>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Hansı siyasi məhbuslarazadlığa çıxacaq?

Hansı siyasi məhbuslarazadlığa çıxacaq?
Ölkə başçısının prezident seçkisi öncəsi, əsasən də Novruz bayramı ərəfəsində əfv sərəncamının imzalaması ilə bağlı ümidlər böyükdür. Bu prosesin may ayında - yəni Cümhuriyyətin 100 illiyi ərəfəsinə baş tutacağını deyənlər də var. Əfvlə bağlı ən çox müzakirə olunan fikir isə ondan ibarətdir ki, ölkəmizdə 2018-ci ildə siyasi məhbus probleminin tamamən aradan qaldırılacaq və 2019-cu ilə siyası məhbuslarsız gediləcək. Bununla bağlı İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Novella Cəfəroğlu da çox pozitiv açıqlamalar verib.

O, “Yeni Müsavat”a danışarkən Əli İnsanovun da, İlqar Məmmədovun da azadlığa buraxılacağını deyib: “Biz istəyirik ki, 2019-cu ilə siyasi məhbuslarsız gedək. Buna çox ümid edirik. Əli İnsanovun da əfvə düşmə şansları var”.

Bəs görəsən, digər hüquq müdafiəçiləri və Əfv Komissiyası üzvləri adıçəkilən şəxslərin azadlığa çıxması ilə bağlı nə düşünürlər?

“Yeni Müsavat”ın sualını cavablandıran İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı ümidlərinin böyük olduğunu, lakin konkret adlar səsləndirməyin mümkün olmadığını bildirdi: “Novella xanım, bu adları xoş məqsədlə çəkir ki, insanlarda narahatlıq olmasın. Siyahı artıq çoxdan verilib. O adamların adlarını yazmışıq ki, onlar heç zaman əfv ərizəsi yazmayıblar və yazmağı da qəbul etmirlər. Bunu düz edirlər, ya səhv edirlər, öz işləridir. Biz onların adını siyahıya salıb göndərmişik, hamısının orada adı var. Amma adın yazılması hələ o demək deyil ki, onlar əfv olunacaq. Novella xanım ümid edir, kaş ki elə də olsun. O, hər zaman pozitiv çıxış edir. Biz Əli İnsanovun da, İlqar Məmmədovun da azadlığa çıxması üçün müraciət etmişik. Heç onlardan soruşmamışıq da ki, yazaq yoxsa yox.

Çünki onların adından yazmırıq ərizəni, öz adımızdan yazmışıq. Biz istəyirik ki, onlar azadlığa çıxsınlar. Ancaq bu prezidentin səlahiyyətində olan məsələdir. Bir də prezidentə bu siyahını təqdim edən şəxsin həmin adamlar haqqında nə cür təqdimat etməsindən asılıdır. Yəqin ki, siyasi məhbuslarla bağlı prezidentə bizim siyahımızı təqdim edən insandan da asılıdır. O, bu məsələdə nə qədər soyuqqanlı, nə qədər humanist olsa, adıçəkilən şəxslərin azadlığa çıxması bir o qədər real olar. Biz çox arzu edərdik ki, bu məsələ tamamilə həll olunsun. Çünki ölkə xaricində siyasi məhbus məsələsinə görə ölkəmiz çox tənqid olunur. Siyasi məhbus məsələsinin həlli bu gün həm QHT sektorunun, həm də ictimaiyyətin arzusudur. Qarşıdan prezident seçkisi gəlir. Əhalidə bir inam olmalıdır ki, kimə səs versinlər".


Əfv Komissiyasının üzvü, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid də komissiyanın bu istiqamətdə mütəmadı çalışdığını vurğuladı: “Cəmiyyətdə bu məsələ ətrafında müzakirə gedir, yuxarı səviyyədə də deyilib. Parlamentin spikeri də deyib ki, əfv gözlənilir. Əfv Komissiyası da mütəmadi çalışır, saysız müraciətlər var. Xeyli iclaslar keçirmişik və yenə də davam edir. Amma müraciətlər çox olduğu üçün hesab edirəm ki, proses may ayına qədər çəkəcək. İctimaiyyətdə də gözlənildiyi kimi, may ayında böyük əfv ola bilər, xeyli sayda insan azadlığa çıxa bilər. Novella xanımın dediklərinə gəlincə, İşçi Qrup tərəfindən siyahı hazırlanaraq cənab prezidentə təqdim olunur. Son əfv üçün müraciət edənlər, eyni zamanda İşçi Qrupun siyahısı nəzərə alınacaq, nəticədə geniş tərkibli, xeyli insanı sevindirəcək bir əfv fərmanı imzalanacaq".

Siyasi məhbus məsələsinin 2019-cu ilə kimi tam həllini tapacağı ilə bağlı informasiyalara da münasibət bildirən R. Məcid bu cür müraciətlərin İşçi Qrup tərəfindən edildiyini vurğuladı: “Əfv Komissiyası olaraq biz edilən müraciətlərlə bağlı müzakirələr aparırıq. Digər məsələlər İşçi Qrupu tərəfindən müzakirə olunur və birbaşa prezidentə müraciət olunur. Kim Əfv Komissiyasına müraciət edirsə, biz yalnız onunla bağlı fikir bildirə bilərik. Komissiyada çox demokratik qaydada müzakirələr gedir. Yəqin ki, çox geniş bir əfv olacaq”.


Əfvlə bağlı Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev də AzNews.az-a açıqlamasında maraqlı fikirlər səsləndirib. O qeyd edib ki, Novruz bayramında əfv sərəncamının verilməsi gözlənilmir: “Komissiyaya ünvanlanan müraciətlərin araşdırılması hələ başa çatmayıb. Əfv sərəncamı prezidentə məxsusdur. O siyahıya kimlərin düşəcəyini də dövlət başçısı özü müəyyənləşdirir. Mən inanmıram ki, kimsə birmənalı olaraq sabiq səhiyyə naziri Əli İnsanovla ”REAL" hərəkatının sədri İlqar Məmmədovun adlarının əfv sərəncamında olacağını desin".

Əliməmməd Nuriyev qeyd edib ki, hüquq müdafiəçiləri müxtəlif şəxslərin əfv olunması üçün komissiyaya vəsatətlər ünvanlayırlar: “Gözlənilən əfv siyahısında kimlərin adının olub-olmaması heç kimə məlum deyil. Kimlərsə, sadəcə, həmin şəxslərin əfv olunması üçün vəsatət qaldırıldığını deyə bilərlər. Siyahıda kimlərin yer alacağını əvvəlcədən deyə bilmərik. Çünki bu, bizim səlahiyyətimizdə olan məsələ deyil”.