>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Fazil Məmmədovla Cahangir Hacıyevi birləşdirən “səhhət” məsələsi

Fazil Məmmədovla Cahangir Hacıyevi birləşdirən “səhhət” məsələsi
Sabiq vergilər nazirinin gedişi Beynəlxalq Bank sədrinin istefasını xatırladır; Məmmədovun da komandasında həbslər ola bilər

Vergilər naziri Fazil Məmmədovun işdən çıxarılması geniş müzakirələrə səbəb olub. Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Fazil Məmmədovun işdən çıxarılmasını şərh edərkən deyib ki, sabiq nazirin xəstəliyi vardı və bundan xeyli əziyyət çəkirdi. Buna görə də özü ərizə yazıb işdən getməsini istəyibmiş. F.Məmmədovun öz ərizəsi əsasında işdən getməsi Beynəlxalq Bankın prezidenti Cahangir Hacıyevin öz ərizəsi ilə işdən getməsini yada salır.

2015-ci ilin martında elan olundu ki, Cahangir Hacıyev səhhətində olan problemləri əsas gətirərək vəzifəsindən getməsi haqda istefa ərizəsi yazıb. 18 mart 2015-ci ildə Azərbaycan Beynəlxalq Bankının Müşahidə Şurası onun istefasının qəbul olunması və vəzifəsindən azad edilməsi barədə qərar qəbul edib. Bildirilirdi ki, ölkə rəhbərliyindən xahiş edib ki, səhhəti ilə bağlı onu tutduğu vəzifədən azad etsin. Xəbərlər yayılırdı ki, C.Hacıyev xaricə köçməyə hazırlaşır, ona görə istefa ərizəsi yazıb. Amma az keçmədi ki, Cahangir Hacıyevin maliyyə xəyanətinə görə işdən çıxarılması üzə çıxdı. Məlum oldu ki, səhmlərinin çoxu dövlətə məxsus olan Beynəlxalq Bankından külli miqdarda vəsaitlər “xortumlanıb”, xeyli iş adamına böyük və geri qaytarılacağı şübhə doğuran kreditlər verilib. C.Hacıyevin süpürgəçisindən sürücüsünə, gözətçisindən evindəki xadiməyə, katibəsindən köməkçisinə qədər ətrafında və münasibəti olan hər kəsin adına kreditlər yazılaraq götürülüb. Həmin məbləğlər bir çox hallarda heç bir perspektivi olmayan layihələrə yönləndirilib. Cahangir Hacıyev 20 ilə yaxın Azərbaycanın ən böyük bankına rəhbərlik etmişdi. Fazil Məmmədov da sıradan bir nazir deyildi. Üstəlik də onun idarəetməsinə Binəqədi, Şəmkir, İsmayıllı və Gədəbəy rayonları, ATA holdinq kimi nəhəng bir təsisat vardı. Hazırda F.Məmmədovun öz ərizəsi ilə işdən getməsi haqda məlumatlardan savayı ortalıqda rəsmi bir məlumat yoxdur. Amma çoxsaylı iddialar var.

18 il vergi sisteminə rəhbərlik edən şəxsin işdən çıxarılması çox qəfil oldu deyə belə iddiaların həqiqiliyinə inam da çoxdur. Hətta Fazil Məmmədovun işdən çıxarılması xəbərini mətbuatdan öyrəndiyi də bildirilir. İşdən çıxarıldığı gün Fazil Məmmədov həmişə olduğu kimi işə gəlib. Vergilər Nazirliyində dövlət büdcəsinin proqnoz gəlirlərinin icrası və Vergilər Nazirliyinin qarşısında duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirib. İşçilərə konkret tapşırıqlar verib. Bir neçə saat sonra isə mətbuat işdən çıxarılması haqda məlumat alıb. İşdən çıxarılması Fazil Məmmədovun özü üçün də sürpriz olub. Sabiq səhiyyə naziri, hazırda həbsdə olan Əli İnsanov da işdən oxşar şəkildə çıxarılmışdı. Fazil Məmmədovu vergilər naziri postunda əvəzləyən Mikayıl Cabbarovun sələfi Misir Mərdanov da özünün işdən çıxarılmasını Bakıda keçirilən beynəlxalq tədbirdə eşitmişdi.

Belə iddialar var ki, Fazil Məmmədovun çox ciddi bir qalmaqallı işə adı qarışıb, bu üzdən onun barəsində qəfil siyasi qərar verilib. Hələlik onun hansı bir işin üzərindən güdazına getməsi bəlli deyil. Fazil Məmmədov sıradan bir nazir deyildi. Qəfil işdən çıxarılması çox ciddi siqnal da ola bilər. Hazırda müxtəlif iddialar, versiyalar var. Fazil Məmmədovun “MTN işi” ilə bağlı işdən çıxarılmasından tutmuş iri və hakimiyyətə yaxın vergi ödəyicilərini incidilməsinə qədər hərəkətlərə yol verməsi söhbətlərin əsas mövzusudur. Daha çox inandırıcı versiya budur ki, F.Məmmədov və komandası çox böyük maliyyə sapmalarına yol verdiyi üçün siyasi rəhbərliyin qəzəbinə tuş gəlib. Vaxtilə qəfil işdən çıxarılan Misir Mərdanovun yerinə təhsil naziri göndərilən Mikayıl Cabbarovun sonrakı aylarda atdığı addımlarla köhnə təhsil klanı tamamilə işdən kənarlaşdırıldı. M.Cabbarov oturumuş klanlara qarşı radikal mövqe tutması ilə tanındı. Bu gün Təhsil Nazirliyində M.Mərdanov klanından əsər-əlamət qalmayıb. Bu baxımdan M.Cabbarov sınaqdan çıxmış kadrdır. Fazil Məmmədovun qəfil gedişinin arxasında gizlənən məqamlar çox keçməz ki, mətbuatın, ictimaiyyətin müzakirəsinə çıxarılar.musavat.com/