>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

"Döyüldüyünü iddia edən keçmiş SOCAR əməkdaşı təxribatla məşğuldur" - Sübhan İsmayılov

 "Döyüldüyünü iddia edən keçmiş SOCAR əməkdaşı təxribatla məşğuldur" - Sübhan İsmayılov
“Arif Azad oğlu Qəmbərovun məhkəmə iddiası rədd edilsə də “Kompleks Qazma İşləri” Trestinə və SOCAR-a qarşı təxribat xarakterli dedi-qodularını davam etdirir. Amma bununla da heç nəyə nail ola bilməyəcək, çünki dedikləri hamısı böhtandır”.

"Report" xəbər verir ki, bunu Trestin kadrlar şöbəsinin rəisi Sübhan İsmayılov verdiyi açıqlamada bildirib.

Onun sözlərinə görə, vaxtilə A.Qəmbərovun çoxsaylı müraciət və xahişləri nəzərə alınaraq “Günəşli” istehsalat bölümündə dəniz şəraitində işləməyə göndərilib: “İşlədiyi dövrdə çoxlu nöqsanlara yol verib. 4 fevral 2015-ci il tarixində qurğu rəisinin müavini işləyərkən onun səhlənkarlığına görə qəza baş verib. Ona görə də ixtisas dərəcəsi bir pillə aşağı salınıb və intizam tənbehi kimi sonuncu xəbərdarlıqla "şiddətli töhmət" verilib”.

“Daha sonra A.Qəmbərovun da işlədiyi “Günəşli” istehsalat bölümünün işçiləri qazma işləri başa çatdığı üçün dənizdəki iş yerlərindən quruya çıxarılaraq strateji əhəmiyyətli Qaradağ Qaz Anbarında qazılan yeni quyuda öz peşə və vəzifələrinə uyğun olaraq işlə təmin olundular. 150 nəfər işçidən 149 nəfəri işlə təmin olundu və yalnız A.Qəmbərov təklif olunan müxtəlif funksiyalı işlərdən imtina etdi. O, yalnız dəniz şəraitində qurğu rəisi və qurğu rəisinin müavini vəzifəsində işləyəcəyini şərt kimi irəli sürdü. Təklif olunan işlərdən imtina etməsi barədə bir neçə dəfə akt tərtib olunmasına, əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq, işçi sayının ixtisarı ilə əlaqədar yazılı xəbərdarlığa da məhəl qoymadı. O hətta xəbərdarlığı qəbul belə etmədi və biz xəbərdarlığı poçt vasitəsilə Qəmbərovun yaşadığı ünvana göndərməli olduq. Buna baxmayaraq, ona yenidən iş təklifi edildi və A.Qəmbərov yenidən israrla bundan imtina etdi. Bütün bunlardan sonra 23 oktyabr 2017-ci il tarixində onunla bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv edildi”, - deyə kadrlar şöbəsinin rəisi bildirib.

Bununla yanaşı qeyd olunur ki, A.Qəmbərov işə bərpa və ixtisas dərəcəsinin aşağı salınması ilə bağlı ayrı-ayrı iddialarla Nərimanov Rayon Məhkəməsinə müraciət edib. Trest tərəfindən təqdim edilmiş dəlil və sübutlardan sonra Məhkəmənin 8 dekabr 2017-ci il tarixli qətnaməsi ilə A.Qəmbərovun iddiası əsassız hesab edilərək rədd edilib: “Hazırda A.Qəmbərov müxtəlif saytlarda şər-böhtan xarakterli məlumatlar yayaraq trestin, şirkətin və dövlətimizin nüfuzuna xələl gətirməyə, özünü təmizə çıxarmağa çalışır. Bu məqsədlə dövlətçiliyə qarşı yönələn və xaricdən idarə olunan, Azərbaycanın uğurlarının gözdən salınmasına xidmət edən verilişlərdə iştirak etməkdən, qərəzli şərhlər verməkdən yorulmur. Arif Qəmbərovun belə hərəkətlərinə istər onun öz "Facebook" səhifəsindəki statuslarda, istərsə də digər elektron mənbələrdə istənilən qədər material var və həmin materialları maraqlananlara təqdim edə bilərik”.