>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

İran Livan sərhədini ələ keçirdi

İran Livan sərhədini ələ keçirdi
Vüqar Zifəroğlu: “Dövlətlərarası müharibə olmasa da, İsrail hərbi müdaxilə edəcək”

Suriya - Livan sərhəddində yerləşən bir sıra bölgələr İran silahlı qüvvələrinin və “Hizbullah” terror təşkilatının nəzarətinə keçib. Livan silahlı qüvvələri “Hizbullah” və Suriya ordusu ilə birlikdə İŞİD terror qruplaşmasını Livan sərhədində məğlub edib. Livan ordusunun komandanı Əli Kanso əməliyyatda İran hərbçilərinin iştirakını təkzib etməyə çalışıb. Ancaq digər mənbələr döyüşlər zamanı sərhəd bölgəsindəki 600 İŞİD yaraqlısının bir qisminin məhv edildiyini, digərlərinin isə “Hizbullah”a könüllü təslim olduğunu xəbər verir. İŞİD terrorçuları kiçik dəstələr halında Suriya-Livan sərhədində yerləşən Qələmun rayonundakı Zəmrani nəzarət-keçid məntəqəsində təslim olub. İŞİD silahlılarının bir qisminin artıq “Hizbullah” döyüşçülərinin əlində olduğu bildirilir.

Suriyanı Livandan ayıran 155 min kvadrat kilometrlik ərazinin 87 min kvadrat kilometri artıq İŞİD-çilərdən təmizlənib və “Hizbullah”ın əlinə keçib. “Hizbullah” terror təşkilatının əsasən rəsmi Tehran tərəfindən maliyyə və silahla təmin edildiyini nəzərə alsaq, İranın strateji mövqelərinin möhkəmləndiyini söyləmək olar. Bununla da İran Suriya üzərindən “Hizbullah”la birbaşa əlaqə qurmaq planını təmin edib. Yəni İran İsrail sərhədlərinə çıxış imkanı əldə edib. Bu da öz növbəsində İsrail üçün ciddi təhlükə yaradır. İran tərəfindən silahlandırılan “Hizbullah” İsrailə qarşı hərbi zərbələr endirə bilər. Hadisələrin belə inkişafı İsrailin Livana və ya Suriyaya müdaxilə edəcəyini istisna etmir. Eyni zamanda, İsrailə qarşı yaranmış təhlükə ABŞ-ı da Suriyanın cənubunda İŞİD-ə və “Hizbullah”a hava-raket zərbələri endirməyə vadar edə bilər. Bu da öz növbəsində Suriyanın cənub-qərbində atəşkəsə nail olmaq barədə ABŞ və Rusiya prezidentləri arasında əldə edilmiş razılaşmanın pozulması ilə nəticələnməsi deməkdir.

Şimala çəkilməyə cəhd edən İŞİD terrorçuları isə Suriya ordusunun və Rusiya Hava-Kosmik Qüvvələrinin dəstəyi ilə Həma əyalətinin Akərbat şəhəri yaxınlığında mühasirəyə düşüb. Rusiya HKQ-nin aviasiyası, İŞİD terrorçularının Deyr-əz-Zordakı mühasirədən qaçmalarının qarşını almaq üçün ərazidə PUA-larla kəşfiyyat aparır. İranın Livanın şimalında mövqe tutması İsraili ciddi narahat etdiyindən Təl-Əvinin reaksiyası qaçılmaz hesab edilir. Avqustun 23-də İsrailin baş naziri Benyamin Netanyahunun Rusiyaya nəzərdə tutulan səfəri zamanı prezident Vladimir Putinlə Suriyada yaranmış vəziyyəti müzakirə edəcəyi istisna olunmur.

Xatırladaq ki, bu yaxınlarda İsrail mediası Təl-Əvivin Suriya böhranının həllinə dair keçirilən qapalı danışıqlarda iştirak etdiyinə dair məlumat yaymışdı. Qeyd edilir ki, Əmmanda keçirilən gizli danışıqların əsas mövzusu Suriyanın cənubunda təhlükəsiz bölgənin yaradılması olub. Ancaq Suriyanın cənubunda vəziyyətin “Hizbullah”ın və İranın xeyrinə dəyişməsi İsrailin hərbi əməliyyatlara başlayacağına dair proqnozların səslənməsinə səbəb olub. İsrailin mövcud təhlükəni önləmək üçün Livana və cənubi Suriyaya müdaxilə edə biləcəyi gözlənilir.

“Oğuz” Müstəqil Araşdırmalar Qrupunun rəhbəri Vüqar Zifəroğlu hesab edir ki, İsrail İranın bölgədə mövqeyinin möhkəmlənməsindən razı deyil. Ona görə də bu məsələyə rəsmi Təl-Əvivin reaksiyası mənfi olacaq:

“Amma Suriya-Livan sərhədində İŞİD-ə qarşı hərbi əməliyyatların İranın başçılığı altında keçiriləcəyini Qərb, eləcə də İsrail yaxşı bilirdi. Əslində, burada təəccüblü heç nə yox idi. Suriyanın Livanla sərhəddinin “Hizbullah” vasitəsilə İranın nəzarətinə verilməsi qarşı tərəfin gözlədiyi addım idi. Fikrimcə, bundan sonra Türkiyə, Rusiya və İranın timsalında Suriyanın şimalın müəyyən hərbi-siyasi fəallıq baş versin. O ki qaldı, Netanyahunun Moskva səfəri zamanı Suriyada hərbi əməliyyatlar keçirməsinə Rusiyanın razılıq verməsinə, bu inandırıcı görünmür. Suriyada maraqların bölünməsi prosesi artıq başa çatıb. Orada nüfuzların bölünməsi prosesi yekunlaşıb. Hazırda Suriya iqtidarının özünün mövqelərini gücləndirməsinin şahidi oluruq. Ona görə də düşünmürəm ki, Livanla sərhəddə İsrailin fəallaşmasına Rusiya razılıq versin. Sadəcə olaraq, Qərb, Rusiya, Türkiyə, İran, həmçinin İsrail Əsəd dönəmində və onun hakimiyyətinin başa çatmasından sonra proseslərin gedişatı ilə bağlı müzakirələr apara bilər”.

Şərqşünas alim onu da bildirdi ki, İsrailin Livana qarşı lokal xarakterli hərbi əməliyyatlar keçiməsi mümkündür. Ancaq bu dövlətlərarası müharibəyə səbəb olmayacaq:

“Bölgədə marağı olan dövlətlər arasında müxtəlif təşkilatlar vasitəsilə hərbi toqquşmalar davam edir. İsrail Livan-Suriya sərhədində İranın möhkəmlənməsindən narahat olaraq lokal əməliyyatlar keçirə bilər. Ancaq bu İsraillə və ya ABŞ-la İrana qarşı birbaşa müharibənin baş verməsi anlamına gəlmir. İsrail Livana hərbi müdaxilə edərsə, bu anti-terror əməliyyatlarının keçirilməsi kimi təqdim olunacaq”.

Müşfiq Abdulla
Cebhe.info