>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

"Bəziləri saxta vəsiqə alıb, amma mən Əfqanıstanda can qoymuşam" - dələduzluq işi

 "Bəziləri saxta vəsiqə alıb, amma mən Əfqanıstanda can qoymuşam" - dələduzluq işi
Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri və müavini növbəti dəfə hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və rüşvət almaqda təqsirləndirilən 1961-ci il Məhəmməd Vəliyev və 1961-ci il Cavan Əhmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib

Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən məhkəmə iclasında şahidlər ifadə verib.

Şahid Aydın Vəliyev deyib ki, 2005-ci ildən dəfələrlə torpaq üçün birliyə ərizə ilə müraciət edib: "Bəziləri saxta vəsiqə alıb, amma mən Əfqanıstanda canımı qoymuşam, ikinci qrup əliləm. Cavan Əhmədov mənə çağırıb dedi ki, torpağın sotuna 2500 manat ver, biz buranı pulla almışıq. Mənim də pulum olmadığı üçün heç nə vermədim. Neçə dəfə şikayət etdik, baxan olmadı. Prezident qərar verdi ki, korrupsiyanın qarşısını almaq lazımdı. Ondan sonra bizim işimizə baxıldı".

C.Əhmədov isə şahidi ilk dəfə burada gördüyünü deyib. M.Vəliyev isə A.Vəliyevin onlarla qərəzli olduğunu deyib.

Qarabağ müharibəsi veteranı Rauf Həsənov deyib ki, qohumu Arzuman Həsənov onun adından torpaq almaq üçün müraciət edib: "Arzuman torpağı alıb başqasına satdı. Amma mənim bu prosesdən xəbərim olmayıb, sadəcə etibarnamə vermişdim. Kiməsə pul verib-vermədiyini bilmirəm".

Məhkəməyə gəlməyən şahidlər barəsində məcburi gətirilmə qərarı verilib.

Məhkəmə prosesi mayın 2-də davam etdiriləcək.

Bildirək ki, Məhəmməd Vəliyev Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri, Cavan Əhmədov isə təşkilatın sədr müavinidir.

Hər iki təqsirləndirilən şəxs dələduzluq, rüşvət alma və sənədlərin saxtalaşdırılmasında ittiham edilirlər.

Təşkilatın sədr və sədr müavinindən şikayətçi olanlar veteranlardır.

Şikayətçilər bildirib ki, 8 mindən çox üzvü olan İctimai Birlikdə korrupsiyaya yol verilib, veteranlara ayrılmış torpaq sahəsi üçün külli miqdarda pul tələb olunub.

Veteranlara ayrılan torpaq sahəsi onlara sarılıb. Birlik üçün nəzərdə tutulmuş torpaq sahəsini sadəcə veteranlara yox, digər şəxslərə də 3500-8000 manat arasındakı qiymətə satılıb.

Veteranlar iddia edirlər ki, maşın verilməsi nəzərdə tutulan 42 veteranın hər birindən 1000 manat pul tələb olunub.

Zərərçəkmişlərdən 30 nəfərin imzası ilə Prezident Administrasiyasına məktub göndəriblər.