>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Virtual asılılıq əxlaq faktoruna da təsirsiz ötüşməyib...

Virtual asılılıq əxlaq faktoruna da təsirsiz ötüşməyib...
"Məktəbin günahı böyükdür, lakin günahkar təkcə məktəb deyil"

Təhsil Kompleksində yeniyetmələr tərəfindən seksual xarakterli zorakılıq hərəkətləri ilə bağlı cinayət ışinin açılması təkcə təhsilimizə deyil, bütövlükdə cəmiyyətimiz üçün heç də baş ucalığı gətirən hal deyil, baxmayaraq ki, məktəb rəhbərliyi videogörüntüləri quraşdırma hesab edir və həmçinin təhsil ocağında mənəvi iqlimə xələl gətirilməməsi və belə halların baş verməməsi üçün Təhsil Nazirliyi tərəfindən aidiyyatı qurumların mütəxəssisləri cəlb olunmaqla müvafiq tədbirlər həyata keçirilir. Şagirdlərin yetkinlik yaşına catmadığını nəzərə alaraq, kütləvi informasiya vasitələrindən məsələyə həssas yanaşmaları xahiş olunur.

Bununla belə “baş verənlərin səbəblərini, videogörüntülərin kimlər təfərindən çəkilməsini, yayılmasını aydınlaşdırmağın vacib olduğunu, ancaq belə hadisələr üzərində şoular düzəltməyə ehtiyac olmadığını” bildirənlər, “tərbiyə və təhsiln bir paraleldə inkişaf edən amillər olduğunu, tərbiyənin müəyyən bir qisminin ailə ilə əlaqar olub, 60-70 faizinin təhsillə bağlı oldugu” qənaətində olanlar da var. Hələ böyük ümid bəslədiyimiz “Məktəbin dostları”nın bilavasitə funksional fəaliyyət(sizliy)i bir yana. Məktəbin günahı böyükdür, lakin ədalət naminə etiraf etməliyik ki, günahkar təkcə məktəb deyil.

Əgər belə bir qənaətə gəlsək ki, təlim və tərbiyə bir sosial element kimi cəmiyyətin digər üstqurum və bazis elementləri ilə şərtlənir, mövcud əxlaqi keyfiyyətlər sosial, iqtisadi , hüquqi və s. münasibətlər təlim-tərbiyə prosesinə təsirsiz ötüşmür, deməli hadisənin səbəblərini daha dərində axtarmalıyıq. Hələ bizim eradan əvvəl antik dünyanın ilk filosofları belə hesab edirdilər ki, yaxşı vətəndaş yetişdirmək üçün savaddan çox uşaqların əxlaqi baxımdan yetişməsinin qayğısına qalmaq lazımdır.
O qədər də uzaq olmayan bir vaxtlar məktəb təhsili dedikdə, ilk ağlımıza gələn “təlim-tərbiyə prosesinin təşkili” məfhumu olardı. Yəni, təlimi tərbiyə işi olmadan təsəvvür etmək mümkün deyildi. Artıq əsrin 4/1 ilindən artıq bir müddət keçib ki, təhsil barədə düşünəndə adətən bir çoxumuz ancaq müəyən az- para bilik əldə edib, nə yolla olsa belə hansısa bir ali təhsil müəssisəsinə daxil olub, təki diplom olsun düşüncəsi ilə yaşayırıq. Bunun üçün hansı yollara əl atmırıq...
Bununla belə istəsək də, istəməsək də razılaşmaq zorundayıq ki, müasir dövrümüzdə tərbiyə məsələləri öz əvvəlki mahiyyətini, dəyərini və aktuallığını hələ tam itirməsə də, itirməyə meyllidir. Başqa sözlə ifadə etsək, təlimə “ifrat dərəcədə” aludəçiliyimiz tərbiyə məsələlərini arxa plana keçirib. Hətta, məktəbəqədər tərbiyə müəssisəsi adlandırdığımız uşaq bağçalarında belə təhsil tərbiyəni üstələyir, məktəbəqədər yaşlı uşaqların harmonik inkişafını və tərbiyəsini lazımı səviyyədə təmin etmir. Baxmayaraq ki, 90-cı illərdə Təhsil Nazirliyi tərəfindən elmi-pedaqoji və psixoloji əsaslı, müasir məzmunlu “Tərbiyə konsepsiyası” hazırlamaq ideyası ortalığa atılmış və hətta bunun layihəsi belə hazırlanmışdı, sonralar nədənsə, naməlum səbəblərdən bu istiqamətdə aparılan işlər dayandırıldı.
Bununla belə, məktəblərdə təlim-tərbiyə işinin təşkilinə dair nə qədər fərqli təlimat, metodiki tövsiyə, əsasnamə və digər istiqamətləndirici normativ sənəd olsa belə zəmanəmizdə tərbiyə işi, bir növ məzmun və mahiyyətinə diqqət azalan mənəvi dəyərlərdən birinə çevrilib. Səbəb nədir? Ən başlıca səbəblərdən biri heç şübhəsiz ki, tərbiyə, təhsil, təlim və şəxsiyyətin vəhdətini özündə ehtiva edən pedaqoji prosesin təlim, tərbiyə və tədrisin forma və metodlarını öyrənən pedaqogika elmindən ayrı düşməsidir.
Məktəblərimizdə zorakılıq hallarına dair xüsusilə yaxın son illər gündəmi zəbt edən olaylarla bağlı bəzən öz-özünə sual verirsən. Görəsən, bu kimi arzuolunmaz halların baş verməsinə səbəb nədir, bu kimi təzahürlər nədən qaynaqlanır? İstər-istəməz düşünürsən ki, bəlkə bu zəmanədəndir. Dilemma qarşısında qalırsan. Bəli, zəmanə dəyişib, dəyərlər başqalaşıb, insani münasibətlərin önünə keçən ifrat virtual ünsiyyətdən "əməkdaşlıq pedaqogikası" adlanan canlı ünsiyyətə keçmək zorundayıq, müəllim-şagird-valideyn münasibətlərinin genişləndirilməsi yollarını axtarmalıyıq. Telekanallarda zorakılıq, şiddət hallarının təkrar-təkrar göstərilməsi, ayri-ayrı saytlarda bu qəbildən olan video görüntülərin yayımlanması yolverilməzdir. Şagirdlərin məktəbə telefonla, smartfonla daxil olmasına qadağa qoymaq lazımdır. Məktəbdə psixoloqlar təkcə uşaqlarla yox, müəllimlərlə də işləməlidir.
Gəldiyim nəticə ondan ibarətdir ki, pedaqoji prosesdə təlim və tərbiyə vəhdət təşkil etməyəcəksə, təhsilin dövlət qarçısında öz məsuliyyətini dərk edən, xalqının milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, müstəqil və yaradıcı düşünən, hərtərəfli və ahəngdar inkişaf etmış, geniş dünyagörüşünə malik vətəndaş və şəxsiyyət yetişdirmək kimi əsas məqsədini həyata keçirməkdə problemlərlə üzləşməyimiz də bir o qədər qaçılmaz olacaq. Xüsusilə son zamanlar məktəblərimizdə müəllimlər və şagirdlər arasında və bütövlükdə cəmiyyətimizdə baş verən, sadalamağa ehtiyac olmayan bir çox arzuolunmaz neqativ təzahürlər belə bir qənaətə gəlməyə əsas verir.
Bu məsələyə sırf pedaqoji aspektdən yanaşmaq, onu bilavasitə təhsilin mövcud durumu ilə əlaqələndirmək də məsələyə birtərəfli yanaşmaqdan başqa bir şey olmazdı. Bu kimi halların baş verməsi daha çox sosial xarakterli məsələdir. Dəyərlər dəyişib, düşüncə və yanaşma tərzimiz başqalaşıb, tələb və təklif prinsipləri yeniləşib. Əgər rüşvət, saxtakarlıq, zorlama və digər xarakterik hallar cəmiyyətin hansısa bir zümrəsi tərəfindən sıradan adi-hal, hətta norma kimi qəbul edilirsə, belə hallara məktəbdə digər təhsil müəssisələrində yol verildikdə, bu təbii ki, ictimaiyyət tərəfindən daha çox qınaq obyektinə çevrilir, az qala faciə səviyyəsinə qaldırılır. Halbuki, qloballaşma prosesi, elmi-texniki tərəqqi, yüksək texnologiyaların insani münasibətlərin önünə keçməsi əsas bilik, bacarıq, vərdiş, dünyagörüşü və tərbiyə elementlərinin ötürücüsü kimi məktəb faktorunu böyük ölçüdə arxa plana keçirib.
Nadir İsrafilov
Teref.info