>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

"Surxay və Hikmətlə maşında görüşdük və 500 manatı onlara verdim" - “Bizim dövr” qəzetinin baş redaktoru və əməkdaşlarının işi

"Surxay və Hikmətlə maşında görüşdük və 500 manatı onlara verdim" - “Bizim dövr” qəzetinin baş redaktoru və əməkdaşlarının işi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev, onu müavini Hikmət Nəcəfli, Gülbəniz Əliyeva, İlahə Qasımova, Sevinc Məmmədsalayeva və Marif Abbasovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Ramella Məmmədova ifadə veeib.

O, S.Əliyevə 500 manat pul verdiyini deyib: "Pulu həyat yoldaşım aparıb verib".

Daha sonra şahid qismində Tofiq Zeynalov dindirilib. O, təqsirləndirilən şəxslərdən S.Əliyevlə görüşdüyünü söyləyib: "Yoldaşım Ramella xanım dedi ki, "jurnalist pulla bağlı zəng edib". Surxayla görüşdüm. Ona pulumuzun olmadığını dedim. Bir qədər keçəndən sonra ona 500 manat pul verdim".

Zərərçəkmiş Ramidə İbrahimova ifadəsində Pirşağıda yerləşən dövlət poliknikasının baş həkimi işlədiyini deyib. O bildirib ki, təqsirləndirilən Hikmət Nəcəfli zəng edib görüşməsini istəyib: "Qəzetlərində mənim haqda yazılar yazıldı. Sonra Səhiyyə Nazirliyindən yoxlama aparıldı. Mən "Nəşriyyat"a getdim. Orada Hikmət müəllim məni qarşıladı, Surxay müəllimlə görüşdüm. Əvvəl məndən 2000 manat pul istədi, 500 manat pul verdim. Dedim ki, "həyat yoldaşın üçün hədiyyə alarsan". Bir qədər keçəndən sonra barəmdə yenə yazılar getdi. Buna görə isə 200 manat pul verdim".

Digər zərərçəkmiş Qəşəngül Musayeva dindirilib. O, kitab nəşriyyatında rəhbər olduğunu, S.Əliyevin ona zəng etdiyini deyib: "Əvvəl kitab çıxarmaq istədiyini söylədi. Sonra Hikmət zəng etdi. Məndən şikayətlər olduğunu, buna görə qəzetində yazı yazacağını bildirib, pul istədi. Dedim ki, "yazın". Barəmdə yazı çıxandan sonra ümumilikdə ona 400 manat pul verdim".

Zərərçəkmiş Fikrət Quliyev ifadəsində bildirib ki, Həmkarlar İttifaqının Turizim və Ekskursiyalar Şurasının sədri vəzifəsində çalışır. O, S.Əliyevin ondan pul tələb etdiyini və ona iki dəfəyə 600 manat pul verdiyini deyib: "Mənim haqqımda mətbuatda yazı yazacağını bildirdi".

S.Əliyev zərərçəkmişin dedikləri ilə razı olmadığını deyib.

Zərərçəkmiş Könül İbrahimova ifadəsində Xırdalanda yerləşən uşaq bağçasında direktor vəzifəsində çalışdığını, təqsirləndirilən H.Nəcəflinin ona zəng etdiyini qeyd edib: "Daha sonra Surxay Əliyev və Gülbəniz Əliyeva mənlə danışdı. Onların əlində video var idi. Belə ki, bir valideyin bizim bağçaya gəlib, uşağını ora qoymaq istəyib. Metodistimiz isə ondan 300 manat pul tələb edib. Həmin valideyn də bu söhbətin videosunu çəkib, onlara verib. Məni videonu almaq üçün "Nəşriyyat"a çağırdılar, 500 manatı Gülbənizə verdim".

O, heç kəsdən şikayətçi olmadığını deyib.

Zərərçəkmiş Şəfiqə Balaşova ifadəsində söyləyib ki, Bakıda "Leon" kafesi işlədən zaman "Bizim dövr" qəzetində kafe haqda yazılar çıxıb. O bildirib ki, daha sonra S.Əliyevlə danışıb: "Surxay və Hikmətlə maşında görüşdük və 500 manatı onlara verdim".

H.Nəcəfli məhkəmədə bildirib ki, zərərçəkmiş Ş.Balaşova insan alverinə görə daha əvvəl həbs edilib. O, qadına bu bardə sual versə də, məhkəmə sualı çıxarıb.

Məhkəmənin növbəti iclası martın 1-nə təyin edilib.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumata görə, DTX əməkdaşlarının keçirdiyi əməliyyat zamanı "Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyev, “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və onun müavini Hikmət Nəcəfli saxlanılıb. Səbail Rayon Məhkəməsinin qərarı ilə onların barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Məlumata görə, qabaqcadan əlbir olan bir qrup şəxsin gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə qadınları digər şəxslərlə görüşdürüb münasibətlərinin gizli videoçəkilişlərini aparması, onları şantaj etməsi, habelə ayrı-ayrı şəxslər barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mütəmadi olaraq mətbu orqanlarında dərc etdirib bu fəaliyyətin dayandırılması müqabilində vətəndaşlardan külli miqdarda pul tələb edilməsi və alınması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplanılması barədə daxil olmuş müraciətlər DTX-da araşdırılarkən Azərbaycan Respublikası ərazisində “reket” nəşrlər yaradıb, bu nəşrlərin jurnalistləri adı altında fəaliyyət göstərən bir qrup şəxs və onlarla şəbəkə halında əlbir olan digər şəxslərdən ibarət cinayətkar dəstənin silsilə cinayət əməlləri ifşa edilib, qanunsuz fəaliyyətlərinin qarşısı alınıb. DTX tərəfindən aparılan araşdırmaların nəticələri üzrə hədə-qorxu ilə tələb etmə, əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə belə tədbirlərin keçirilməsi faktları üzrə cinayət işi başlanılıb.

G.Əliyeva, İ.Qasımova və M.Abbasovun barəsində həbs qətimkan tədbiri seçilməyib. S.Məmmədsalayeva isə daha əvvəl hədə-qorxu ilə tələb etmədə təqsirləndirilərək 6 il müddətinə azadlıqdan məhrum edilib. O, haızrda 4 saylı cəzaçəkmə müəssisəsində cəzasını çəkir.

Daha sonra "Gündəlik Bakı" qəzetinin baş redaktoru H.Vəliyevin cinayət işi ayrıca icraata ayrılıb və Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fikrət Qəribovun sədrliyi ilə baxılır.

G.Əliyeva "İlk xəbər" saytının, M.Abbasov isə "Kriminal" qəzetinin baş redaktoru olub.