>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Savaş nə göstərdi, Rusiya silahı üstündür, yoxsa...

Savaş nə göstərdi, Rusiya silahı üstündür, yoxsa...
Hərbi ekspert: “İsrailin silahları daha keyfiyyətli və müasir üstünlüklərə malikdir...”
Ermənistanın baş naziri Ovik Abramyan Rusiyanı Azərbaycana silah satmamağa çağırıb. O bildirib ki, Rusiyanın Azərbaycana silah satması Ermənistanda müsbət qarşılanmır: “Rusiya bizim strateji müttəfiqimizdir. Ancaq xalqımız böyük ürək ağrısı ilə qəbul edir ki, o, Azərbaycana silah satır. Mən Rusiyanı Azərbaycana silah satmamağa çağırıram”.

Erməni baş nazir onu da qeyd edib ki, onların narahatçılığına baxmayaraq, bu məsələ Rusiyanın daxili işidir.

Abramyandan iki gün əvvəl də Ermənistanın Müdafiə Nazirliyi Rusiyanın Azərbaycana silah satışını davam etdirməsinə münasibət bildirmişdi. Nazirliyin mətbuat katibi Artsrun Ovanisyan deyib ki, bütün bu baş verənlərdən sonra silah satışının davam etdirilməsi qəbuledilməzdir: “Cəbhə xəttində baş verən gərginlikdən sonra silah satışının davam etdirilməsi əxlaqsızlıqdır”.

Aprelin 8-də Bakıda səfərdə olan Rusiyanın baş nazirinin müavini Dmitri Roqozin isə bildirib ki, Rusiya mövcud müqavilələrə uyğun olaraq Azərbaycana silah satışını davam etdirəcək: “Hər şey müqavilələrə uyğun olacaq. Hər iki ölkə - Azərbaycan və Ermənistan strateji tərəfdaşımızdır”.

Bunun bilavasitə aprelin 7-də Ermənistan prezidenti Serj Sərkisyanın Rusiyanın baş naziri Dmitri Medvedevlə görüşündə Rusiyanın Azərbaycana silah satmasından dolayı narazılığına cavab olduğunu söyləmək olar.

2015-ci ilin əvvəllərindən məlum oldu ki, Rusiya Azərbaycana T-90C tanklarının tədarükünü başa çatdırıb. Daha əvvəllər isə Rusiyanın "Rosoboroneksport" şirkəti bəyan edib ki, 2010-cu ildə bağlanmış sazişə əsasən, 2017-ci ilə qədər iri silah və texnika partiyalarının çatdırılması təmin ediləcək.

Beləliklə, Ermənistan heç cür qəbul edə bilmir ki, Rusiya müstəqil dövlət kimi kimə silah satmasında sərbəstdir və silahları Ermənistandan fərqli olaraq Azərbaycana nisyə və yaxud havayı vermir, ölkəmiz ondan ötrü sərfəli iqtisadi-ticari tərəfdaşdır. Nəhayət, bununla üstəlik, Rusiya öz kasad büdcəsini doldurur. Ekspertlər bildirir ki, hətta Rusiya silah satışından imtina etsə belə, Azərbaycan öz hərbi parkını başqa dövlətlər, o cümlədən qardaş Türkiyə, Pakistan və İsrailin hesabına da yüksək səviyyədə komplektləşdirə bilər.



Bu mövzuda söhbət etdiyimiz hərbi ekspert, polkovnik Üzeyir Cəfərov bildirdi ki, çox böyük ehtimalla Ermənistanın Rusiyaya “Azərbaycana silah satmayın” çağırışı elə çağırış olaraq da qalacaq: “Əvvəla, Rusiya imzaladığı müqavilələrə əməl etməyə borcludur. İkincisi, Azərbaycana silah satışından Rusiyanın büdcəsinə yüz milyonlarla manat vəsait daxil olur. Moskva indiki zamanda bundan imtina etməz”.

Ekspertin sözlərinə görə, Azərbaycan silahı təkcə Rusiyadan almır və bu məsələdə heç də Rusiyadan asılılıq yoxdur. Rusiya silahından daha müasir və keyfiyyətli silahların olduğu bazarlar var ki, Azərbaycan onlardan da silah alır: “Ölkəmiz əvvəlki illərə nisbətən son illər Rusiyadan aldığı silahların faiz dərəcəsini azaldıb. Azərbaycan silahlı qüvvələrinin arsenalı təkcə Rusiya silahı ilə deyil, İsrail, Türkiyə, Pakistan, Rumıniya, Ukrayna, Belarusiya, Cənubi Afrika Respublikası və digər ölkələrindən alınan silahlarla formalaşdırılır. Rusiya silah satmazsa, Azərbaycan bu ölkələrdən daha çox silah idxal etməklə məsələni həll edə bilər. Həmin ölkələrin, əsasən də İsrailin silahları Rusiya silahından daha keyfiyyətli və müasir üstünlüklərə malikdir.

O ki qaldı konkret olaraq hansı ölkədən daha çox silah almağımıza, bir çox ölkələr, o cümlədən Azərbaycan hökuməti hansı ölkədən nə qədər silah, hərbi texnika aldığı barədə məlumatları cəmiyyətə açıqlamır, mümkün qədər gizli saxlamağa çalışırlar. Bu məlumatlar BMT-yə təqdim olunur. BMT-nin siyahısı açıqlananda cəmiyyət müəyyən informasiya əldə edə bilir. Açıqlanan məlumatlarda Azərbaycanın daha çox Rusiyadan silah aldığı göstərilmişdi. Azərbaycan keçmiş SSRİ-yə daxil olmayan ölkələrdən daha çox İsraildən silah, hərbi texnika alır. Bu, çox müsbət haldır. Çünki İsrailin hərb-sənaye kompleksi çox inkişaf edib. Onların silahları, hərbi texnikaları dünyada böyük tələbata malik olan avadanlıqdır. İsraildən Azərbaycanın silah, hərbi texnika alması Azərbaycanın müdafiə və təhlükəsizliyi üçün çox mühüm əhəmiyyət daşıyır. 10 avtomat “Kalaşnikov” olmaqdansa, 5 avtomat “UZI”nin olması daha sərfəlidir. Yaxud da hansısa buraxılış tarixi artıq 10 illər öncəyə gedib çıxan raket kompleksinin əvəzinə, ən müasir raket qurğularının olması daha böyük üstünlükdür". musavat/