>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Deputat supernazirlik yaradılacağı xəbərini şərh etdi

Deputat supernazirlik yaradılacağı xəbərini şərh etdi
Vergilər Nazirliyi və Dövlət Gömrük Xidmətinin birləşdirilə biləcəyi xəbərləri yayılıb; Vahid Əhmədov: “Birdən-birə bütün strukturları bir yerə yığmaq müəyyən problemlər də yarada bilər”

Ölkə gündəmində müzakirə olunan növbəti struktur islahatı Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsinin vahid bir qurumda birləşəcəyi( buna supernazirlik də deyilir-N.L.) ilə bağlı məlumatlardır ki, bunu da “Turan” informasiya agentliyi yayıb.

Agentliyə mötəbər mənbələrdən verilən məlumatlara görə, tezliklə Dövlət Gömrük Xidmətinin və Vergilər Nazirliyinin inteqrasiyası yolu ilə vahid fiskal orqan yaradılacaq. Bu da dövlətə həmin xidmət vasitəsilə tamamilə sabit gəlir əldə etməyə imkan verəcək. Bu manevrdə məqsəd təkrarlanmanı aradan qaldırmaq və idarəetmənin səmərəliliyini gücləndirən sinergetik effekt əldə etməkdir. Əksər iqtisadçı ekspertlər bu islahat xəbərini müsbət dəyərləndiriblər.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov “Yeni Müsavat”a danışarkən bildirdi ki, beynəlxalq aləmdə bununla bağlı müəyyən təcrübələr var: “Bu iki qurum büdcə ilə əlaqəli təşkilatlardır. Faktiki olaraq bu qurumların həyata keçirdiyi yığımlar büdcənin gəlir hissəsini təşkil edir. Vergilər Nazirliyi də, Gömrük Komitəsi də əsasən Maliyyə Nazirliyinə işləyirlər. Büdcəyə cavabdeh təşkilat da faktiki olaraq Maliyyə Nazirliyidir. Bir çox dövlətlərdə vergi və gömrüklə əlaqədar orqanlar Maliyyə Nazirliyinin tərkibində fəaliyyət göstərirlər. Azərbaycan 26 ildir ki, müstəqil dövlətdir. Bu, çox da böyük bir müddət deyil. Birdən-birə bütün strukturları bir yerə yığmaq müəyyən problemlər də yarada bilər. Ancaq bunun üçün artıq müəyyən məqamlar yetişir ki, bu təşkilatlarda müəyyən strateji xətlər irəli sürülsün. Həmçinin Maliyyə Nazirliyi ilə bu qurumlar arasında büdcəyə daxilolmalar istiqamətində bir münasibət qurula bilsin. Bu baxımdan müəyyən birləşmələr ola bilər. O da cənab prezidentin səlahiyyətində olan məsələdir. Lakin buna müəyyən qədər vaxt da lazımdır”.

İqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov “Turan”a deyib ki, vergi və gömrüyü birləşdirərək tək bir fiskal orqanının yaradılması qərarı özünü doğruldur: “Dünyada belə yanaşma çərçivəsində uğurlu nümunələr çoxdur. Amma əks nəticələr də olub. Dünya praktikasında qurumların iri və əməliyyat baxımından yöndəmsiz, nöqsanlı səlahiyyət bölgüsü olan strukturlara inteqrasiyası təcrübəsi olub, bu zaman müxtəlif departamentlər onlara uyğun olmayan funksiyalar əldə edib. Ona görə də qərarların qəbulu çox vaxt əsassız olaraq uzun vaxt aparır, bəzən isə yenidən baxılmağı tələb edirdi. Birləşmənin müsbət nəticələri də olub: birgə vergi-gömrük yoxlamaları, qanunvericilik normalarının eyni cür anlaşılması, iki xidmət arasında tam informasiya mübadiləsinin yaradılması. Azərbaycanda çox şeyi kadrlar həll edir. Hesab edirəm ki, yeni fiskal orqana yeni təyin olunmuş vergilər naziri Mikayıl Cabbarov rəhbərlik edəcək”.

İqtisadçı ekspert Natiq Cəfərli də belə bir islahatın 2013-cü ildən REAL-ın proqramında öz əksini tapdığını deyib: “Bu iki qurumun birləşməsi labüddür. Dövlət Gömrük Komitəsinin timsalında ayrıca dövlət strukturunun olması məqsədəuyğun deyil. Vergi və gömrük xətləri üzrə büdcə gəlirləri bir rəhbərlik altında bir istiqamətə getməlidir. Ümumiyyətlə, belə bir yanaşma biznesin xeyrinə daha çevik vergi və gömrük siyasəti yürütməyə imkan verir. İndi biznesin lehinə qərar qəbul edərkən nazirlik və qurumların maraqları toqquşur. Bu məsələ ölkə müstəqillik qazanandan işgüzar dairələri narahat edir. Çünki gömrük və vergi xidməti sahibkarlığın inkişafına mane olur. Onların birləşdirilməsi idarəetmənin səmərəliliyinə kömək edəcək”.

Mövzu ilə bağlı iqtisadçı ekspert Rəşad Həsənov da “Yeni Müsavat”a açıqlamasında belə bir təcrübənin dünyada mövcud olduğuna diqqət çəkib: “Ümumiyyətlə, Gömrük Komitəsinin ləğv edilməsi, Maliyyə Nazirliyinin və ya Vergilər Nazirliyinin strukturunda birləşdirilməsi uzun müddətdir müzakirə olunur. Ancaq məsələ ondan ibarətdir ki, hələ də bu istiqamətdə hər hansı addım atılmayıb. Dünya təcrübəsində bənzər metodlar əksər hallarda istifadə olunur. Çünki gömrük rüsumu və verginin bir qurumun əlində cəmləşdirilməsi, eyni zamanda idarəetmənin optimallaşdırılması aktual məsələlərdən biridir. Dünya təcrübəsində bənzər situasiyalarda oxşar qərarlar verirlər, əksər hallarda gömrük xidmətinin Vergilər Nazirliyinin strukturunda yerləşdirilməsi metodundan istifadə olunur. Azərbaycanda da bu addımın atılması doğru olardı. Nəzərə alsaq ki, ölkəmiz kiçik bir ölkədir. Bu baxımdan strukturların azaldılmasına ehtiyac var. Dövlət strukturlarının sayı həddindən artıq çoxdur. Bu addım həm vahid nəzarət mexanizminin yaradılması, dövlətin fiskal siyasətində konsentrasiyanın aparılması məqsədilə atıla bilər. Həmçinin xərclərin azaldılması, strukturun optimallaşdırılması məqsədilə bu qurumların birləşdirilməsi müsbət addım olardı. Eyni zamanda hazırkı situasiyada bu kimi addımın atılması ehtimalı çox azdır. Son günlərdə Vergilər Nazirliyində müəyyən işlər aparılır. Ancaq bu işlərin nəticələrinin nə dərəcədə islahat xarakterli olacağını müəyyənləşdirmək bir qədər çətindir. Baxmayaraq ki, Vergilər Nazirliyi artıq yeni çağırışlara uyğunlaşma ilə bağlı açıqlama yayıb. Müəyyən səlahiyyətli şəxslər işdən azad edilir. Ancaq bununla belə qeyd edilən addımın atılacağı ehtimalı çox aşağıdır”.