>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Üzeyir Cəfərov: “NATO generalları ilə görüş yaxın perspektivə hesablanmış bir təmasdır”

Üzeyir Cəfərov: “NATO generalları ilə görüş yaxın perspektivə hesablanmış bir təmasdır”
“Adətən belə təmasların nəticələri bir neçə aydan sonra özünü göstərməyə başlayır”

Mayın 23-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov NATO-nun Əməliyyatlar və Transformasiya Komandanlığı Qərargah rəisinin Hərbi Tərəfdaşlıq üzrə müavini general-mayor Odd Egil Pedersen və Şimali Atlantika Alyansının Quru Qoşunları Komandanlığının qərargah rəisi diviziya generalı Erhan Uzun ilə görüşüb. Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb. Görüşdə Azərbaycanın NATO ilə əməkdaşlığa xüsusi önəm verdiyini bildirən general-polkovnik Z.Həsənov vurğulayıb ki, Azərbaycan ordusunun hərbi qulluqçuları Alyansın müxtəlif proqramlarında, xüsusilə də Əfqanıstanda həyata keçirilən “Qətiyyətli Dəstək” missiyasında daim iştirak edirlər.

Qonaqlar da öz növbəsində Azərbaycanın NATO üçün vacib tərəfdaş olduğunu qeyd edərək Alyansın qərargahlarında xidmət keçən, müxtəlif proqramlarında iştirak edən Azərbaycan zabitlərinin bilik və bacarığını yüksək qiymətləndiriblər.

Ordumuzun şəxsi heyətinin yüksək peşəkarlığından və hazırlığından məmnun qaldıqlarını bildirən qonaqlar xüsusi qeyd ediblər ki, NATO-nun proqramları çərçivəsində keçirilən müxtəlif tədbirlərdə öz bilik və təcrübələrini bölüşən Azərbaycan zabitləri digər ölkələrdən olan həmkarları üçün layiqli nümunədirlər.

Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində Azərbaycan ordusunun kəşfiyyat bölüyünün 2-ci səviyyəli özünü qiymətləndirmə üzrə səhra təlimini izləmək üçün ölkəmizdə olan qonaqlar əvvəlki illərdə olduğu kimi bu dəfə də təlimin uğurla başa çatacağına əminliklərini bildiriblər.

Göründüyü kimi, həm Azərbaycan, həm də NATO rəsmiləri əməkdaşlıqdan məmnundur. Ancaq bu da var ki, bu münasibətlər, Alyansla Azərbaycan arasında perspektiv müzakirələr və yüksələn xətlə davam edən əməkdaşlıqlar bəzi dairələri, xüsusilə də bölgədə maraqları olan paytaxtları razı salmır. Konkretləşdirsək, postsovet məkanını özünün təsir dairəsi hesab edən Rusiya heç şübhəsiz ki, Azərbaycan-NATO əlaqələrindən məmnun deyil.

Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanın müdafiə naziri son dövrlər bir sıra mühüm görüşlər və səfərlər həyata keçirib: “Bunlar da ölkəmizin müdafiəsi və təhlükəsizliyi ilə bağlı çox böyük önəm daşıyır. Sözsüz ki, bu görüşlər ölkəmizi əhatə edən dövlətlər tərəfindən birmənalı qarşılanmır. Bu da səbəbsiz deyil. Ən çox da bizim bədnam qonşularımız və onlara açıq, gizli havadarlıq edən güclər müdafiə nazirinin, eləcə də, Müdafiə Nazirliyi, digər güc strukturları vasitəsilə həyata keçirilən təmaslara çox da isti yanaşmırlar. Hərə öz prizması baxımından yanaşaraq çalışır ki, bu təmaslara bir ”qulp" qoysun. Onlar cəhd edirlər ki, müzakirə edilən məsələlərə, imzalanan sənədlərə bir qədər adi görüş, adi müzakirələr və ya o qədər də önəmli olmayan silah-sursat, hərbi təyinatlı məhsullarla bağlı anlaşma kimi yanaşsınlar".

Hərbi ekspert Kremlin Bakı-NATO əlaqələrindən narahatlığını təsdiqləyir: “Hesab edirəm ki, bizim şimal qonşumuz olan Rusiya maksimum çalışır ki, Azərbaycanın NATO ilə, onun müxtəlif strukturları ilə təmasları, bu ölkələrin istehsal etdikləri daha müasir hərbi-sənaye komplekslərinin məhsullarının Silahlı Qüvvələrimiz üçün əldə edilməsini bu və ya digər şəkildə əngəlləsin. Demək olar ki, biz çox çətin və ağır mərhələləri geridə qoymuşuq və Müdafiə Nazirliyinin rəhbər şəxsləri son zamanlar intensiv olaraq müxtəlif dövlətlərin hərbi-siyasi şəxsləri ilə təmaslarını daha da genişləndiriblər və bu da nəticəsiz ötüşmür”.

Ü.Cəfərovun sözlərinə görə, Azərbaycan artıq çox məsələləri dərindən anlayır və ona uyğun addımlarını atır: “Azərbaycanın hərbi sahədə atdığı addımlar da yetərincə ciddi və tutarlıdır. NATO generalları ilə müdafiə nazirimizin arasında iki gün əvvəl baş tutan təmasları da çox səmərəli və yaxın perspektivə hesablanmış bir təmas idi. Adətən belə təmasların nəticələri bir neçə aydan sonra özünü göstərməyə başlayır. Əlbəttə ki, regionda marağı olan şimal qonşumuz belə təmaslardan o qədər də xoşhal deyil. Amma onların reaksiyalarının bizə əvvəlki illərdə olduğu kimi təsiri yoxdur. Həmin qüvvələr özləri də başa düşürlər ki, bu, Azərbaycan dövlətinin özü üçün vacib saydığı addımlardır və ona hörmətlə yanaşmağa borcludurlar”.