>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Mehman Hüseynov məhkəmədə başına gələnlərdən danışdı - DİN yalanladı

 Mehman Hüseynov məhkəmədə başına gələnlərdən danışdı - DİN yalanladı
Blogger: “Ölkənin durumuna ağladım”; Ehsan Zahidov: “Onun dedikləri şər-böhtandır”

Xəbər verdiyimiz kimi, blogger Mehman Hüseynov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə (polisin qanuni tələbinə tabe olmamaq) təqsirli bilinib 200 manat cərimə olunub. Eyni zamanda məhkəmə qərar verib ki, Mehman Hüseynova işgəncə verilməsi şikayəti ilə bağlı Nəsimi Rayon Prokurorluğu araşdırma aparsın.


Məhkəmədən çıxandan sonra Mehman Hüseynov binanın qarşısında jurnalistlərə və onu gözləyənlərə açıqlama verib. Blogger yaşadıqlarını göz yaşları içində danışıb. O deyib ki, yanvarın 9-u axşam 19 radələrində dostlarından bir neçə metr aralanan kimi, 8 nəfər tanımadığı şəxs ona hücum edib, zorla maşına mindirərək harasa aparıblar və zorakılığa məruz qoyublar.

Blogger 3 saat boyunca başında torba, üzü aşağı saxlandığını deyib.
Mehman Hüseynovun sözlərinə görə, onu döyənlərə bildirib ki, nə etsələr də sınmayacaq və peşə fəaliyyətini dayandırmayacaq.

“Mən sınmamışam!” deyə blogger bəyan edib. Mehman Hüseynov deyib ki, onu Nəsimi Rayon Polis İdarəsinin rəis müavininin yanına gətiriblər. Orada deməsinə görə, ürəyi gedib: “Mən özümdən getmişəm. Bir də hiss etdim ki, əlimi qaldırıb hansısa sənədə qol çəkdirirlər. Bunlar bu vəziyyətdən istifadə ediblər”.
 Mehman Hüseynov məhkəmədə başına gələnlərdən danışdı - DİN yalanladı
M.Hüseynov 11 yanvarda facebook statusunda isə baş verənlərlə bağlı daha geniş açıqlama yazıb. O, məhkəmədə ağladığını deyib və bunun izahatını verib: “Bəli, ağladım, ona görə yox ki, məni tutub işgəncə veriblər, məni dəfələrlə tutmuşdular, işgəncə də vermişdilər, dözürdük. Dözürəm, çünki bu yola çıxanda mən gözə almışdım başıma nələr gələcək bu ölkədə. Dünən mən ölkənin düşdüyü vəziyyətə ağladım, vətəndaşların, polislərin düşdüyü acınacaqlı durumu görüb ağladım. Məni məhkəməyə polislər gətirib, onlar məni maşında görəndə şoka düşmüşdülər, çünki təsəvvür etmirdilər ki, bütün günü internetdə gördükləri Mehmanı haçansa məhkəməyə aparacaqlar. Biz məhkəmədə 4 saata yaxın bir olmuşduq. Mənə valideynlərim, dostlarım yemək göndərmişdilər. Mən özümə sığışdırmadım o yeməyi tək yeyim. Yanımda isə polis nəfərləri durmuşdular, onlar çox yorğun görünürdülər. Ona görə yemək payımı o polislər arasında böldüm, özüm ac qalsam da olar, amma 4 saatdı yanımda duran yorğun polislər mənim üçün daha vacib idi. Onlarla xoş münasibət qurdum. Hər bir polis öz dərdini mənə danışırdı. Hamısı bir sözlə deyirdilər ki, Mehman, bil ki, biz sadə polislər səni izləyirik, dəstəkləyirik. Bəli, ölkədə pis polislər də var, amma biz onlardan deyilik, biz bacardığımız qədər vətəndaşlara kömək edirik. Aldığımız 500 manat ailəni dolandırmaq üçün bəs eləmir. Biz burda sənin yanındayıq, heç bilmirik səni niyə bura gətiriblər, amma biz, indi burda gördüyün polislər hamımız ailəliyik və fikirləşirik ki axşam balaca uşağıma pampersi, ”iqruşka"nı hansı pul ilə alacam. Düz 4 saat mən həmin polislərlə ünsiyyətdə oldum. Mənə gələn sovqatları onlarla bölüşürdüm".

M.Hüseynov daha sonra məhkəmədə olanları da təsvir edib: “Və nəhayət, məhkəmə başlayır. Bir müddət keçir, hakim guya məni gecə həbs edən polisləri zala dəvət edir. Qapılar açılır və mən həmin o bayaq yanımda olan polisləri görürəm. Elə o an mən ağladım. Məhkəməyə daxil olub, mənim üzümə durdular. Polis saxta ifadəni verə -verə çox utanırdı, mənim üzümə baxa bilmirdi. Ona baxanda gözümün önünə ölkədəki acınacaqlı durum gəlmişdi. Görün bu sistem insanları 5-10 manat pul qazanmaq üçün hansı yollara əl atmağa məcbur edir. O polis bir neçə dəqiqə əvvəl mənə demişdi ki, ay Mehman, biz bilmirik axşam uşağımıza pampersi necə, hansı pulla alacağıq. Vaxt keçir, o polis üzümə durur. Üzümə durur ki, o aylıq aldığı 500 manat maaş ona çatsın, ailəsini dolandırsın. Mən onun üzünə dedim ki, sənin yerində olsaydım, mənə 1 tikə çörək verən adamın məcbur da olsa heç vaxt üzünə durmazdım. İşdən çıxardım, amma bu vicdansızlığa əl atmazdım. Polis bu sözlərdən sonra özü də ağladı, məhkəmədə bunu hamı gördü, axırda isə mənə ”başa düş, 500 manata görə mən məcbur oldum bunu edim" deyib, utanaraq məhkəmədən çıxdı... Bax mən o səhnəni canlı görə - görə dözmədim".
 Mehman Hüseynov məhkəmədə başına gələnlərdən danışdı - DİN yalanladı
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polkovnik-leytenant Ehsan Zahidov isə “Yeni Müsavat”a açıqlamasında M.Hüseynovun dediklərini şər-böhtan adlandırdı. Müsahibimiz dedi ki, sözügedən hadisəni araşdırıblar: “Bəli, biz hadisəni araşdırdıq. Hazırda polis orqanlarında nəinki Mehman Hüseynova, heç kəsə nə təzyiq göstərilir, nə döyülür, nə də iynə vurulur. Onun dediyi ittiham yox, şər-böhtandır. Bütün saxlanılan şəxslərin dindirilməsi kamera nəzarəti ilə keçirilir. Yəni ortada onun yalan danışdığını sübut edən dəlillər var”.

Avropa Şurasının insan hüquqları üzrə komissarı Nils Mujnieks blogger Mehman Hüseynovun oğurlanmasını və işgəncələrə məruz qalmasını pisləyib. “Vətəndaşlara qarşı pis rəftara, həbs və cərimələrə, onların qorxudulmasına son qoyulmalıdır”, - N.Mujnieks özünün twitter səhifəsində yazıb.