>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

8 dəhşətli təyyarə qəzası baş verdi: 251 ölü - Siyahı

8 dəhşətli təyyarə qəzası baş verdi: 251 ölü - Siyahı
2018-ci ilin əvvəlindən bu vaxta qədər baş verən 8 təyyarə qəzasında 251 nəfər həlak olub.

Axar.az xəbər verir ki, ilin ilk böyük qəzası Avstraliyada baş verib. Təyyarənin Hoksberi çayına düşməsi nəticəsində “Kompas Qrup”un 58 yaşlı baş direktoru Riçard Kozins və onun 4 ailə üzvü (2 oğlu, bir qızı və həyat yoldaşı) həyatını itirib.

Yanvarın 23-də isə Almaniyanın Karlsrue şəhərində yerləşən Filipsburq nüvə stansiyası yaxınlığında helikopterlə yüngülmotorlu təyyarənin toqquşması nəticəsində 4 nəfər ölüb.

Fevralın 2-də Çində hərbi təyyarənin qəzaya uğraması zamanı göyərtədə olan 12 nəfər həlak olub.

Növbəti qəza fevralın 11-də Rusiyanın Saratov Hava Yolları aviaşirkətinin Аn-148 sərnişin təyyarəsində baş verib və nəticədə 65 sərnişin, 6 ekipaj üzvü həyatını itirib. Həmin təyyarədə həlak olanların arasında kriminal aləmdə “Haqqı” ləqəbi ilə tanınan avtoritet, Yevlax rayon sakini, 1971-ci il təvəllüdlü Qəhrəmanov Namiq İnayət oğlu da olub.

Bu hadisədən bir həftə sonra, yəni fevralın 18-də daha bir təyyarə qəzası xəbəri yayıldı. İrana məxsus Tehran-Yəsuc reysi üzrə uçan sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 66 nəfər ölüb.

Mart ayının 12-ci günündə olmağımıza baxmayaraq, bu ay 3 təyyarə qəzası ilə yadda qalıb.

Ayın ilk təyyarə qəzası martın 6-sı yaşanıb. Suriyada Rusiyanın An-26 təyyarəsinin pilotunun idarəetməni itirməsi qəzaya səbəb olub və 32 nəfər həlak olub.

11 martda Türkiyə təyyarəsi İranın qərbində qəzaya uğrayıb. “Başaran Holdinq”ə məxsus təyyarədə şirkətin rəhbəri Hüseyn Başaranın qızı Mina, onun 7 rəfiqəsi və 3 ekipaj üzvü həyatını itirib.

Ötən gün isə Nepalın paytaxtı Katmandu şəhərində Banqladeşə məxsus sərnişin təyyarəsi yerə çırpılıb. Məlumata görə, qəzada ölənlərin sayı ən azı 50 nəfərdir.

Qeyd edək ki, dünyada 2017-ci ildə 44, 2016-cı ildə 303, 2015-ci ildə 537, 2014-cü ildə isə 961 nəfər mülki aviasiya qəzalarında həlak olub. Ötən il dünyada 10 mülki təyyarə qəzaya uğrayıb. Bunlardan 5-i sərnişin, 5-i isə yük təyyarəsi olub.