>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Çexiyadakı səfirimiz Rusiyanın mövqeyini müdafiə etməsinə REAKSİYALAR

Çexiyadakı səfirimiz Rusiyanın mövqeyini müdafiə etməsinə REAKSİYALAR
Ekspert: “Əgər səfir ciddi məsələlərə dair qərar verirsə, Bakı ilə razılaşdırmalıdır”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyevin fəaliyyəti barədə sosial şəbəkədəki səhifəsində məlumat paylaşıb. “Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev çalışdığı ölkədə məmləkətimizi təmsil edir, yoxsa Rusiyanın maraqlarını qoruyur?” başlıqlı yazıda politoloq F. Şəfiyevi marşal İvan Konevlə bağlı Rusiya səfiri ilə eyni mövqeyi sərgiləməkdə ittiham edir.
Arayış üçün politoloq öncə qeyd edib ki, Çexiyanın paytaxtı Praqada marşal İvan Konevin heykəli var. Konev İkinci Dünya müharibəsində Praqanın alman faşistlərindən azad olunması əməliyyatına rəhbərlik edib. Ancaq həmin Konevin başqa “xidmətləri” də var. Konev birincisi, 1956-cı ildə Macarıstanda xalq inqilabını qanla yatırıb, ikincisi, “soyuq müharibənin” simvolu sayılan Berlin divarının tikintisinə rəhbərlik edib və üçüncüsü, 1968-ci ildə Çexoslavakiyanın sovet qoşunları tərəfindən işğalında vacib rol oynayıb. Buna görə də Praqa meriyası qərar verib ki, Konevin heykəlinin üzərindəki “Praqanı alman faşistlərindən azad edib” sözlərinə onun sonrakı “proseslərdə” rolu da əlavə edilsin:
“Bundan sonra Rusiyanın Çexiyadakı səfirliyi haray-həşir salaraq Praqa meriyasına kəskin məktub göndərib. Teref.info musavat.com-a istinadən yazır ki, Rusiya səfirinin imzası ilə yayınlanan məktubda deyilir ki, Konev qəhrəmandır, onun adını ləkələmək düzgün deyil, sovet qoşunları Praqanı azad edib və s. Rusiya səfirinin məktubunda Konevin ancaq İkinci Dünya müharibəsindəki rolundan danışılır, onun fəaliyyətinin qaranlıq səhifələrinə isə toxunmurlar və üstündən sükutla keçməyə üstünlük verirlər. Rusiya səfirinin kəskin ifadələrlə dolu məktubuna 4 səfir - Belarusun, Qazaxıstanın, Ermənistanın və Azərbaycanın səfiri Fərid Şərifov da imza atıb”.
Politoloq bildirib ki, biz Rusiyanın üç müttəfiqi və torpaqlarımızı işğal edən qəsbkar dövlətlə bir sırada dayanmalı deyilik: “Azərbaycan səfirini Ermənistan səfiri ilə eyni dəyərləri bölüşməyə nə vadar edib? Praqa Meriyasının rus marşal Konevlə bağlı qərarından Azərbaycana nə var? Bunun Azərbaycanın milli və təhlükəsizlik maraqları ilə yaxından və uzaqdan heç bir əlaqəsi yoxdur. Axı elə həmin marşalın ardıcılları Bakıda 20 Yanvar qətliamını törədiblər. Həmin marşal 1968-ci ildə çexlərin müstəqillik istəklərini qanına qəltan edib, onun ardıcılı olan digər marşal Dmitriy Yazov və digər rus generallar isə 1990-cı ildə Bakını qan gölünə çeviriblər”.
Məsələ ilə bağlı Xarici İşlər Nazirliyinin mövqeyini öyrənə bilmədik.
Politoloq Elxan Şahinoğlu da “Yeni Müsavat”a bidirib ki, Azərbaycan Xarici İşlər Nazirliyindən məsələ ilə bağlı münasibət bildirilməyib: “Lakin Rusiya mətbuatında bu məsələ ilə bağlı bir məqalə dərc olundu. Hesab edirəm ki, həmin məqaləni Azərbaycanın Çexiyadakı səfirliyi yayıb. Orada konkret olaraq mənim adım və məqaləni kimlərin yazması göstərilmir. Bildirilir ki, belə bir məsələ qaldırılıb və nə üçün imza atmalarını əsaslandırırlar. Əsaslandırmalarında qeyd olunur ki, biz ona görə müdafiə etmişik ki, Praqanın azad olunmasında azərbaycanlılar da həlak olub. Qeyd edirlər ki, biz onların da xatirəsini əbədiləşdirib, müdafiə etmişik. Yəni bu əsaslandırmanın da heç bir məntiqi yoxdur. Həmin abidənin İkinci Dünya müharibəsində ölən insanlarla əlaqəsi yoxdur. Bu, sadəcə olaraq, marşal Konevin abidəsidir.
Çexiyadakı səfirimiz Rusiyanın mövqeyini müdafiə etməsinə REAKSİYALAR
Beynəlxalq münasibətlər üzrə ekspert Fərhad Mehdiyev “Yeni Müsavat”a bildirib ki, bu cür məsələlərdə səfir mütləq Bakı ilə razılaşır: “Əgər səfir ciddi məsələlərə dair qərar verirsə, Bakı ilə razılaşdırmalıdır. Bu da Rusiya ilə bağlı məsələ olduğu üçün ciddi hesab edilir. Onu da deyim ki, səfirlər hər şeyi Bakı ilə razılaşdırmırlar. Tutaq ki, Azərbaycan dövlətinin tarixi, mədəniyyəti ilə bağlı maraqlarını qoruyursa, onların tanıdılması ilə əlaqəli iş görürsə razılaşmağa ehtiyac yoxdur. Başqa bir dövlətlə olan münasibətlə bağlı addım atanda isə hökmən Bakı məlumatlanmalıdır. Xüsusilə Çexiya ilə Azərbaycanın münasibətlərinə zərər verə bilən məsələ ilə bağlı daha əvvəl alınmış qərar yoxdursa, bu nəzərə alınmalıdır. Ola bilər ki, Xarici İşlər Nazirliyi bütün ölkə səfirliklərinə məlumat göndərir ki, bundan sonra məsələn, Rusiya ilə bağlı eyni mövqedən çıxış edəcəyik. Belə bir tapşırıq göndərilməyibsə, səfir özbaşına imza ata bilməz. Burada səfir Rusiyanın mövqeyini dəstəkləyir. Niyə belə atdım atdıqlarını soruşduqda böyük ehtimalla deyəcəklər ki, Azərbaycan da İkinci Dünya savaşının iştirakçısı olub və ruslar əleyhinə səslənənlər bizə də toxunur. Lakin həqiqi səbəbin bu olub-olmadığını isə söyləyə bilmərəm. Hadisənin Çexiya ilə münasibətlərimizə təsir edəcəyini ehtimal etmirəm. Məncə, bu, çexlər üçün həyati bir məsələ deyil ki, iki dövlət arasında münasibət pozulsun. Ümumiyyətlə, dövlətlər hər hala görə münasibətləri pozmurlar. Bu cür bəyanatlara görə də məsələni münasibətləri pozacaq həddə gətirməməlidirlər”.
Tumar