadisələri ilə bağlı, hadisə baş verməzdən öncə ictimai rəyi formalaşdırmağa çalışır. Yəni belə informasiyalarla ictimai rəy formalaşdırır, sonra da bu cür hadisələr yaşanır. Bununla da görüntü yaradılır ki, ABŞ belə təhlükələrlə bağlı əvvəlcədən xəbərdarlıq edib. Əslində isə bu terroru yönəldən ölkənin özü də ABŞ-dır. Söhbət İŞİD və PKK terrorçularından gedir. Bir neçə yüz Azərbaycan vətəndaşının illər öncə gedib İŞİD-ə qoşulmasını Dövlət Departamenti xəbərdarlığına əsas kimi göstərirsə tamamilə yanlışdır. Əvvəla, artıq həmin vətəndaşların bir qisminin həyatda olmadığı bəllidir. Tək-tək sayda ölkəyə geri dönənlər barədə isə müvafiq orqanlar ölçü götürür. İkincisi, PKK və İŞİD-i birmənalı dəstəkləyən və yönəldən ölkə məhz ABŞ-dır. Bu, artıq təkzibolunmaz dəlillərlə sübut olunub. Ona görə də Azərbaycana yönəlik bu xəbərdarlıq heç də ölkəmizi sevdikləri üçün deyilən bir xəbərdarlıq deyil. Ona görə bu məsələdə ehtiyatlı olmalıyıq. Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-ın həmin açıqlamasını təəccüblü bəyanat kimi xarakterizə edib. Ancaq açıqlamanı təəccüblü adlandırmaq lazım deyil. Onu fundamentindən analiz edib, altında hansı geosiyasi maraqların, mesajların verildiyini ortaya qoymaq və ona adekvat reaksiya verərək, təhlükəsizlik məsələlərini gücləndirmək gərəkdir”.

Etibar SEYİDAĞA,
"Yeni Müsavat"