>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

SSRİ çekistlərinin xaricdə həyata keçirdiyi ləğvetmə əməliyyatları

SSRİ çekistlərinin xaricdə həyata keçirdiyi ləğvetmə əməliyyatları
Sovet nemezidası

Dünya Sergey Skripal və qızının zəhərlənməsi ilə bağlı Böyük Britaniya və Rusiya arasında cərəyan edən gərginliyi maraq və həyəcanla izləməkdədir.

1951-ci il doğumlu Sergey Skripal SSRİ və Rusiyanın hərbi kəşfiyyatın əməkdaşı olub. 1995-ci ildə İspaniyadakı səfirlikdə hərbi attaşe işləyərkən ingilislərin Mİ-6 kəşfiyyat xidməti tərəfindən ələ alınıb. 1999-cu ildə təqaüdə çıxsa da, öz əlaqələri vasitəsilə məxfi məlumatları əldə edib ingilislərə ötürməkdə davam edib. İddialara görə, 2004-cü ildə həbs olunana qədər Mİ-6-ya 20 minə qədər məxfi sənəd ötürüb.

Sergey Skripal ifşa edildikdən sonra 13 il müddətinə azadlıqdan məhrum edilib. 2010-cu ildə isə daha 3 nəfərlə birlikdə əfv edilib. Dördlük elə həmin il Vyana aeroportunda baş tutan mübadilə zamanı ABŞ-da həbs olunmuş 10 Rusiya kəşfiyyatçısı (məşhur Anna Çapman və digərləri) ilə dəyişdiriliblər. Bundan sonra Skripal Londondan 140 km-lik məsafədə yerləşən kiçik Solsberi şəhərində məskunlaşıb.

Martın 4-də keçmiş kəşfiyyatçı Moskvadan ziyarətinə gəlmiş qızı Yuliya ilə italyan restoranında nahar edirlər. Daha sonra barda və ticarət mərkəzində olurlar. Elə ticarət mərkəzinin yaxınlığındakı skamyada hər ikisi huşsuz vəziyyətdə tapılırlar. Hazırda ata və qızı koma vəziyyətində reanimasiyadadırlar.

İlkin araşdırmalara görə, Skripal və qızı hələ SSRİ zamanı istehsal olunan “Noviçok” adlı sinir qazı ilə zəhərləniblər. Məhz bu faktor və kimyəvi əşyanın hələ Moskvada ikən Yuliyanın çantasına yerləşdirilməsi ehtimalı Böyük Britaniya hökumətini cinayətdə Rusiyanı ittiham etməsinə əsas olub.

Onu da qeyd edək ki, hadisə nəticəsində təkcə Skripallar zərər çəkməyib. 46 nəfər tibbi yardım üçün müraciət edib. Ata və övladının ziyarət etdikləri bir çox yerdə “Noviçok”-un izinə rast gəlinib. Solsberi şəhərinə kimyəvi hücumdan müdafiə üzrə ixtisaslaşan hərbçilər ezam olunub.

Rusiyaya və şəxsən Putinə ünvanlanmış ittihamların nə dərəcədə əsaslı olduğunu söyləmək çətindir. Normal məntiqlə artıq 7 il öncə rəqib tərəfə verilmiş, bildiyi bütün sirləri britaniyalı həmkarları ilə bölüşməyə macal tapmış birisinin qətlini izah etmək çətindir. Lakin unutmayaq ki, diktatorların məntiqi heç də normal olmur. Digər tərəfdən belə aktlar həm də perspektivə hesablanır – gələcəkdə qarşı tərəfə keçə biləcək şəxslərin gözünü qorxutmağa.

Bununla belə, bu məqalənin məqsədi cinayətin detallarını və istintaqın gedişini araşdırmaq deyil, Moskva tərəfindən sanksiyalaşdırılmış analoji cinayətləri xatırlatmaqdır. Belə ki, bir çox totalitar dövlətlər kimi SSRİ-də də belə qətllər normal praktika sayılırdı.

***

Hesab olunur ki, sovet orqanları tərəfindən fərariliyə görə qətl edilmiş ilk şəxs Vladimir Stepanoviç Nesterov olub. O, Oktyabr çevrilişindən sonra Rusiyanı bürümüş Vətəndaş müharibəsinin qəhrəmanlarından sayılırdı. Ən yüksək vəzifəsi diviziya komandiri olan Nesteroviç 1924-cü ildə etibarən qırmızı ordunun kəşfiyyat idarəsində işləməyə başlayır.

1925-ci Vladimir Stepanoviç saxta adla Avstriyaya göndərilir. Burada digər sahələrlə yanaşı Bolqarıstan Kommunist Partiyasının fəaliyyətinə kurasiya edir. Aprelin 15-də bolqar kommunistlərinin Sofiya kafedral məbədində törətdikləri partlayış nəticəsində 213 nəfər (134 nəfər dərhal, 79 nəfər sonrakı günlərdə) həlak olur, 500 nəfərə yaxın adam yaralanır.

Bu qanlı cinayətdən sarsılan Nesteroviç sovet dövləti ilə əlaqəni kəsir və Almaniyaya mühacirət edir. Onun satqınlığı, bildiyi sirləri başqa dövlətlərə ötürməsi haqqında heç bir məlumat yoxdur. Bununla belə, sovet rəhbərliyi onun aradan götürülməsini qərara alır. Avqustun 6-da Maynts şəhərindəki kafedə nahar edən Nesteroviç 2 alman kommunisti tərəfindən zəhərlənərək öldürülür.

***

Əgər Nesteroviç olduqca operativ surətdə, cəmi bir neçə ay ərzində cəzalandırıldısa, digər fərarinin cəzalandırılması üçün 7 il lazım gəldi. Erməni əsilli Georgi Sergeyeviç Ağabəyov da Vətəndaş müharibəsinin iştirakçılarından idi. Daha sonra isə kəşfiyyat orqanlarına keçmişdi. Bir müddət Orta Asiya respublikalarında fəaliyyət göstərdikdən sonra xaricə göndərilmişdi.

Əvvəlcə Əfqanistanda, 1929-cu ildən etibarən isə Türkiyədə fəaliyyət göstərən Ağabəyov növbəti ildə Fransaya qaçır. Addımının səbəbini sovet kəşfiyyatının metodları ilə razılaşmamaqla izah edir. Tezliklə çap etdirdiyi “Rusiyanın gizli terroru” adlı kitabı sayəsində İranda fəaliyyət göstərən yüzlərlə sovet agenti həbs olunur, Tehran və Moskva arasında münasibətlər xeyli gərginləşir.

1937-ci ilin avqustunda sovet kəşfiyyatçılarının əməliyyatı nəticəsində Ağabəyov qətlə yetirilir. Fransa-İspaniya sərhədində baş verən bu hadisədən sonra Ağabəyovun meyidi tapılmır.

***

1936-cı ildə Daxili işlər xalq komissarı (NKVD rəhbəri) Henrix Yaqoda vəzifəsindən azad olundu, növbəti ilin aprelində isə həbs edildi. Bununla kəşfiyyatın da daxil olduğu NKVD sistemində repressiyalara başlanıldı.

Repressiyalar təkcə ölkə daxilində deyil, xaricdə fəaliyyət göstərən kəşfiyyatçıları da əhatə edirdi. Onlar müxtəlif bəhanələrlə Moskvaya çağrılır, burada həbs edilir, sonra da bir qayda olaraq güllələnirdilər. Sovet kəşfiyyatını darmadağın edən bu cəza dalğasının acı nəticəsi sonralar İkinci cahan savaşı zamanı özünü aydın göstərdi.

Parisdə fəaliyyət göstərən kəşfiyyatçı İqnatiy Reyss 1937-ci ilin iyulunda təcili Moskvaya qayıtmaq tapşırığı alır. Lakin o, bu dəvətdən həbs təhlükəsi səbəbindən imtina etmək qərarına gəldi. Fransa qəzetlərində Stalin terrorunu pisləyən məqalə ilə çıxış edən Reyss ailəsi ilə birlikdə İsveçrəyə köçür.

Deyilənlərə görə, Reyssin addımı barədə eşidən Stalin başqalarında gözdağı olması üçün onun ailəsi ilə birlikdə (!) məhv edilməsi göstərişini verir. Lakin tapşırıq yalnız qismən icra olunur. Artıq sentyabrın 4-də Reyss Lozanna şəhəri yaxınlığında qətlə yetirilir.

Qətlə analoji əməliyyatlarda ad çıxarmış Sergey Şpiqelqlas rəhbərlik edirdi. Reyssi repressiyalardan yayınmaq istəyinə görə cəzalandıran Şpiqelqlas özü sonradan həbs edildi və 1941-ci ildə güllələndi.

***

Reyssə tutulan divanın təsirindən idimi, yoxsa nədənsə, SSRİ-yə çağrılan kəşfiyyatçılar tıpış-tıpış gəlir, burada həbs edilir, işgəncələr altında cəzalarını etiraf edir və güllələnirdilər. Lakin azsaylı istisnalar da olurdu. Məqalənin mövzusuna aid olmasa da, oxucu üçün maraqlı ola biləcəyinə görə belə bir istisnadan bəhs edəcəyik.

İspaniyada fəaliyyət göstərən kəşfiyyatçı Aleksandr Mixayloviç Orlov 1938-ci ilin fevralında Şpiqelqlas ilə görüşmək üçün Antverpenə gəlməli idi. Lakin bu görüşdən yaxşı bir şey gözləməyən Orlov ailəsi ilə birlikdə Fransaya, oradan da ABŞ-a qaçır.

SSRİ-də yaşayan qohumlarını, həmçinin özünü və ailəsini qorumaq məqsədilə Orlov bildiyi heç bir sirri açmayacağı, tanıdığı kəşfiyyatçıları ifşa etməyəcəyi barədə sovet tərəfinə xəbər göndərir. Lakin qohumlarına və ailəsinə qarşı repressiya cəhdi olarsa, hər şeyi amerikanlara danışacağını bildirir.

Bəlkə bu xəbərdarlıq səbəbindən, bəlkə də yaxşı gizləndiyindən Orlov cəzalandırılmır. Sovet nümayəndəsi yalnız 1960-cı illərdə Orlovu tapır və vətənə qayıtmağı təklif edir, lakin imtina ilə üzləşir.

***

Sovet kəşfiyyatının siyasi qətlləri İkinci cahan savaşından sonra da davam edir. Bu dəfə hədəf daha çox savaşdan sonra Qərbi Avropada məskunlaşan antikommunist və milli hərəkatların nümayəndələri olur. Azadlıq Radiosunun Azərbaycan bölməsinin rəhbəri Əbdürrəhman Fətəlibəyli-Düdənginskinin 1954-cü ildə qətli də bu qəbildən idi.

Ukrayna milli hərəkatının fəaliyyəti sovet kəşfiyyat orqanlarını xüsusilə narahat edirdi. 1957-ci ilin oktyabrında Ukrayna millətçiləri təşkilatının (OUN) rəhbərlərindən biri Lev Rebet qətlə yetirildi. Lakin əsas hədəf Münhendə yaşayan Stepan Bandera idi.

OUN-n təhlükəsizlik xidməti və alman polisi 10 ildən artıq müddətdə Stepan Banderaya qarşı yönəlmiş bir neçə sui-qəsdin üstünü açmağa müvəffəq oldular. Lakin 1959-cu ildə sovet kəşfiyyatı nəhayət ki, istəyinə nail oldu. Stepan Bandera yaşadığı evin girəcəyində qətlə yetirildi.

Sonralar aydın oldu ki, həm Rebet, həm də Banderanı eyni adam – Boqdan Staşinski öldürüb. Cəmi 2 il sonra Staşinski Qərbi Berlindən siyasi sığınacaq istədi və hər şeyi etiraf etdi. 8 illik həbsə məhkum ediləm qatil müddətin yalnız yarısını çəkdikdən sonra azad olundu. Bundan sonrakı taleyi isə qaranlıq olaraq qalır.

İddialara görə plastik əməliyyat nəticəsində görünüşü, eləcə də ad-soyadı dəyişdirilmiş Boqdan Staşinski indi də ABŞ-da yaşayır.

***

Sovet təhlükəsizlik orqanları bəzən “qardaş sosialist ölkələri”nin yardımına da yetişirdilər. Belə hallardan biri də bolqar dissidenti Georgi Markovun ləğvi ilə bağlıdır.

Antikommunist görüşlərə malik olan Markov 1969-cu ildə İngiltərəyə qaçmışdı və burada BBC radiosunda işə düzəlmişdi. 1978-ci ilin sentyabrında dissident işə gedərkən naməlum şəxsin çətiri ilə toqquşur, ayağına nəyinsə batdığını hiss edir. Ertəsi gün güclü hərarət, ürək bulanmaları başlayır. Çətirlə bağlı insidenti xatırlayan Markov bunu yaxınlarına danışır və 3 gün sonra vəfat edir.

Meyidin müayinəsi zamanı aydın olur ki, çətirdən açılan atəş nəticəsində Markovun ayağına riçin adlı toksik maddə daşıyan metal kapsul yerləşdirilib. SSRİ dağılandan sonra KQB generalı Oleq Kaluqin qətlin bolqar tərəfinin istəyi ilə sovet agentlərinin həyata keçirdiyini söylədi. Lakin bilavasitə icraçının şəxsiyyəti açılmamış qaldı.

***

Təsvir etdiyimiz qətllər sovet təcrübəsinin yalnız kiçik bir hissəsidir. Trotskinin, ağqvardiyaçıların qətli və digər epizodlar öz əksini tapmayıb. Onların hamısını bir məqalədə əhatə etmək zatən mümkün deyil. Bunun üçün monoqrafiya yazmaq lazımdır.

P.S. Nemezida qədim yunan mifologiyasın görə qisas ilahəsi sayılırdı.

Yadigar Sadiqov

Mənbə: Meydan.tv