>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Vidadi Zeynalov üçün azadlıq ssenarisi YAZILDI - İDDİA

Vidadi Zeynalov üçün azadlıq ssenarisi YAZILDI - İDDİA
Ləğv olunan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) aparat rəhbəri Vidadi Zeynalova dövlətə vurduğu 2 milyon 25 min manat zərəri geri ödədikdən sonra məhkəmənin qərarı ilə ona 13 il həbs verildi. Ancaq buna baxmayaraq, dövlətə vurduğu zərəri tam şəkildə ödəyən Vidadi Zeynalovun azadlığa buraxılacağı haqqında məlumatlar yayıldı. Baxmayaraq ki, qanunvericiliklə dövlətə vurulan zərərin ödənilməsi həmin şəxsi məsuliyyətdən azad etmir.

Bununla bağlı Vəkil Əsabəli Mustafayev bu məsələnin hüquqi tərəfini “Cümhuriyət” qəzetinin 11 iyul sayında şərh edərkən bildirib ki, qanunda dəymiş ziyanın ödənilməsi azadlığa çıxmaq üçün əsas göstərilməyib: “Bildirilir ki, bundan sonra qanunda dəyişiklik olunacaq ki, əgər dəymiş ziyan ödənilirsə, şəxs azadlığa çıxa bilər. Qanunda dəyişiklik olunacaqsa, bu yüngülləşdirici hal kimi tətbiq oluna bilər. Çünki yüngülləşdirici halların geriyə qüvvəsi var. Ancaq hal-hazırda zərərin ödənilməsi əsas deyil ki, dövlətə zərər vuran şəxs azadlığa çıxsın”.

Ancaq hələ də Vidadi Zeynalovun tezliklə azadlığa çıxacağı haqqında məlumat dolaşır. Bu günlərdə isə Vidadi Zeynalovun səhhəti ilə əlaqədar tibb müəssisəsinə köçürülməsi bu məsələni bir daha gündəmə gətirdi. Belə ki, məlumatlarda Vidadi Zeynalov xəstəliklə tibb müəssisəsinə, sonrakı addımda isə azadlığa çıxacaq. Ancaq yuxarıda da qeyd olunduğu kimi, Vidadi Zeynalovun azadlığa çıxması qanunvericiklə mümkün deyil. Digər tərəfdən, məhkəmə artıq onun haqqında hökm verib və onu 13 il azadlıqdan məhrum edib.

Qeyd edək ki, “Rabitə işi” çərçivəsində məsuliyyətə cəlb olunanların dövlətə vurduğu zərər ümumilikdə 7.3 milyon manat dəyərləndirilib. Məhkəmə materiallarında məlum olduğuna görə artıq bu məbləğ təqsirləndirilən şəxslər tərəfindən tam şəkildə ödənilib. Digər tərəfdən, iddia olunurdu ki, məhkəmənin hökm çıxarmaması, prosesin uzanması da məhz bu amillə bağlıdır. Çünki ekspertlərin də qeyd etdiyi kimi dövlətə dəymiş zərərin geri qaytarılması yüngülləşdirici hal kimi qəbul olunur. Dövlətə dəymiş zərərin ödənilməsi və məhkəmənin hökm çıxarması onu deməyə əsas verir ki, Vidadi Zeynalov və “Rabitə işi”ndə təqsirləndirilən şəxslərin azadlıq arzuları gerçəkləşməyəcək. Vidadi Zeynalov isə ən yaxşı halda 13 ildən sonra təbii ki, araşdırmalar zamanı yeni cinayətləri üzə çıxmasa, azadlığına qovuşa bilər.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) mətbuat xidmətinin rəhbəri Vüsal Qarayev “Cümhuriyət” qəzetinə şərhində deyib ki, əgər Vidadi Zeynalov azadlığa çıxacaqsa, bu onun azadlığını rüşvətlə alması anlamına gələcək: “Bu səhhət məsələsindən isə dünyanın hər yerində istifadə olunur. Amma bir məsələyə də toxunmaq istəyirəm. Mən əslində maliyyə amnistiyasının tərəfdarıyam. Dövlət büdcəsinə külli miqdarda ziyan vurmuş korrupsioner bir məmur həbs olunur, lakin oğurladıqları geri alınmırsa, bunun kimə nə xeyri var ? Əgər Vidadi Zeynalovun vurduğu zərər 2 milyon 25 min manatdırsa, buraxılmasına etirazım olmazdı. Lakin hamımız yaxşı bilirik ki, bu belə deyil. Bu məbləğ oğurlananların heç 10/1-i deyil. Ona görə də bu olayı maliyyə amnistiyası kimi dəyərləndirmək olmur. Olsa-olsa, rüşvət alıb azad etmək məsələsidir”.