>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

"Nə düz 3 il öncə erməni helikopterini vurmuş İlkin Muradovumuz yada düşdü, nə də..."

"Nə düz 3 il öncə erməni helikopterini vurmuş İlkin Muradovumuz yada düşdü, nə də..."
Doğrudan da biz deyəsən unutqanlığımızdan və yaddaşsızlığımızdan hələ də əl çəkmək istəmirik. Və belə gedişlə biz həqiqətən də deyəsən düzələn deyilik axı. Hər dəfə qısa bir zaman kəsiyində "asırıq", "kəsirik", "coşuruq-daşırıq" və bir müddət keçdikdən sonra, "fısımız" yatır və hər şey unudulur. Hətta ən yaxın tariximizdə olan önəmli hadisələri belə nədənsə unuduruq. Sonra da deyirik ki, niyə düşmənlərimiz bizdən qat-qat bu işlərdə öndədirlər və "siçandan fil düzəltməyi" bacarırlar. Özümüzün isə dağ boyda halal faktlarımız-sübutlarımız olduğu halda tənbəl kimi unudur və sanki kənardan hansısa işarə-göstəriş gözləyirik. Bu əsasən mətbuata cavabdehlik daşıyan məsul şəxslərə daha çox aiddir.
Dünəndən gözlüyürdüm ki, bizim yazılı və elektron mətbu orqanlarımız Silahlı Qüvvələrimizin tarixində çox önəmli bir hadisəni yenidən geniş şəkildə işıqlandıracaq və 3 il bundan öncə bütün ölkənin böyük həvəs və şövqlə danışdığı, nümunə göstərdiyi Qəhrəmanlığı düşmənin yadına salacaq. Və bu addımımız ilə mənfur işğalçılara, onların havadarlarına bir daha xatırlatmağa borclu idik ki, biz əbədi və əzəli torpaqlarımız olan Dağlıq Qarabağda düşmənin bundan sonra da "at oynatmasına" dözmək fikrimiz yoxdur və onlar vaxtı nə qədər uzatsalar da gec-tez söhbəti var.

Qısaca xatırladım ki, 3 il bundan əvvəl – 2014-cü il noybarın 12-də Azərbaycan-Ermənistan təmas xəttinin Ağdam rayonu istiqamətində Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus Mİ-24 döyüş vertolyotu Azərbaycanlı hərbçilər tərəfindən məhv edilmişdi. Və hər zaman ermənilərə xüsusi simpatiyası, canyanaqlığı ilə seçilən ATƏT sədrinin şəxsi nümayəndəsi, şəxsən mənim üçün erməni agenti olması heç bir şübhə doğurmayan səfir Anjey Kasprşikin cənfəşanlığı sayəsində təmas xəttinin neytral ərazisinə düşmüş vertolyot və ekipaj üzvləri – mayor Sergey Saakyan, baş leytenant Sarkis Nazaryan və leytenant Azat Saakyanın cəsədlərinin qalıqları qarşı tərəfə qaytarıldı. Düşmənin döyüş helikopterini "İQLA" daşınan zenit raket kompleksi ilə məhv edən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmuş Muradov İlkin Məmməd oğlu idi. Onu da qeyd edim ki, müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə düşmənə sarsıdıcı zərbə vuran hərbçimiz "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilmişdi, eyni zamanda ona qiymətli hədiyyə ilə mükafat verilmişdi.
Amma, yaxın tariximizin ən yaddaqalan hadisəsi sanki hansısa gözəgörünməz qüvvələr tərəfindən görməzliyə vuruldu və düşmənə yaşatmalı və xatırlatmalı olduğumuz hadisə demək olar ki, tamam unuduldu.
Nə 2014-cü ilin ən yaddaqalan hadisəsinin qəhrəmanı olmuş İlkin Muradovumuz yada düşdü, nə də onun özü, hərbçi yoldaşları ilə bağlı hər hansı geniş məlumat gözə dəymədi. Ən qəribəsi isə, sosial şəbəkələrdə, mediada bu hadisə faktiki yada salınmadı və xatırlanmadı. Axı bu hadisənin ən böyük tərbiyyəvi əhəmiyyəti ondan ibarət idi ki, hərbi vətənpərvərlik sahəsində gənc əsgər və zabitlərimizə, bütövlükdə cəmiyyətimizə təbliğ olunası bir haidsədir düşmənə vurduğumuz həmən o sarsıdıcı zərbə. Düşünürəm ki, ermənilərdə belə bir hadisə olsaydı, indi onlar bunu necə var işıqlandırar və geniş təbliğ edərdilər. Biz isə, ən yaxın tariximizdə - cəmisi 3 il bundan öncə baş vermiş çox əhəmiyyətli hadisəni belə tez bir zamanda unutduq və üstündən sükutla keçdik. Bu kökündən yanlış bir yanaşmadır və hesab edirəm ki, düşmənin iş üzünü, işğalçılıq siyasətini ifşa etməkdən ötəri biz mütləq 12 noyabr 2014-cü ildə ərazilərimizə soxulmuş düşmənin layiqincə cəzalandırılmasını daima onlara xatırlatmağa borcluyuq. Hər bir işğalçı erməni hərbçisini bu cür faciəvi sonluq gözlədiyini onlara yaşatmalıyıq.
Tanrı Azərbaycanımızı, Silahlı Qüvvələrimizi və məxsusi olaraq onun gecə-gündüz düşmənlə üz-üzə dayanmış əsgər və zabitlərini qorusun!

Üzeyir Cəfərov, tanınmış hərbi ekspert,
Moderator.az saytının rus versiyasının redaktoru