>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

General oğlunun məhkəməsində kuryoz: şahidi cərimələdilər

General oğlunun məhkəməsində kuryoz: şahidi cərimələdilər
Xuliqanlıqda təqsirləndirilən general Novruzəli Orucovun oğlu Rüstəm Orucovun və onunla birgə ittiham olunan Kənan Vəliyev və Pərviz Abbasovun cinayət işi üzrə məhkəmə iclası davam edib.

Lent.az- ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Elxan Xəlilov ifadə verib.

O, zərərçəkmiş Sənan Səmədovla eyni yerdə sürücü kimi çalışdığını deyib: "Hadisə yerində olmamışam. Ora gələndə bir neçə adam var idi".

Hakim şahidə ifadəsi ilə bağlı sual verən zaman R.Orucovun vəkili Kamandar Nəsibov ona etiraz edib.

Məhkəmə vəkilin etirazını qəbul etməyib və söyləyib ki, hakimin sualına düzəliş etmək lazım deyil.

Daha sonra məhkəmədə şahidin ilkin ifadəsi elan olunub. E.Xəlilov ifadəsində bildirir ki, sonuncu dayanacağa gələn zaman Sənan Səmədov da ora gəlib: "Həmin vaxt avtomobildən 3 nəfər düşüb, Sənana yaxınlaşdı. Sonra onlardan biri Sənanı yumruqla vurdu".

Şahid bu cür ifadə vermədiyini, ifadədə yer alan bəzi fikirlərin ona məxsus olmadığını söyləyib.

Daha sonra digər şahid Elçin Ağayev dindirilib. O, ifadə verən zaman hadisə yerinə əvvəl Sənan Səmədovun gəldiyini, daha sonra R.Orucovun gəldiyini bildirib

Həmin şahidin də istintaqa verdiyi ifadəsi elan olunub. Onun ifadəsi elan olunan zaman şahid buna kəskin etiraz edib və yazılanların ona aid olmadığını vurğulayıb.

Hakim şahid E.Ağayevin 200 manat məbləğində cərimə olunduğunu və bunun protokola qeyd edilməsini deyib.

Şahid məhkəmədə verdiyi ifadəsini təsdiq etdiyini söyləyib.

Məhkəmə aprelin 24-də davam edəcək.




Qeyd edək ki, Baş Prokurorluğun yaydığı rəsmi məlumata əsasən, bu il iyulun 3-də Bakı şəhər sakini R.Orucov sürücülük hüququndan qməhrum olunmasına baxmayaraq, idarə etdiyi “BMW” markalı 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə, ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək sərnişinlərin narahatlığına və insanlarda vahiməyə səbəb olub, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib.

Qeyd edilməlidir ki, R.Orucov piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törədib hadisə yerindən qaçdığına görə, hələ 2014-cü ildə 4 il müddətinə azadlıqdan məhrum olub, 2016-cı ildə isə şərti olaraq vaxtından əvvəl azad edilib. Yuxarıda qeyd olunmuş xuliqanlıq hadisəsi də məhz onun şərti azadlıqda olduğu dövrdə baş verib.

Faktla bağlı 2017-ci il 4 iyul tarixində Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.

R.Orucov həmin maddə ilə ittiham olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Digər təqsirləndirilən iki nəfər barəsində isə həbs qətimkan tədbiri seçilməyib.

Binəqədi rayon Məhkəməsinjn hökmü ilə Rüstəm Orucov 5 il müddətə azadlıqdan məhrum edilib.