>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

“SOCAR Ukraine” Ukrayna Müdafiə Nazirliyindən 7 milyon dollardan çox vəsait aldı –Məhkəmə yolu ilə

“SOCAR Ukraine” Ukrayna Müdafiə Nazirliyindən 7 milyon dollardan çox vəsait aldı –Məhkəmə yolu ilə
"SOCAR Ukraine" məhkəmə qaydasında Ukrayna Müdafiə Nazirliyinə satdığı yanacağa görə vəsaiti almağa nail olub.

Teref.info "Report"a istinadən xəbər verir ki, 16 may 2017-ci il tarixində SOCAR və Müdafiə Nazirliyi arasında müdafiə idarəsinə "TS-1" və ya "Jet A-1" markalı reaktiv mühərriklər üçün yanacaq tədarükünə dair müqavilə imzalanıb.

Şirkət cari ilin may ayının sonunadək Müdafiə Nazirliyi üçün 6,1 min ton ağ neft göndərməli idi. Fakturaya əsasən, "SOCAR Ukraine" Ticarət Evi sifarişçinin balansına ümumilikdə 185,9 milyon qrivna dəyərində yanacaq tədarük edib.

"SOCAR Ukraine"nin mətbuat xidmətindən verilən məlumata görə, Müdafiə Nazirliyinin aldığı yanacağa görə ödəniş etməməsi məhkəməyə müraciət üçün səbəb olub. Təqdim edilən sənədləri araşdırdıqdan sonra, Kiyevin Təsərrüfat Məhkəməsi noyabrın 6-da "SOCAR Ukraine" Ticarət Evinin iddiasının tam təmin edilməsi və Müdafiə Nazirliyindən 185 milyon 900 min qrivna məbləğindən əsas borc və 240 min qrivna məbləğində məhkəmə yığımının alınması barədə qərar qəbul edib.

Şirkətin mətbuat xidmətindən bildirilib ki, noyabrın 20-nə olan vəziyyətə görə, 185,9 mln. qrivna həcmində vəsait şirkətin hesabına daxil edilib.

"Qeyd etmək lazımdır ki, satınalma nəticəsinin belə alınması və şikayətlər üzrə məhkəmə çəkişmələrinin SOCAR-ın xeyrinə həll olunması, bizim işimizdə birinci dəfə deyil. Biz ötən il hadisələrin adət halını almış gedişini dəyişən ilk şirkət olduq. Belə ki, biz satınalma prosedurlarının nəticələrini müdafiə edərək Ukrayna Dəmir Yollarına duru yanacaq tədarük etmək imkanı əldə etdik. Təəssüf ki, dövlət satınalmaları sisteminin həm biznes, həm də dövlət üçün açıq-aydın müsbət səmərə verməsinə baxmayaraq, bu sistemin həqiqətən də, şəffaf işləməsi üçün yenə də xeyli iş görmək lazımdır", – deyə "SOCAR Ukraine"nin mətbuat xidmətindən bildirilib.

"Biz öz tərəfimizdən yanacaq tədarükü və dövlət satınalmaları prosedurlarının nəticələri üzrə onlara görə ödənişə dair öhdəlikləri hüquqi baxımdan zəmanət altına almaq üzərində çox işləyirik. Biz dərk edirik ki, Ukraynaya yatırılan investisiyaların 100 faizi Azərbaycanın, onun dövlət neft şirkətinin vəsaitidir. Məhz buna görə bizim şirkətin fəaliyyəti Bakıdan bildirilən korporativ standartlar çərçivəsində görülür. Bu prinsiplər qanunla oynamağı nəzərdə tutmur, əksinə bizim fəaliyyətimizi tamamilə hüquqi sahə çərçivəsində tənzimləyir", – deyə "SOCAR Ukraine"dən qeyd olunub.

"SOCAR Ukraine"də əmindirlər ki, mürəkkəb və yüksək rəqabətli biznes sivil qaydada işləyə bilər. Bunun nəticəsində ilk növbədə həm dövlət, həm də sıravi vətəndaşlar qazanır, eyni zamanda əhəmiyyətli vəsaitə qənaət olunur.

"Şirkət Ukraynada birinci il deyil ki fəaliyyət göstərir və bu əhəmiyyətli investisiyalar Azərbaycanın biznes imkanlarını tanıtmağa, yəni Ukrayna biznesinin xeyrinə olacaq yüksək meyarların müəyyən edilməsinə yönəlib. Əlbəttə, biz də bütün xarici investorlar kimi ümid edirik ki, siyasət tədricən yaxşılığa doğru dəyişəcək və bizim investisiyalar həm Ukrayna iqtisadiyyatı, həm də yatırımçı şirkətlər üçün daha səmərəli olacaq", – deyə "SOCAR Ukraine" mətbuat xidməti qeyd edib.