>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Arif Əsgərovun yaxın qohumu məhkəmə zalında qandallandı - 9 İL HƏBS

Arif Əsgərovun yaxın qohumu məhkəmə zalında qandallandı - 9 İL HƏBS
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Emil Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

APA-nın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə Emil Hüseynov son söz deyib. O bildirib ki, niyyəti aldatmaq olmayıb, iş məqsədi ilə pul alıb, lakin pul batıb: "Pulun bir hissəsini qaytarmışam. Azyaşlı uşağımı nəzərə alın".

Bundan sonra hakimlər müşavirəyə gediblər.

Qeyd edək ki, prokuror E. Hüseynovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, E. Hüseynov vətəndaş Tural Hüseynovun etibarından sui-istifadə edərək, ondan 382 min dollar, Namiq Mehdiyevdən 80 min manat, Emil Məmmədovdan 2 milyon 500 min dollar, Mərziyyə Rzayevadan isə 19 500 manat pulu dələduzluq yolu ilə ələ keçirib. Həmin şəxslərin hüquq-mühafizə orqanlarına şikayətindən sonra cinayət işi başlanıb. Cinayət işi materiallarına əsasən, E. Hüseynov Gürcüstandan izolyasiya və digər materiallar gətirmək adı ilə həmin vətəndaşları aldadıb.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.

E. Hüseynov 2016-cı ilin dekabr ayında "İnrerpol" xətti ilə Qazaxıstanda həbs edilərək Azərbaycana təhvil verilib. Barəsində həbs qətimkan tədbiri seçilən E. Hüseynovun məhkəməyə müraciətindən sonra ev dustaqlığına buraxılıb.

E. Hüseynov “Azərbaycan Dövlət Dəmir yolları” QSC-nin sabiq sədri Arif Əsgərovun baldızı oğludur. Onun qardaşı Rahib Hüseynov da külli miqdarda dələduzluqda təqsirləndirilir. Onun barəsində olan cinayət işi hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.

***

Nəqliyyat Nazirliyinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilməsindən sonra işsiz qalan nəqliyyat nazirinin müavini Arif Əsgərovun baldızı oğlu Emil Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının hökmünə əsasən, Emil Hüseynov 9 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs edilib.

Xatırladaq ki, dövlət ittihamçısı çıxışında Emil Hüseynovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, Arif Əsgərovun oğlu Elnar Əsgərov bu iş üzrə əsas şahiddir və o da məhkəmədə ifadə verib. Hətta bəzi zərərçəkmişlər və təqsirləndirilən Emil Hüseynov da Elnarı ittiham edirlər. Çünki alınan pullar Elnar Əsgərova çatıb. Emil Hüseynov isə E.Əsgərovun işlərini gördüyünü deyir.

Bildirək ki, E.Hüseynov vətəndaş Tural Hüseynovun etibarından sui-istifadə edərək, ondan 382 min dollar, Namiq Mehdiyevdən 80 min manat, Emil Məmmədovdan 2 milyon 500 min dollar və Mərziyyə Rzayevadan isə 19 500 manat pulu dələduzluq yolu ilə ələ keçirib. Həmin şəxslərin hüquq-mühafizə orqanlarına şikayətindən sonra cinayət işi başlanılıb. Cinayət materiallarına əsasən, E.Hüseynov Gürcüstan Respublikasından izolyasiya və digər materiallar gətirmək adı ilə həmin vətəndaşları aldadıb.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.