>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Azərbaycanlı gənc 81 nəfəri necə öldürdü? – Sirli tarix/FOTOLAR

Azərbaycanlı gənc 81 nəfəri necə öldürdü? – Sirli tarix/FOTOLAR
Rzayev psixi cəhətdən qeyri-sağlam şəxs olub
SSRİ uzun illər bu hadisəylə bağlı rəsmi məlumat yaymayıb. 30 ildən çox olayın əsil mahiyyətini gizlətməyə çalışıb. Və bu illər ərzində bu hadisənin qurbanlarının ailələrinə də əsil həqiqət məlum olmayıb. Nə az, nə çox - 81 nəfərin ölümünə səbəb olan bu hadisənin səbəbkarı, azərbaycanlı Çingiz Yunus oğlunun adı da uzun müddət gizli saxlanılıb. Onun məzarı da bilinmir. Ailəsi isə SSRİ dağılanadək nəzarətdə olub...
***
44 il əvvəl, elə may ayının bu günündə Moskvadan Çitaya uçan TU-104 sərnişin təyyarəsində yer alan, 4 nəfəri uşaq olmaqla, 72 sərnişin və 9 ekipaj üzvünün heç ağlına da gəlməzdi ki, bu, onların son uçuşu olacaq. Moskvanın “Domodedovo” hava limanından qalxan təyyarə Çitaya çatana qədər iki yerdə dayanmalı olmuşdu. Yox, nasaz deyildi. Sadəcə, o dövrdə istismarda olan TU-104-lər bu uzunluqda yolu birdəfəyə qət edə bilmirdilər. Buna onların texniki göstəriciləri imkan vermirdi. 42379 saylı qeydiyyat nömrəsi ilə uçan təyyarə əvvəlcə Novosibirskdə, daha sonra isə İrkutskda yerə enmiş, yanacaq və təbii ki, sərnişin götürəndən sonra yenidən havaya qalxmışdı.
Qarşıda təxminən saatyarımlıq uçuş qalırdı. İrkutskda da təyyarəyə minənlər oldu. Sonradan məlum olacaqdı ki, onların sayı 6 nəfər imiş. Aralarında da…
Hə, bu məqama qayıdacağıq. İndilikdə isə…
***
Saat təxminən 10 radələrində Çita şəhərindən 97 km aralıda yerləşən Maqnaz qəsəbəsinin sakinləri göyün üzündə böyük bir alov buludunun yarandığını görürlər. Sonradan bu alov topası tədricən yerə doğru enməyə başlayır. Və Tayqaya, Arşa çayı sahilinə düşən bu alov topası qəfildən möhkəm partlayışa çevrilir. Sakinlər dərhal yerli sahə müvəkkilini arayırlar. Az sonra isə özləri hadisə yerinə doğru axışırlar. Onların arxasınca da hərbçilər. Hərbçilər, deyəsən, baş verənlərin mahiyyətini anlayırlar. Sakinləri dərhal hadisə yerindən kənarlaşdırıb, ətrafı mühasirəyə alırlar. Əraziyə heç kim buraxılmır, hamıya da bir-bir xəbərdarlıq edirlər. Heç nə görməmisiniz, heç harda bircə kəlmə danışmayın. Amma Maqnaz sakinləri gördüklərini görmüşdülər. Ətraf yanmış cəsədlər və təyyarə qalıqları ilə doludur.
Kənddə şayiələr baş alıb gedir. Təyyarə qəzaya uğramayıb, partladılıb. Sakinlər, daha doğrusu, şahidlər partlayışın göydə baş verdiyini bilirdilər. Hətta sonradan bu barədə Moskvadan gəlmiş KQB işçilərinə də izahatlarında bildirmişdilər. Amma onlara qəti xəbərdarlıq da edilmişdi. Heç bir partlayış-filan olmayıb, bu bir qəzadır.
Amma təyyarə partladılmışdı. Özü də 7 min metr yüksəklikdə…
***
Hadisənin səhəri gün qəza yerinə araşdırmaya başlayan heyət təpənin döşündə bir neçə cəsəd aşkarladı. Sonra təyyarənin qalıqlarını. Xurd-xəşil olmuş kabinəni. Və elə pilot kreslolarındaca keçinmiş heyət üzvlərini...
Tapılan cəsədlərdən biri müstəntiq və ekspertlərin diqqətini çəkdi. Kürək nahiyəsindən, 7-ci və 8-ci qabırğaların arasında güllə yeri vardı. Cəsədin sifəti o qədər dağılmışdı ki, hansısa əlamət belə tapmaq mümkün deyildi. Çita Tibb İnstitutunda kəllə sümüyünün üzərində aparılan iş nəticəsində həmin şəxsin təxmini siması müəyyənləşdirilir və fotoşəkli çəkilir. Və... İrkutsk aeroportundakı bilet satan fotodakı şərqli simanı dərhal tanıyır – bu, 1941-ci il təvəllüdlü Rzayev Çingiz Yunus oğlu idi...
***
…Bəli, Çingiz həmin gün İrkutskda bu təyyarəyə minənlər arasında olan tək azərbaycanlı idi. 32 yaşlı Çingiz Yunus oğlu Rzayev. Kustar üsulla hazırladığı bombanın gücü isə azı bir böyük binanı məhv etməyə qadir idi. 6 kiloqram trotil ekvivalentli bu bombanı Çingiz bədəninə bağlamışdı. SSRİ-nin as pilotlarından sayılan Valeri Xayryuzov sonradan verdiyi müsahibələrin birində deyəcəkdi:
- O vaxtlar hansı təyyarəyə nə istəsən keçirmək mümkün idi. Necə deyərlər, sülhpərvər və firavan sovetlər ölkəsində hansısa terror heç kimin ağlına gəlməzdi. Məhz bu səbəbdən aeroportlarda ciddi yoxlanış olmurdu. Amma bundan əvvələdək bir hadisə baş vermişdi. Daha doğrusu, 3 il əvvəl Pranas Brazinskas və onun oğlu Alqirdas Batumidən Suxumiyə uçan An-24 təyyarəsini Türkiyəyə qaçırmışdılar. Məhz bu hadisədən sonra gizli bir direktiv verildi: Hər sərnişin təyyarəsində mülki geyimdə bir milis işçisi əyləşirdi. Təyyarənin təhlükəsizliyinə də məhz o cavabdeh idi.
***
KQB müstəntiqləri salonda olan bütün sərnişinlərin kimliyini diqqətlə araşdırırdı. Həmçinin, xoşbəxt təsadüf nəticəsində təyyarəyə minə bilməyənlərin. Yeri gəlmişkən, onlardan biri sərxoş podpolkovnik idi – trapa dırmaşa bilməmişdi. Üç xoşbəxt gənc miniş üçün verilən son elanı eşitməmişdi. Hərbçi mayor öz biletini son anda dostuna güzəştə getmişdi. Hə, nə qədər kədərli olsa da, özünü son anda təyyarəyə çatdıranlar da olmuşdu – Zabaykalsk Hərbi Dairəsinin boksçulardan ibarət komandası və ordudan tərxis olunub evə dönən əsgər...
***
Çingiz bombanı təyyarəyə rahat keçirə bilmişdi. Və heç kim də arxa oturacaqların birində əyləşmiş bu adamdan qəti şübhələnmirdi. Təyyarə İrkutsk hava limanından qalxandan 20 dəqiqə sonra o, stüardessanı yanına çağıraraq, qucağındakı bağlamanı ona göstərərək, partladıcı olduğunu deyib və təyyarəni Çinə sürməyi tələb edib. Stüardessa dərhal bu barədə salonda olan gənc milis əməkdaşı Vladimir Yejikova xəbər verir. Yejikov Çingizə yaxınlaşaraq, qucağındakı bağlamanı ona verməyi tələb edir. İstintaqın mülahizəsinə görə, Rzayev cavabında təyyarəni partladacağını bildirib. Buna baxmayaraq, Yejikov tələbində israr edib. Çingiz Rzayev, qarşısındakı gənc və prinsipial milis əməkdaşının güzəştə getməyəcəyini anlayır. Bir əli ilə partladıcının düyməsini sıxan Rzayev o biri əlindəki bıçağı Yejikovun qarnına soxur. Sonra onu kənara itələyərək, kabinəyə doğru qaçır.
Yaralı milis serjantı tabel silahını çıxaraq, arxadan atəş açır. Düz sol kürəyin altından, ürəyə! Ancaq görünür, ölüm dərhal baş verməyib və Rzayev trotil bağlamasını üstündən ataraq, sonra düyməni basaraq, təyyarəni partlatmağa müvəffəq olub... Məhz bombanı kənara ata bildiyi üçün də onun cəsədində yaxın partlayışdan yaranmış ağır xəsarət olmayıb. Hətta bu detal sonralar təyyarənin guya qırıcılar tərəfindən vurulması barədə spekulyasiyalara əsas vermişdi... Əslində isə, Rzayevin tələbindən partlayışa qədər cəmi 2 dəqiqə 25 saniyə vaxt keçmişdi ki, bu müddətdə də hansısa qırıcını göyə qaldırmaq ağlabatan deyil...
Terrorçunu məhz Yejikovun güllələməsinə müstəntiqlərin heç bir şübhəsi yox idi – uzun axtarışlardan sonra qəza ərazisində serjantın Makarov tipli tapançası tapılmışdı. Maqazində cəmi bir güllə çatmırdı...
***
Bəs kim idi bu qədər faciəyə səbəb olan Çingiz Rzayev? Bu təyyarəni niyə parlatmışdı axı? Tezliklə istintaq onun şəxsiyyətini dəqiqləşdirdi. Əslən Kirovabaddan (indiki Gəncə - S.M.) olan Çingiz, valideynləri yaşayış yerini dəyişdikləri üçün orta məktəbi Tflisdə bitirib. Məktəbi bitirdikdən sonra diplomat olmaq arzusu ilə Moskva Beynəlxalq Münasibətlər İnstitutuna imtahan verdi. Qəbul komissiyasında onun sənədlərinə heç baxmadılar da – o, nəinki heç bir xarici dil bilmirdi, nəinki rus dilində düz-əməlli danışmağı bacarmırdı, hətta orta məktəbi “iki” qiymətlərlə bitirmişdi!
Uğursuz cəhddən sonra o, əsgərliyə gedir. İstehkamçı kimi xidmət edir, sonra Azərbaycana qayıdıb, daha bir neçə uğursuz ilini burada keçirir.
Lakin bu illər ərzində Rzayev diplomat karyerası barədə arzularını kənara qoymur. O, bu arzuları barədə dost-tanışına da danışırmış. Hətta məşum aviaqəzadan bir neçə gün qabaq öz tanışına deyəndə ki, diplomatik iş məqsədilə Çinə yollanır, tanışı bu sözlərə çiyinlərini çəkərək, yüngülcə gülümsəməklə cavab vermişdi... “Burda məni başa düşmürlər – o vaxt Rzayev belə də demişdi – amma bax, Çində məni gözəl başa düşərdilər. Orda mən daha asan diplomat ola bilərdim”. O, bu niyyətlə də 1973-cü il saat 18:12-də “Domodedovo”dan qalxan 109 nömrəli Moskva-Çita reysinə bilet almışdı...
İstintaqın gəldiyi ilk qənaət bu idi ki, Rzayev psixi cəhətdən qeyri-sağlam şəxs olub. Onun mənzilində aparılan axtarış da sübut edirdi ki, o, partlayışa yüksək ehtiyatkarlıq və diqqətlə hazırlıq görüb.
Bütün bunlarla yanaşı, iki məqam gün kimi aydın idi: Rzayev antisovet baxışlı bir adam deyildi, eyni zamanda, içində diplomat olmağa manyakal bir həvəs vardı. O zamanlar Çin Xalq respublikası ilə SSRİ arasında münasibətlər olduqca gərgin idi. Görünür, Çingiz Rzayev hesab edirmiş ki, məhz bu səbəbdən onu Çində gül-çiçəklə qarşılayacaqlar...
***
İndi isə Serjant Yejikov barədə. Onun adı İrkutsk vilayətinin Kuytun qəsəbəsində bir məktəbə verilib. Adı xidməti borcunu yerinə yetirərkən həlak olmuş milis işçilərinin siyahısına salınıb. Amma... partlayışda həlak olanların yaxınları bir neçə dəfə onun məzarını təhqir etməyə cəhd göstəriblər...
***
Bu hadisəylə bağlı Rusiya saytlarında belə az məlumat var. Amma həmin saytların birindəki forumlarda maraqlı məqama rast gəldik. Anna adlı birisi yazırdı: “Mənim atam da bu təyyarədə ola bilərdi. Sadəcə, biletini başqa tarixə dəyişmişdi”. Tatyana adlı xanım isə təəssüf hissyilə yazırdı. “Amma mənim atam bu təyyarədə həlak olmuşdu. Təəssüf ki, bu qəzayla bağlı çox az məlumat var”.
Həmin foruma Yevgeni Boçayrov adlı şəxs də qatılır və telefon nömrəsini qoyur: “Kimə nə marqalıdırsa, mənə zəng etsin”.
Həmin nömrəyə zəng edirik. Və Jenya Lent.az-a bunları deyir:
- Mən uşaq idim o vaxt. Yadımdadı, göyün üzündə böyük bir alov əmələ gəldi. Sonradan tədricən yerə enməyə başladı. Tayqaya düşdü və bərk partlayış səsi eşidildi. Biz və böyüklər ora qaçdıq. Meşə yanırdı. Əraf isə cəsədlə dolu idi. Heç bir saat keçməmiş hadisə yerinə hərbçilər gəldi və bizi ordan uzaqlaşdırdılar. Yadımdadı, mən təyyarədən qalmış bir dəmir parçasını da götürmüşdüm. Səhəri bizim qəsəbəyə yüksək rütbəli zabitlər gəldi. Böyüklərə xəbərdarlıq etmişdilər ki, bircə kəlmə də danışmayın. Mənim özümlə gətirdiyim dəmir parçasını isə anam qorxusundan çaya atdı. Təyyarənin qalıqları indiyədək ordadı. O vaxt lazım olan hissələri KQB işçiləri özləri ilə götürüb apardılar. Yerdə qalanı hələ də oradadı..
Azərbaycanlı gənc 81 nəfəri necə öldürdü? – Sirli tarix/FOTOLAR
Azərbaycanlı gənc 81 nəfəri necə öldürdü? – Sirli tarix/FOTOLAR
Azərbaycanlı gənc 81 nəfəri necə öldürdü? – Sirli tarix/FOTOLAR
Azərbaycanlı gənc 81 nəfəri necə öldürdü? – Sirli tarix/FOTOLAR
Azərbaycanlı gənc 81 nəfəri necə öldürdü? – Sirli tarix/FOTOLAR
Azərbaycanlı gənc 81 nəfəri necə öldürdü? – Sirli tarix/FOTOLAR