>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

SÜBUT YOXDUR, AMMA BUNUN ƏHƏMİYYƏTİ DƏ YOXDUR! – “Neomühafizəkarlar müharibə istəyirlər

SÜBUT YOXDUR, AMMA BUNUN ƏHƏMİYYƏTİ DƏ YOXDUR! – “Neomühafizəkarlar müharibə istəyirlər
Skripalın işində Böyük Britaniyanın Rusiyaya qarşı apardığı kampaniyada ABŞ tamamilə Tereza Meyi dəstəkləyir. Baxmayaraq ki, nə Böyük Britaniyanın, nə də ABŞ-ın bu işdə ortaya qoyduqlarını sübut adlandırmaq çətindir.
Mey Toni Bleyerin etdiklərini təkrarlayır. T.Bleyer də vaxtilə İraqdakı kütləvi qırğın silahından danışırdı. Sonradan məlum oldu ki, Bleyer hər şeyi yalan üstündə qurub. Amma buradakı fərq ondan ibarətdir ki, indiki vəziyyətdə ittiham dünyada gücünə görə ikinci atom dövlətinə doğru yönəlib.
Hazırda elə təsəvvür yaranır ki, vəziyyətin belə hal alması sanki neomühafizəkarların və onların tərəfdarlarının iştahını artırır. “Rusiyanı Təhlükəsizlik Şurasından qovmaq üçün” Dəməşqin Quta vahəsi üstündə müharibəyə girişmək barəsində danışıqlar aparırlar. Demək olar ki, tamamilə ağılsız bir kampaniya oynanılır.
- Sübut yoxdur, amma bunun əhəmiyyəti də yoxdur!
Əgər Tereza Mey həqiqətən də Skripalın və onun qızının zəhərlənməsini Rusiyanın təşkil etdiyini düşünürsə, onda o bu vəziyyətlərdə istifadə edilən bir sıra prosedurları yerinə yetirməlidir. Həm Rusiya, həm də Böyük Britaniya kimyəvi silahın qadağan olunması konvensiyasını imzalayıblar. Britaniyanın bu məsələdə istifadə edə biləcəyi mexanizmlər var, lakin onlar tətbiq olunmur. Əgər sübut mövcuddursa, onda onları müstəqil təhqiqatçılara və ittiham olunan tərəfə vermək lazımdır ki, Rusiya bunun cavabını verə bilsin.
Lakin bu baş vermədi. Rusiya britaniyalıların tapdığı əşyalardan nümunə verilməsini xahiş edib. Müvafiq qaydalara görə, bu cür də edilir. Amma bu nümunələr Rusiyaya təqdim olunmayıb. Bir tərəfdən ultimatumlar və təhdidlər yağdırılır, ancaq digər tərəfdən isə qəbul olunmuş beynəlxalq prosedurlar yerinə yetirilmir.
BMT nəzdində kimyəvi silahların qadağan olunması təşkilatındakı Rusiyanın daimi nümayəndəsi, səfir Aleksandr Şuqin deyib: “Əgər kimyəvi silahın qadağan olunması konvensiyasının Rusiya tərəfindən pozulması ilə bağlı Londonun ciddi əsasları varsa, onda hörmətli səfir Piter Uilsonun səsləndirdiyi fikirlər onu göstərir ki, bizim dediyimiz kimi, Böyük Britaniya kimyəvi silahın qadağan olunması barəsində konvensiyanın ikinci paraqrafındakı 9-cu bəndə uyğun prosedurdan istifadə etməlidir. Bu prosedurlar şübhə və narahatlıq yaradan bütün məsələlərin aydınlaşdırılması üçün bir-birimizlə əlaqə qurmağa imkan verir”.
Sübutun yoxluğu İngiltərə mətbuatının boş şeylər yazmasına mane törətmir, ABŞ isə tamamilə Tereza Meyi dəstəkləyir. Mey, həmçinin Rusiyaya qarşı cərimə sanksiyalarının tətbiq olunması barədə bəyanatla çıxış edib. Düzdür, söylədiyi ağır ittihamlarla müqayisədə onun bu barədəki fikirləri bir qədər ehtiyatlı səslənib, amma görünür ki, bu gərginliyin yalnız başlanğıcıdır.
- Şərqi Quta məğlubiyyətlə üzləşəcək
Qərb və neft diktatorları Suriya paytaxtının tam böyründə terrorçu qalası yaradıblar ki, bu da terrorçulara paytaxt Dəməşqə istənilən vaxt atəş açmağa imkan verir. Belə bir vəziyyətin olması istənilən ölkə üçün qəbuledilməzdir. Ona görə də, Suriya hökumətinin bu terror mövqelərini təmizləməkdən başqa yolu yoxdur. Bu isə çox tezliklə başlamalıdır. Hadisələrin bu cür inkişafı müharibə tərəfdarlarına sərf etmir. Çünki onlar anlayırlar ki, bu onların Suriyanı nəzarət altına almaq cəhdlərinin sonu deməkdir.
ABŞ-ın BMT-dəki nümayəndəsi Nikki Heyli ABŞ-ın Suriyaya hücum edəcəyi hədəsi ilə çıxış edib: ”Biz kimyəvi silahdan istifadə etməklə və qeyri–insani əzablar verərək digərlərinə öz iradəsini sırımaq istəyən bütün ölkələri xəbərdar edirik. Bu, ilk növbədə qanunsuz Suriya rejiminə aiddir ki, ABŞ istənilən halda fəaliyyətə keçməyə hazırdır”.
Bu, demək olar ki, terrorçuların yeni kimyəvi silah təxribatına sifarişdir. Suriya ordusu terrorçulardan təmizlədikləri ərazidə kimyəvi silah istehsalı zavodu tapanda buna olan beynəlxalq maraq ya səngidi, ya da daha doğru desək, tamamilə yoxa çıxdı.
Nə zaman ki, Şərqi Quta azad ediləcək, bu ABŞ, İsrail və neft diktatorlarının böyük məğlubiyyəti olacaq. İsraildə hesab edirlər ki, belə olan təqdirdə bu İranın regionda əhəmiyyətli dərəcədə güclənməsi, İsrailin isə zəifləməsi anlamına gələcək. İsrail ABŞ-ın birbaşa və açıq şəkildə müharibəyə qoşulmamasından narazıdır və ona görə də, onlar ABŞ-ın Suriyaya hücumunu alqışlayacaqlar.
Amma Rusiya aydın deyib ki, bunu qəbul etməyəcək. Əgər hadisələrin bu cür inkişafından irəli gələrək belə bir hücum olacaqsa, onda Rusiya ciddi nəticələrin ola biləcəyi hesabını çıxararaq, baş verənlərə qarşı cavab vermək məcburiyyətində qalacaq.
- Ukrayna NATO-un tam dəstəyini alır
Bütün bunlarla yanaşı, NATO Ukraynanı onun korrupsiyalaşmış oliqarxları və döyüşkən millətçiləriylə birgə himayəsi altına götürmək qərarına gəlib. NATO rəsmi şəkildə Ukraynaya aspirant-ölkə statusu verib.
Bu yaxınlarda İsveçrənin “Le Temps” qəzeti yazıb ki, ABŞ və Kanadanın yüzlərlə təlimatçısı 2015-ci ildən ukraynalı hərbi çağırışçılara təlimlər keçməyə başlayıblar. İndi onlara britaniyalı və litvalı məsləhətçilər də qoşulub. ABŞ hərbi-dəniz güclərinin dəstələri daimi olaraq Ukraynadadır.
Millətçiliyə yoluxmuş Kiyev rejiminə dəstək verən ABŞ, onu da anlayır ki, Ukraynadakı korrupsiya Ukrayna ordusunu da dağıdır. ABŞ/NATO-nun ən aparıcı beyin mərkəzlərindən biri olan “Atlantic Council” qeyd edir ki, rəsmi Kiyev “ekstremist ideologiyadan istifadə edir”. Ancaq bəlkə də, ABŞ üsyankar Donbasa hücum imkanını artırmaq məqsədiylə Kiyev hakimiyyətini silahlandırmaq qərarına gəlib. Təbii ki, bu Rusiya ilə münasibətlərin gərginləşməsinə gətirib çıxarır.
- Yazı masası araxasındakı döyüşkən generallar
Neomühafizəkarlar heç zaman orduda xidmət etməyən insanlardır və onlar həmişə öz övladlarını hərbi xidmətin çətinliklərindən kənar tutmağa çalışıblar. Amma buna baxmayaraq, onlar döyüş və müharibə əhvalını qızışdırmağa çalışırlar.
ABŞ-da bütün bu ağılsızlığın nə demək olduğunu anlayan generallar və strateqlər olmalıdır, lakin onlar nə deyə bilərlər? Bu yaxınlarda Putin deyib ki, Rusiyaya edilmiş istənilən hücuma Rusiya tam gücü ilə cavab verəcək.
Əgər indi Qərbdə ayıqbaşlı rəhbərlər varsa, onda onlar silahsızlaşma və sülh müqaviləsi barəsində danışıqlar aparılmasını təklif etməlidirlər. Ancaq bəllidir ki, bu cür rəhbərlər yoxdur. Əsas mövqedən yazı masası arxasındakı generallar və öncül KİV-lərin jurnalistləri çıxış edirlər. Onların yanında isə neft nəhəngləri və hərbi sənaye kompleksi dayanıb.
(“Steigan bogger”-Norveç)
azpolitika.info