>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Rusların “çekist” və “keqebeşnik” sevgisi artdı

Rusların “çekist” və “keqebeşnik” sevgisi artdı
Rusların SSRİ dövrünün xüsusi xidmət orqanlarına qarşı münasibəti son 20 ildə dəyişib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Levada Çentr” şirkəti yayıb. Şirkətin keçirdiyi sorğuya əsasən, rusların yalnız 12%-i SSRİ-nin ilk xüsusi xidmət orqanı olan Ümumrusiya Fövqəladə Komissiyasının (VÇK) siyasi terror və repressiyalarla məşğul olduğunu bildirib. Bu fikri müdafiə edənlərin sayı 1997-ci illə müqayisədə 11% azalıb. Bu qurumun cinayətkarlıqla mübarizə apardığını düşünənlərin sayı isə 28%-dən 42%-ə qalxıb.

Rusların Dövlət Təhlükəsizlik Komitəsinə (KQB) də münasibəti dəyişib. Belə ki, respondentlərin 41%-i DTK-nın dövlətin maraqlarını müdafiə etdiyini bildirib. Bu tip düşünən rusların sayında əvvəlki dövrlə müqayisədə 19% artım olub. DTK-nın repressiyalarla məşğul olduğunu düşünənlərin sayı 22%-dən 17%-ə düşüb.

Qeyd edək ki, Ümumrusiya Fövqəladə Komissiyası 1917-ci ildə yaradılıb. Qurumun əsas məqsədi əks-inqilab və sabotajın qarşısını almaq olub. Komissiyaya yarandığı gündən Feliks Dzerjinski rəhbərlik edib. Onun beş illik fəaliyyəti dövründə (1917-1922-ci illər) qırmızı terror tam geniş şəkildə həyata keçirilib. Komissiya təkcə bu dövr ərzində 140 min insan barədə güllənmə əmri çıxarıb. Bu qurum sonradan ləğv edilərək NKVD-nin tərkibinə daxil edilib. Məhz Fövqəladə Komissiyası (ÇK) sayəsində sonradan casus mənasını ifadə edən “çekist” sözü yaranıb.

Bu komissiyanın fəaliyyəti ucbatından Azərbaycan Xalq Cümhuriyyəti dövrünün müxtəlif rütbəli yüzlərlə hərbçisi (o cümlədən generallar) və siyasətçisi güllələnib, eləcə də sui-qəsdə məruz qalıb.