>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Mütəxəssislər itmiş təyyarənin marşrutundakı qəribəliyi izah etməyə çalışıblar

Mütəxəssislər itmiş təyyarənin marşrutundakı qəribəliyi izah etməyə çalışıblar
"Malayziya Hava Yolları" şirkətinə məxsus "Boeing 777-200" sərnişin təyyarəsinin yoxa çıxması, çox güman ki, pilotun şüurlu hərəkətləri nəticəsində baş verib.

Teref.info AZƏRTAC-a istinadən bildirir ki, belə qənaətə Avstraliyanın "9Now" telekanalında çıxış edən mütəxəsisslər gəliblər.

Həm pilot, həm də aviakonstruktor olan Simon Hardi hesab edir ki, təyyarənin komandiri Zhariya Ahmad Şah təyyarənin aşkar edilmə sistemini söndürdükdən sonra dispetçerləri çaşdırmaq üçün onu Malayziya ilə Tailandın sərhədinə yönəldib. Mütəxəssisin rəyinə görə, bu istiqamət məqsədli şəkildə seçilib.

Bundan sonra Ahmad Şah anadan olduğu Pinanq ştatı üzərində dövrə vurub ki, bunu da onun doğma yerlərlə vidalaşmaq üçün etdiyi güman olunur.
"O, özünü öldürməyə hazırlaşırmış. Təəssüf ki, pilot özü ilə yanaşı, bütün sərnişinləri də məhv edib. Bu məqsədli şəkildə edilib", - deyə Kanadanın Nəqliyyatda Təhlükəsizlik Bürosunun sabiq rəhbəri Lerri Vens bildirib.

L.Vensin fikrincə, kapitan oksigen maskası geyərək təyyarənin hermetikliyini söndürüb və bunun nəticəsində də sərnişinlər və heyətin digər üzvləri huşlarını itiriblər.

Xatrıladaq ki, 2014-cü il martın 8-ə keçən gecə Kuala Lumpurdan Pekinə uçan, "Malayziya Hava Yolları"na məxsus "Boeing 777-200" sərnişin təyyarəsi radarlardan itib. Onun göyərtəsində 227 sərnişin və 12 heyət üzvü olub. Təyyarənin Hind okeanının cənub hissəsində qəzaya uğradığı güman edilir. Təyyarənin qalıqlarının tapılması üçün təşkil edilən əməliyyat-axtarış tədbirləri hələ də heç bir nəticə verməyib.