>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Gəncalpdan sensasiya: Səttar Xanın sağ əli ermənilər idi..

Gəncalpdan sensasiya: Səttar Xanın sağ əli ermənilər idi..
İranda Təbriz mərkəzli məşrutə hərəkatı tamamilə antitürk hərəkat idi. Səttar Xan və Xiyabani kimi məşrutə liderləri gündəmdə olduğu vaxtlar belə Urmuda, Salmasda minlərlə türk öldürüldü.

Bu sözləri Kult.az-a hazırda Finlandiyada yaşayan araşdırmaçı-yazar Güntay Gəncalp ermənilərin 1918-ci ildə Güney Azərbaycanda azərbaycanlılara qarşı törətdikləri Cilovluq faciəsinin niyə ədəbiyyatda öz əksini tapmaması haqda danışarkən deyib. O bildirib ki, Pəhləvi hakimiyyəti bu qanlı olayı ört-basdır edib, sonradan isə İran hökuməti bu ört-basdır siyasətini davam etdirib:

“Qəribədir ki, təbrizli məşrutə rəhbərlərinin birindən bu qırğın haqda açıqlama yoxdur. Çünki məşrutə zamanından başlayan rəsmi dövlət və sosial hərəkatların hakim paradiqması bu idi ki, öldürülənlər türk adıyla öldürülürlər. Türk adını və türk kimliyini dilimizə alsaq, hərəkatın amacı türkçülüyə tərəf yönələr və bu da məşrutənin rəsmi ideologiyasına qarşıdır. Buna görə də öldürülənlər haqqında bilərək susurdular. M.S.Ordubadinin “Dumanlı Təbriz” kitabını oxusanız, orada məşrutə hərəkatı liderlərinin sağ qollarının erməni olduğunu görərsiniz. Türkün həyatının heç bir dəyəri yox idi. İstər bu türk bir-bir öldürülsün, istərsə min-min öldürülsün. Kimsə bu ölümlərlə maraqlanmırdı. Sosial bir hərəkatı niyyəti və hədəfinə görə incələmək lazımdır”.

Güntay Gəncalp vurğulayıb ki, məşrutə hərəkatının niyyəti farsçılıq və türk düşmənliyi idi:

“Bu hərəkat öz hədəfinə çatdı. Pəhləvi dövləti məşrutə hərəkatının içindən doğuldu. Pəhləvilər özləri də türk idilər, ancaq aşırı dərəcədə türk düşmənliyi etdilər. Cilovluq qırğınını Pəhləvilər ört-basdır ediblər. Çünki Pəhləvi rejiminin paradiqmasına görə, ölkədə türk nə qədər çox ölsə və öldürülsə, daha gözəl olardı. İndiki İslam Cümhuriyyəti rejiminin bu mövzuyla bağlı paradiqması əsla dəyişməyib. Məşrutədən başlayaraq davam edən ideologiya hələ də dövlətin rəsmi paradiqmasıdır. Son zamanlar internet kəşf edildikdən sonra biz də Cilovluq qırğınından xəbərdar olduq. Bizim də xəbərimiz yox idi. O dövr qırğınlarını gözləri ilə görənlər xatirələrini uşaqlarına danışıblar, onlar da öz uşaqlarına deyiblər və bu şəkildə kimlərsə bu hadisəni kitab halına salıb. Hadisənin baş verdiyi zaman da bu qırğın haqqında kitab yazılıb”.

Qeyd edək ki, Birinci Dünya müharibəsi illərində Rusiya və Qərb dövlətləri tərəfindən dəstəklənən erməni hərbi birləşmələri 1918-ci ilin martında, axırıncı çərşənbədə Güney Azərbaycanın Urmiya, Salmas, Maku və Xoy bölgəsində yaşayan azərbaycanlılara qarşı kütləvi qırğınlar törədib. Bu qırğınlar tarixə “Qanlı çərşənbə” və ya “Cilovluq hadisəsi” kimi düşüb.

İran tarixçisi Əhməd Kəsrəvinin yazdığına görə, Cilovluq hadisələri zamanı 100 min Azərbaycan türkü qətlə yetirilib. Urmiyalı tarixçi Ayrumlu isə bu rəqəmin 300 minə çatdığını bildirib.

Bu qırğınlar Azərbaycan tarixçiləri tərəfindən yetərincə araşdırılmayıb.