>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

"Erməni səfir fərqində olmadan UNESCO tribunasında etiraf elədi ki, Qarabağı işğal ediblər"

"Erməni səfir fərqində olmadan UNESCO tribunasında etiraf elədi ki, Qarabağı işğal ediblər"
Bugün UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin (ICH) Qorunması üzrə Hökumətlərarası Komitənin 12-ci sessiyasında Azərbaycanın təqdim etdiyi nominasiya (“Mədəni kimliyinin hissəsi olan dolmanın hazırlanma və paylaşma ənənəsi”) Ermənistan UNESCO Milli Komissiyasının sədri Vahram Kazhoyanın provokativ müdaxiləsinə baxmayaraq UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edildi.

Konvensiyanın ruhuna tamamilə zidd hərəkət edərək UNESCO ICH Komitəsinin işini siyasiləşdirməklə, Ermənistan, Komitə üzvləri arasında etibarını sıfırladı. Aqressivlik, səviyyəsizlik və nifrət çıxışları mədəni cəmiyyətlərdə/ auditoriyalarda həmişə ikrah doğurur. Bu sadə həqiqəti başa düşməyə ağılları çatmır.

Azərbaycanın UNESCO-da səfiri Anar Kərimov Vahrama mədəni formada cavab versə də, Vahram həyasızlığını dayandırmadı. Vahramın arqumenti o qədər gülünc idi ki, səfir Qarabağda doğulduğunu söyləmək məcburiyyətində qaldı.

Moderatorun (Koreyanın UNESCO-dakı səfirinin) bacarıqsızlığını və savadsızlığını da xüsusi vurğulamaq lazımdır. Yəqin ki, səhvini başa düşüb üzr istəyəcək.

Vahramın nifrət çıxışını dinləməyə səbri çatmayanlar üçün qısaca bildirim ki, Vahram, Ermənistanın işğalı altında olan Qarabağa aid qeyri-maddi mədəni irsimizin mövcud olmasını şübhə altına aldı. Elə bilir ki, Qarabağı işğal etməklə Qarabağ icmasının qeyri-maddi mədəni irsini də işğal ediblər. Səfir olasan, ancaq bilməyəsən ki, qeyri-maddi mədəni irsin daşıyıcıları yaşadıqca o irs də yaşayır. Əslində fərqində olmadan UNESCO tribunasında etiraf elədi ki, Qarabağı işğal ediblər və bizim mədəni irsimizi hədəf alıblar.